Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana səfər edəcək. Səfər zamanı o, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək, Şuşaya səfər edəcək və AVRO 2020 çərçivəsində Türkiyə-Uels oyununa baxacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib ki, Brüssel səfərindən sonra Bakıya gedərək İlham Əliyevin qonağı olacaq. Oradan Şuşaya gedəcək.
"İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi, Ermənistan başda olmaqla, bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarını açma şansı verib. İstəyimiz bu şansın əldən verilməməsi, regional sabitlik və sülh üçün ən yaxşı şəkildə dəyərləndirilməsidir. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik. Axşam saatlarında isə AVRO 2020 çərçivəsində Türkiyə-Uels oyununa baxacağam", - deyə Türkiyə lideri qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib. O, tvitter hesabında səfərinin məqsədinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən əvvəl hazırlıqlarla yerində tanış olmaq olduğunu bildirib:
“Şuşanı görməyən İkinci Qarabağ müharibəsinin nə qədər çətin, 44 günlük Zəfərin isə nə qədər böyük bir qəhrəmanlıq olduğunu anlaya bilməz”.
Bu səfərin xüsusi əhəmiyyəti ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun sözlərinə görə, olduqca strateji əhəmiyyət daşıyan səfər iki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq: “Son zamanlar yaşananların fonunda Prezident Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad olunmuş ərazilərə, Qarabağa səfəri böyük məna daşıyır. Bu səfər və gerçəkləşdiriləcək layihələr, imzalanacaq sənədlər, sazişlər, atılacaq növbəti birgə addımlar və veriləcək birgə bəyanatlar, mesajlar, heç şübhəsiz, çoxlarına dərs olacaq. Çünki verilən dərslərdən nəticə çıxarmamağın aqibətinin necə olduğunu 44 günlük savaş bir daha göstərdi. Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaradacaq. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Səfəri önəmli edən digər bir məqam da var. Prezident Ərdoğan Qarabağımıza, işğaldan azad olunmuş torpaqlarımıza, dünyanın mədəniyyət beşiyi Şuşamıza səfər edəcək ilk dövlət başçısı olacaq. Bu səfərdən, bu tarixi hadisədən türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxacaq”.
Məhəmmədəli QƏRİBLİ