12 iyun tarixində Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində dünyalarını dəyişməsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi mətbuat konfransına həsr edilmiş süjetlər yayımlanıb.
Səfirlikdən “Bakı-Xəbər”ə bildirildiyinə görə, proqram çərçivəsində səfir Elxan Poluxov dünya və Braziliya ictimaiyyətinə müraciət edərək, mülki insanların Azərbaycanın azad olunmuş ərazilərində erməni minalarının partlaması nəticəsində həlak olmalarını kədərlə qeyd edib və buna qəti etirazın bildirilməsinə dair çağırış edib. Həmçinin, jurnalist Fabiana Ceyhan səfirlik tərəfindən təşkil olunan press-konfransın mahiyyəti haqqında danışaraq, həyatını itirən Azərbaycanlı həmkarlarının ailələrinə baş sağlıqlı verib və yerindən, millətindən asılı olmayaraq, dünyada bütün jurnalistlərə peşə fəaliyyətlərinin yerinə yetirilməsinə şərait yaradılmasını tələb edib. Sonra Braziliyanın tanınmış jurnalisti Mali Silva və otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan Belarus Respublikasının Braziliyadakı Fəxri konsulu c-b Milton Atanazio baş vermiş faciə ilə bağlı fikirlərini bildirib, həmkarlarının müdafiəsinə qaldırılan səslərə qoşularaq, jurnalistlərin öldürülməsini faciə kimi qiymətləndirib və regionda sülhün bərqərar olunması, insanların sülh şəraitində yaşamasının təmin edilməsinə dair çağırışlar edib.