Azərbaycan və Türkiyə arasında münasibətlərin getdikcə daha da möhkəmlənməsi, əvvəldən gözlənildiyi kimi, Ermənistanda ciddi təşviş yaradıb. Bu, iyunun 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfəri fonunda özünü daha qabarıq göstərir. Hətta iş o yerə çatıb ki, Ermənistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda Ermənistan XİN yenə saxtakarlıq edərək, Şuşanı “erməni tarixi-mədəni irsi”nin mərkəzi, Türkiyə prezidentin ora səfərini regionda sülh və təhlükəsizliyə yönəlmiş təxribat adlandırıb. Nazirliyin bəyanatında Qarabağda olmayan erməni tarixi irsinin məhv edilməsi kimi absurd iddialar yenidən təkrarlanıb. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bu absurd yanaşmaya öz münasibətini bildirib: “Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil. Qeyd edilən açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.
Ermənistan XİN-ə, öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da məsələyə münasibəti olduqca maraqlıdır. O qeyd edir ki, əslində, Azərbaycan və Türkiyədən artıq ölkəsinə heç bir təhlükə gəlmir. Ermənistanın İctimai Televiziya kanalına müsahibəsində Şuşada imzalanan tarixi bəyannamədən sonra Ter-Petrosyan maraqlı açıqlamalar verib: “Sülh hökm sürür, Rusiya qoşunları mövcuddur, Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, amma biz zamanla həm İlham Əliyev, həm də Türkiyə ilə razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz”. Ter-Petrosyan həmçinin bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və heç kim onu qınamadı: “Bu dünyanın qanunu belədir. Bizi Qarabağın Azərbaycanın bir hissəsi olduğuna razılaşmağa məcbur edəcəklər. Artıq heç nə Ermənistandan asılı deyil, hər şey bitdi. Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”. O, ikinci prezident Robert Köçəryanın yeni müharibə bəyanatını isə təhlükəli hesab edib: “Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu yalnız müharibə halında mümkündür. Yəni Robert Köçəryan yeni müharibə vədini verir. Bütün dünya isə Qarabağı Azərbaycanın ərazisi hesab edir”.
Ermənistanın müxalifət təmsilçiləri isə 15 iyun tarixini Ermənistan tarixinə yazılacaq “qara gün” adlandırıb. Ölkənin eks-prezidenti Serj Sarkisyanın sədri olduğu Respublika partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov Türkiyə liderinin Azərbaycanın işğaldan azad etdiyi Şuşaya səfərini Ermənistanın məğlubiyyəti adlandırıb və buna görə Nikol Paşinyan hakimiyyətini tənqid atəşinə tutub: “15 iyun 2021-ci il gələcək tarix dərsliklərinə “milli utanc” günü kimi düşəcək. Niyə? Çünki türklər rəsmi olaraq Şuşaya getdi. Paşinyan isə Sünikə getdi”. “Armenianreport” portalı da yazır ki, Azərbaycan və Türkiyə indi müttəfiqlik münasibətlərini daha da gücləndirib və bu, Şuşa Bəyannaməsində də öz əksini tapıb. Qeyd edilir ki, bu şəraitdə Ermənistan daha zəif duruma düşəcək. O da vurğulanır ki, Azərbaycan və Türkiyə Qarabağda birgə bərpa işlərinə başlayıb və bu reallığı Ermənisranın da qəbul etməsini istəyirlər. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həqiqətən də bu xüsusda maraqlı fikirlər səsləndirib: “Təbii ki, bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən, digər tərəfdən də Qarabağın və Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik. Bizim də bu sahədə, inşallah, Mənzil İnşaat İdarəmizlə birlikdə burada bütün bölgədə planlaşdırdığımız addımlar var. Mənzil İnşaat İdarəmizlə buradakı aidiyyəti qurumla birlikdə çalışaraq bu addımları atacağıq. Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik. Türkiyə olaraq, biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik”.
İndi hesab ediilir ki, Ermənistan Azərbaycan və Türkiyənin iradəsini sonda qəbul etməli olacaq.
Samirə SƏFƏROVA