Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması və etimad mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb:
"Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə Azərbaycan tərəfindən saxlanılan 15 nəfər erməninin azadlığa buraxılması və Ermənistanın minalanmış ərazilər barədə məlumat təqdim etməsi üçün sıx koordinasiyada oynadığım rolla fəxr edirəm”.
Onun sözlərinə görə, Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır:
"Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü. İki qonşu ölkə arasında əldə olunan razılaşma bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərar olması ilə nəticələnəcək”.
Gürcüstanın bu məsələdə vasitəçiliyi və ciddi nəticə əldə etməsi maraqlı görünür. Çünki Qarabağ münaqişəsinin mövcud olduğu uzun illər ərzində bizimlə qonşu olan Gürcüstandan belə inadlı səyləri görməmişdik. Hazırda Qarabağda Rusiyanın təsir imkanları daha genişdir. Çox maraqlıdır ki, bu cür prinsipial məsələyə Rusiyanın vasitəçiliyilə deyil, məhz ABŞ-ın və Qərbin yaxın tərəfdaşı olan Gürcüstanın sayəsində nail olunub. Bu məsələdə Rusiyanın regiona təsirlərini zəiflətmək üçün Gürcüstana ABŞ və Qərbin ciddi dəstəyinin olması versiyasını nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstanın bu inamlı nə nəticəli addımını təqdir etməliyik: “Qeyd edim ki, Gürcüstan hər zaman Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə obyektiv mövqe tutub. Razıyam ki, bu məsələdə ciddi inadkarlıq nümayiş etdirdi. Bizim Gürcüstanla çox normal iqtisadi, siyasi münasibətlərimiz var. Ermənistanla da onların münasibəti yaxşıdır. Yəni faktiki olaraq, hər iki ölkənin Gürcüstanın səmimilyinə inamı var. Gürcüstan separatizmdən zəiyyət çəkir. Bunun də başlıca səbəbini Rusiyada görür. Hətta elə vəziyyət yarandı ki, Rusiya Gürcüstana müharibə elan etdi. Buna görə də, Rusiyanın yenidən Cənubi Qafqaza nüfuz etməsini Gürcüstan ciddi narahatlıqla qarşılayır. Bu addım, eyni zamanda, Qafqazdakı etimadı möhkəmləndirir. Sübut olundu ki, üç Qafqaz ölkəsi Rusiyanın barmağı olmadan da öz aralarında anlaşa bilər. Mənə elə gəlir ki, Gürcüstan bundan sonra da səylərini davam etdirəcək. Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində atdığı addımlarda uğur qazanacaq. Hələlik bunun bir hissəsinə nail olunub. Təbiidir ki, ABŞ və Qərb bu məsələdə Gürcüstanı dəstəkləyir. Ancaq ölkənin öz reputasiyası və imkanları da bu vasiytəçiliyə imkan verir. Heç kim Gürcüstana bu məsələdə irad bildirə bilməz. Hesab edirəm ki, bölgə dövlətinin bu cür vasitəçiliyi həm bizim, həm də Ermənistan üçün məqbul variantdı. Ola bilər ki, Rusiya bu addımı qısqanır, Qərb isə təqdir edir. Bunun məsələyə heç bir aidiyyəti yoxdur”.
Məhəmmədəli QƏRİBLİ