“Ötən il noyabrın 10-da imzalanmış bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir”.
Bunu Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, 10 noyabr bəyanatı kommunikasiyaların açılmasını, sülhməramlı əməliyyatları təmin edir: “O, regionda gələcək əməkdaşlığa dair bəyanatdır. Ona görə də bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir. Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik. Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var”.
Bütün bunlar bir daha göstərir ki, 10 noyabir razılaşmasının statusunu kiçiltmək olmaz.
“Azərbaycan tərəfi qətiyyətli şəkildə bu məsələnin həllində israrlıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, 10 noyabr birgə bəyannaməsi təbii ki, təkcə atəşkəs müqaviləsi deyil: “Ölkə başçısının dəyərləndirməsi reallığı özündə əks etdirir. Burada təsbit olunan müddəalar əməkdaşlıq və təmasların qurulması üzrə bir sıra məsələləri əhatə edir. Ona görə də, müəyyən mənada, bunu barışıq sənədi də adlandırmaq olar. Ermənistan baş naziri Nikol Paşinyan bunu təkcə atəşkəs müqaviləsi kimi bilmir. Ermənistanda müəyyən dairələr, xüsusən də revanşistlər bunu atəşkəs müqaviləsi kimi qeyd edirlərsə, bu onların öz destruktiv siyasətindən irəli gəlir. Atəşkəs müqaviləsində kommunikasiyaların açılması qeyd edilmir. Burada bəndlər iki ölkə arasında münasibətlərin qurulmasını özündə ehtiva edir. Ona görə də Prezident İlham Əliyevin bu xüsusda qeydləri bəlli qüvvələrə mesajdır. Azərbaycan tərəfi qətiyyətli şəkildə bu məsələnin həllində israrlıdır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini diqqətlə həyata keçirir. Məhz Ermənistan da bu şərtlərə əməl etməlidir. Çünki şərtlərə əməl edilməsə, bu, növbəti müharibəyə gətirib çıxara bilər. Bu da Ermənistan üçün fəlakətdir. Düşünürəm ki, Ermənistanda N.Paşinyan hakimiyyətdə qalacaqsa, sənədlərə uyğun olaraq, əlaqələrin bərpasına töhfə verə bilər”.
Politoloq hesab edir ki, bir sıra məsələlər 20 iyun seçkilərindən sonra tam aydınlaşacaq.
Vidadi ORDAHALLI