Dünya miqyasında yaşanan geosiyasi rəqabətdə yeni oyunçu kimi varlığını getdikcə daha çox nümayiş etdirən Çin Cənubi Qafqaza da xüsusi maraq göstərməyə başlayıb. Son dövrlər Pekinin Cənubi Qafqaza maraq və diqqəti artıb. Bu gün Cənubi Qafqaz Çinin qlobal nəqliyyat infrastrukturu və investisiyalar strategiyası çərçivəsində onun üçün maraq kəsb edir.
Bu fonda xatırladaq ki, Çinin "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyasının əsas dövlətlərindən biri də məhz Azərbaycandır. Pekinin hələ 2013-cü ildə elan etdiyi "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası, tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla, Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Avrasiyanın mərkəzində, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Maraqlıdır ki, Rusiya Çinin Qafqaza gəlişinə etiraz etmir. Proseslərin gedişindən narahat olan əsas tərəf ABŞ-dır. Rusiyanın “RİA Novosti” portalı yazır ki, Çin ABŞ-ı təkcə Cənubi Qafqazda yox, digər bölgələrdə də narahat edir: “ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Frenk Makkenzi bu yaxınlarda Yaxın Şərq turnesində demişdi: “Bizim gedişimizdən sonrakı vakuumu ruslarla çinlilər dolduracaq”. Vaşinqton diqqətini Şərqi Asiyaya yönəltmək fikrindədir. Bu, husilərlə mübarizədə Vaşinqtona ümid bağlayan səudilərin maraqlarına ziddir. Generalın fikrincə, Pekinin iqtisadi gücünün yayılması və regionda hərbi bazaların yaradılması üzrə məqsədləri uzunmüddətlidir. Rusiya isə havadan müdafiə sistemləri və digər silahlar satmağa hazırdır: “Tamamilə razıyam ki, Çin diqqətimizi cəlb etməli olduğumuz təhlükədir. Eyni zamanda, biz qlobal dövlətik və qlobal düşünməliyik”. General etiraf edib ki, səfəri zamanı yerlilər ondan tez-tez sual edirmişlər: Ştatlar partnyorluğa sadiq qalacaqlarmı və onun köməyinə ümid etmək olarmı?
Hərbçiləri, yəqin ki, bu yaxınlarda Çin XİN rəhbəri Van İnin Yaxın Şərq bölgəsinə səfəri narahat edib. Apreldə o, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İran və Türkiyəyə getmişdi. Orada Fələstin-İsrail münaqişəsi, Suriya, Liviya, Yəmən, Körfəz ölkələri arasındakı fikir ayrılıqları barədə danışmışdı. Nazir, hətta konkret təkliflər də vermişdi. Məsələn, qeyd etmişdi ki, Çin neft obyektlərinin və dəniz yollarının təhlükəsizliyinin təminatı mexanizmi barədə çoxtərəfli dialoq üçün meydança olmağa hazırdır. Bundan başqa, Van İn ərəb ölkələrinə ÇXR-in daxili işlərinə qarışmadığına və Sinsizyan-Uyğur muxtar vilayətində “antiterror tədbirləri”ni (Ağ Ev bunu müsəlman xalqlarının genosidi adlandırır) dəstəklədiklərinə görə təşəkkür edib. Tehranla 25 il müddətinə neft tədarükü barədə müqavilə imzaladılar. Detallarını bəlli etməsələr də, sənədin qaralamasının hələ ötən il sızdırılması sayəsində bəlli oldu ki, Çin İranın enerji və nəqliyyat infrastrukturuna 400 milyard dollar yatırım etməyə hazırdır.
Müşahidəçilər qeyd edir ki, Pekin Yaxın Şərq ölkələri ilə bağlı layihələri açıb-ağartmamağa çalışır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində müqavilələri digər regionlarda adətən canfəşanlıqla təqdim edirlər. Ancaq Yaxın Şərq ölkələri ilə qarşılıqlı fəaliyyət barədə sənədlərin əksəriyyəti tam olaraq nə çin, nə ingilis, nə də həmin ölkənin yerli dilində dərc olunur. Digər kəşflər sırasında üztanıma sistemini də hazırlayan, süni intellekti tədqiq edən Çinin “SenseTime” şirkətinə Əbu-Dabinin Milli Rifah Fondunun investisiyaları barədə də çox az bir şey məlumdur. Çinlilərlə bu sahədə əməkdaşlıq amerikalıları heç də sevindirmir, onlar Pekinin bölgədə “avtoritar alətlər”in yayılması ilə məşğul olmasından qorxur.
Yeri gəlmişkən, İran ÇXR-in regionda əsas partnyoru deyil. Səudiyyə Ərəbistanı və İraq neft tədarükündə, ticari dövriyyənin həcmində, birbaşa sərmayə yatırılması və silah alınmasında Tehranı geridə qoyur. Çin silahının Yaxın Şərqdə satışı, ABŞ qədər olmasa da, son illərdə nəzərəçarpacaq dərəcədə artıb.
Çinlilər artıq ənənəvi Amerika bazarlarına çıxıblar. Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin bölmə müdiri Vasili Kaşin deyir: “Səudiyyə Ərəbistanı Çin silahının nəhəng alıcısına çevrildi. İlk növbədə pilotsuz uçuş aparatları aldılar, orada hətta onu yığan zavod layihəsi də işə salındı. Məhdud sayda ballistik raketlərin tədarükü edildi. Artilleriya da, zirehli texnika da satırlar. Pekin regionun bir çox ölkələrinin əsas iqtisadi partnyoru olsa da və Cibutidə bazaya malik olsa da, hərbi planda ABŞ və Rusiya kimi rol oynamır.
Yaxın Şərqlə əməkdaşlıq etmək də Afrika ilə müqayisədə çinlilərə çətindir. Burada öz mövqelərini sərt müdafiə edə bilərlər. Hətta təcriddə olan İran da Pekin öhdəliklərini yerinə yetirməyəndə müqavilələri ləğv edirdi”. Çinin iqtisadi ekspansiyası amerikalıları cırnadır, ancaq onlar nəyisə dəyişmək gücündə deyillər. Rusiyanın Beynəlxalq işlər üzrə şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov deyir: “Bu reallıqda, transformasiyaya uğrayan regional və dünya düzənində hər kəs güzəştə getməli olur. Yaxın Şərq ölkələri Çini daha çox pozitiv məcrada qəbul edirlər. Orada anlayırlar ki, onillər boyu hegemon Amerika Birləşmiş Ştatları idi, bu, çoxlarının əl-ayağını bağlayırdı: xarici aktor öz siyasətini yürüdürdü, regiondakılar isə məcburən boyun əyirdilər. Qarşı gəlmək cəhdləri uğursuzluğa düçar idi. Bunun nümunəsi kimi İraqı göstərmək olar. Onun ordusu bölgədə ən böyük idi, amma ABŞ ölkəni xaosa sürüklədi”. Digər tərəfdən, Pentaqon nümayəndələrinin bəyanatlarını ciddi addımlara çağırışlar kimi nəzərdən keçirmək lazım deyil, üstəlik, amerikalılar Yaxın Şərqdə Rusiya ilə hələ ki, əməkdaşlıq edirlər. Perspektiv Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov qeyd edir: “Yaxın Şərqdə əvvəlki həcmdə mövcudluq Vaşinqtonu çətinə salırdı, ancaq Barak Obama ilə Donald Trampın bunu optimallaşdırmaq cəhdləri hərbçilərin müqaviməti ilə rastlaşırdı. Burada peşəkar-şəxsi nüans da var: mərkəzi komandanlıq ənənəvi olaraq ABŞ-ın ən iri hərbi əməliyyatlarının episentrində olurdu və onun rəhbərləri daxili liderliyi Sakit Okean komandanlığına verməyi istəməsə də, Çinin qarşısının alınması tədbirləri bunu məntiqi cəhətdən labüd edir. Buradan da Yaxın Şərqin əhəmiyyətinin strateji vacib Çin və Rusiya ilə qarşıdurma mövzusu prizmasından rəhbərliyə çatdırılması cəhdləri doğur”.
Reallıqda istər Moskvanın, istərsə də Pekinin “Amerika stilində” dominantlıq eləmək üçün nə ambisiyaları, nə də resursları var. Müasir dünyada bu heç gərək də deyil: yəni Amerika təcrübəsi göstərir ki, miqyaslı hərbi mövcudluq avtomatik olaraq xarici siyasi uğura çevrilmir”.
Nahid SALAYEV