İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminara başlanıb. Birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıblar.
Sonra Ə.İsmayılov tərəfindən media nünayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirə aparılıb. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ-hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən, yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.
Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında “Al Jazeera” və “Haber Global”ın mütəxəssisləri də var.
Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda başlanan və bir aya qədər davam edəcək seminarda iştirak edən media mütəxəssisləri bu barədə nə deyir, bu seminarın təşkilini necə dəyərləndirirlər?
Elçin Mirzəbəyli: “İlk günü kifayət qədər maraqlı keçdi və faydalı oldu”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, seminar elə başlanğıcdan faydalı oldu: “Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” silsilə seminarın ilk günü kifayət qədər maraqlı keçdi və faydalı oldu. Media adamları inkişafın sürət barometrləridir və hər gün yenilənməli və ətraflarını yeniləməlidirlər. Bu baxımdan, media mənsubları keçdikləri yoldan, qazandıqları təcrübədən asılı olmayaraq, bilik və bacarıqlarını dövrün tələblərinə, informasiya və kommunikasiya texnologiyalarının inkişaf dinamikasına uyğun olaraq daim artırmalı, təmsil etdikləri resursları və bütövlükdə isə Azərbaycan mediasını rəqabətədavamlı bir hala gətirməlidirlər.
Azərbaycan mediasında həyata keçirilən islahatlar bu sahədəki “bütün daşların yerinə otuzdurulmasına”, medianın möhkəm təməllər üzərindən inkişafına xidmət edir. Bu, solğun rənglərin bərpası deyil, rənglərə baxış bucağının dəyişməsi, modernləşməsidir”.
Anar Şükürov: “Seminarın mediamızın inkişafı üçün böyük səmərə verəcəyinə inanıram”
ATV-nin İnformasiya və İctimai-siyasi verilişlər Departamentinin direktoru Anar Şükürov da bizimlə söhbətində birgə seminarın ilk gündən səmərəli keçdiyini bildirdi. A.Şükürov qeyd etdi ki, bütün istiqamətlərdə bu seminarın əhəmiyyəti böyük olacaq: “Seminarın ilk günü çox maraqlı keçdi. Burada kifayət qədər həm fikir mübadiləsi oldu, həm dı maraqlı mövzular ətrafında müzakirələr aparıldı. Televiziya sahəsində 23 illik təcrübəm olsa da, yenə öyrənmək gözəl və faydalıdır. Qarşıdakı günlərdə daha maraqlı və faydalı müzakirələr olacaq. Xaricdən media təmsilçiləri də gələndən sonra onlarla da fikir mübadiləsi aparacağıq, onların da təcrübəsindən yararlanacağıq, onlar da bizim təcrübəmizdən yararlanar. Birgə seminarla bağlı ilkin təəsüratların çox zəngindir, bu seminarın mediamızın inkişafı üçün böyük səmərə verəcəyinə inanıram”.
A.Şükürov, öz növbəsində, seminarı təşkil etdiklərinə görə Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbərliyinə təşəkkürünü bildirdi.
Rəşad Məcid: “Seminarda hər bir mövzu ətrafında çox açıq, səmərəli müzakirələr aparıldı”
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də hesab edir ki, Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə seminarının bütün istiqamətdə faydası böyükdür. Baş redaktorun sözlərinə görə, seminarın sonuna qədər davamlı olaraq bu layihədə iştirak edəcək: “Bugünkü seminar mənə çox xoş təsir bağışladı. Seminarda həm Medianın İnkişafı Agentliyinin rəhbəri Ə.İsmayılovun media haqqında yeni qanunun müddəaları ilə bağlı fikirləri və o ətrafda keçirilən disskusiya çox maraqlı oldu. Baxmayaraq ki, biz bir dəfə də bu müzakirələrdə iştirak etmişdik, amma yenə də çox lazımlı və vacib idi. Eyni zamanda, ADA Universitetinin müəllimi Şəfəq xanımın məruzəsi də çox xoş təsir bağışladı. Şəfəq xanım uzun illər Azərbaycanda televiziyalarda işləyib, ABŞ-da media sahəsində çalışıb. Redaktorlarla çox maraqlı polemikalar oldu. Mən qərara gəldim ki, sonacan bu seminarda məmnuniyyətlə iştirak edim. Həftədə iki dəfə olacaq. Bu seminar çox vacib və lazımlıdır. Üstəlik də ADA-nın aurası, onun yerləşdiyi ərazi, mühit, həmkarların çay süfrəsi arxasında bir-birilə söhbətləri çox xoşdur. Bu çox lazımlı seminardır. Seminarda hər bir mövzu ətrafında çox açıq, səmərəli müzakirələr aparıldı. Əlbəttə, burada iştirak edənlər də Azərbaycan jurnalistikasının təcrübəli, peşəkar təmsilçiləridirlər. Hesab edirəm ki, onlarla da seminar təşkilatçılarının polemikası çox yaxşı alınırdı” - deyə R.Məcid qeyd etdi.
İradə SARIYEVA