Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Berd şəhərində erməni seçicilərin qarşısındakı çıxışı zamanı işğal olunmuş anklavlar haqda mübahisəli ərazi probleminin həlli variantını təklif edib.
Paşinyan hesab edir ki, Ermənistan və Azərbaycan razılığa gələ və anklavları dəyişdirə bilər, yəni ərazi vəziyyətini 1992-ci ildə yarandığı kimi saxlaya bilər.
Məlumat üçün qeyd edək ki, 1992-ci ildə Azərbaycan ordusunun tutduğu və Gədəbəy rayonunun ərazisi ilə əhatə olunmuş Başkənd erməni yaşayış məntəqəsi 40 kvadratkilometr ərazini əhatə edir. Ermənistan ordusu həmin dövrdə Azərbaycanın Qazax rayonuna məxsus yeddi anklav kəndi və Naxçıvan Muxtar Respublikasına aid bir kəndi (Kərki) işğal edib.
Yuxarı Əskipara - 8,6, Aşağı Əskipara - 9,1, Bağanıs Ayrım – 40, Barxudarlı - 10,1, Sofulu-22, Qızıl Hacılı -11, Xeyrimli - 4,1, Kərki - 19,2 kvadratkilometrdir. Bir sözlə, Qazax rayonunun işğal olunmuş yeddi kəndinin və Naxçıvan Muxtar Respublikasının bir kəndinin ümumi ərazisi 124 kvadratkilometr təşkil edir ki, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur.
Paşinyanın bu cür ərazi mübadiləsi təklifinin nə dərəcədə siyasi və mənəvi əsası var? Məgər biz üç dəfə böyük ərazini güzəşt etməliyik?
“Paşinyan ya özünü axmaq yerinə qoyur, ya da bizi o yerə qoymaq istəyir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Paşinyanın məlum təklifi obyektivlikdən tamamilə uzaqdır: “Paşinyan özünü ağıllı hesab edir. Sanki qarşı tərəf bunun ədalətsiz olmasının fərqində deyil. Paşinyan Azərbaycana qeyri-bərabər mübadilə təklif edir ki, bu da, faktiki olaraq, məqbul ola bilməz. Məqbul olmadığı üçün də Azərbaycan tərəfindən qəbul oluna bilməz. Hansı əsasla biz bir kəndin müqabilində 8 kəndi güzəştə getməliyik? Paşinyan şüurlu şəkildə bu cür mübadilə təklif edir ki, işğal altında saxladığı kəndləri geri qaytarmasın. O yaxşı bilir ki, Azərbaycan heç vaxt bu cür ədalətsiz ərazi mübadiləsi ilə razılaşmayacaq. Çünki ortada ciddi qeyri-bərabərlik var. Ən yaxşı halda, bir kəndin müqabilində bir kənd mübadilə oluna bilər. Paşinyan ya özünü axmaq yerinə qoyur, ya da bizi o yerə qoymaq istəyir. O üzdən, heç vaxt o cür mübadiləyə getmək olmaz. Ermənistan kommunikasiya xətlərinin açılmasını istəyirsə, o zaman, ən azından, Qazax rayonunun 7 kəndinin işğaldan azad olunmasına getməlidir. Qazax-İcevan dəmir yolu Barxudarlı kəndindən keçir. Başqa bir tərəfdən, Paşinyanın belə qeyri-məqbul təkliflə çıxış etməsi həm də 20 iyun seçkilərinə hesablanmış bir siyasi gedişdir. O, bu cür maksimalist və qeyri-məqbul təklif irəli sürməklə seçicilərin rəğbətini qazanmaq istəyir. Ancaq unudur ki, erməni cəmiyyəti bu cür variantın Azərbaycan üçün qəbuledilməz olmasının fərqindədir”.
Partiya funksioneri hesab edir ki, heç vaxt bu cür ədalətsiz mübadilə variantına getmək olmaz.
Vidadi ORDAHALLI