Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi qarşılığında, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) bildirilib:
"Bu humanitar aksiyanın həyata keçirilməsində, Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək".
Qeyd edək ki, hakimiyyətin atdığı bu addımı təqdir edənlərlə yanaşı, tənqid edənlərə də rast gəlinir. Onların arqumenti bundan ibarətdir ki, ermənilər yanlış xəritələr verib bizi aldada bilər. Ancaq biz bunun müqabilində 15 canlı diversantı təhvil vermişik. Hakimiyyətin bu addımını təqdir edənlərin arqumentləri isə bundan ibarətdir ki, Qarabağ münaqişəsinin başa çatmasından keçən 7 aya yaxın vaxtda 150-yə yaxın mülkü və hərbi şəxsimiz ermənilərin basdırdığı minalara düşərək həlak olub və ya sağlamlığını itirib. İşğaldan azad olunmuş ərazilərimizə ermənilər o qədər mina basdırıb ki, bu ərazilərin hər kvadratmetrini təhlükə mənbəyi kimi qəbul etməliyik. Bildirilir ki, Prezident İlham Əliyevin qətiyyəti və pinsipallığı sayəsində Ağdam rayonunun minalanmış ərazilərinin xəritələri ölkəmizə verilib: “Ölkə başçımız bütün rəsmi və qeyri-rəsmi görüşlərdə məsələni önə çəkmiş və Ermənistanın bu məsələdə məcbur edilməsinə çağırışlar etmişdi. Bu, eyni zamanda diplomatiyamızın qələbəsidir. Siyasətçilərimiz və diplomatlarımız bütün səfərlərdə və mətbuatdakı çıxışlarında Ermənistanın minalanmış ərazilərin xəritələrini bizə verməməklə hərbi cinayətlərini münaqişəsiz dövüdə də davam etdirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Nəhayət ki, Ağdam rayonunun minalanmış ərazilərinin xəritələri verildi”.
Politoloq Yeganə Hacıyeva da hakimiyyətin bu addımını təqdir edir. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bugünlərdə Bakıda Birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtçyan Lüdvik və Xosrovyan Alyoşanın məhkəməsi başlayıb: “Paralel olaraq, bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə soxulmuş digər erməni təxribatçıları həbsdə saxlanılır. İstər birinci, istərsə də ikinci qrup həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbs edilib və məntiqi olaraq da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə mühakimə olunacaq. Erməni terroristlərinin həbsindən keçən bir neçə ay ərzində ABŞ, Fransa və bir sıra beynəlxalq təşkilatlardan terrorçuları azad etməyə çağrışlar səngimir. Onları hərbi əsir kimi təqdim etməklə bu mövzu ətrafında Azərbaycana təsir və təzyiq alətləri formalaşdırılmağa cəhdlər edilir. Azərbaycan 15 diversantla Ağdamın minalanmış ərazilərinin xəritəsinin mübadiləsinə razı oldu. Əlbəttə, terroristlərin qaytarılması Azərbaycan hökümətinin heç də məmnuniyyətlə etdiyi humanitar jest deyil. Çünki Azərbaycan həmin terroristləri mühakimə etməkdə maraqlıydı. Amma gəlin, bir də bu mübadiləyə nəticələrdə baxaq. 15 terroristi geri qaytarmaqla 97 min minanın xəritəsini əldə etdik və deməli, minlərlə insan ölümü və faciəsinin qarşısını aldıq. Ağdamın bərpası və yenidən qurulması işlərini illərə deyil, aylara qədər qısaltdıq. Minlərlə yaşlı köçkünə, ömrünün sonlarında da olsa, doğma yurd-yuvalarına qayıtma, doğmalarının qəbirlərini ziyarət etmə şansı tanıdıq. Planetin bütün böyük media qurumlarının diqqətinin cəmləşdiyi AVRO 2020 oyunlarında Azərbaycana qarşı qlobal kampaniyanın qarşısını aldıq. Kampaniya haqqında bir onu deyim ki, hələ indiyə kimi bu qədər geniş səviyyədə koalisiya müşahidə etməmişdik. İki gündür bu terroristlərin azad edilməsini alqışlayanların siyahısına diqqət yetirmək koalisiyanın miqyası haqqında aydın təsəvvür yaradır. Bütün bunlar sübut edir ki, Azərbaycanın əldə etdikləri verdiyindən daha çoxdur”.
Məhəmmədəli QƏRİBLİ