“Biz bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət etdik”. Bunu Prezident İlham Əliyev Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, təkcə BMT yox, digər beynəlxalq təşkilatlar da Azərbaycanın ədalətli mövqeyinə dəstək oldular: “Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onların tələblərinə əməl etmədi və torpaqlarımızı, demək olar ki, 30 il ərzində işğal altında saxladı, beynəlxalq hüququ kobudcasına pozdu, erməni qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini kobudcasına pozdu. Bu qətnamələr 27 il ərzində hər hansı bir irəliləyiş olmadan kağız üzərində qaldı. Odur ki, Azərbaycan bu qətnamələri özü icra etdi, ərazi bütövlüyünü bərpa etdi və bu ədalətsizliyə son qoydu. Təkcə BMT-nin Təhlükəsizlik Şurası yox, həmçinin, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər təşkilatlar Azərbaycanın Ermənistanla münaqişə ilə bağlı ədalətli mövqeyinə dəstək oldu və bu, məsələnin həlli üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Beləliklə, biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik, biz bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət etdik və 44 günlük müharibə zamanı biz məhz bunu da etdik”.
Göründüyü kimi, Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa söykənərək əraziləri işğaldan azad etdi. Bir sıra beynəlxalq qurumların qərarları bu məsələdə hüquqi baza rolunu oynadı.
“Hərbi əməliyyatlar zamanı bizim üçün çox mühüm hüquqi-normativ baza yaratdı”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, cənab Prezident məlum görüşdə olduqca əhəmiyyətli məqamlara toxundu: “Bu tezislərin əsas mahiyyəti ondan ibarət idi ki, Qarabağ torpağı əzəli, hüquqi Azərbaycan əraziləridir. Bu reallığı beynəlxalq hüququn subyektləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlar da bu cür təsdiqləyiblər. Bu baxımdan da beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yəni bizim mövqeyimizi müdafiə edir. Bəzi hallarda, məlum olduğu kimi, BMT və digər qurumların qəbul etdiyi sənədlər havadan asılı vəziyyətdə qalırdı. Onlar bir kağız parçası səviyyəsinə endirilmişdi. Ancaq həmin sənədlər bir gün bizə lazım gələcəkdi. O baxımdan Vətən müharibəsi dövründə həmin sənədlər hüquqi baxımdan bizim karımıza gəldi. Hərbi əməliyyatlar zamanı bizim üçün çox mühüm hüquqi-normativ baza yaratdı. Bu o deməkdir ki, beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan torpağıdır. Beynəlxalq hüquq və onun bütün subyektləri sözügedən əraziləri məhz belə tanıyır. Ermənistan uzun illər beynəlxalq hüquqa məhəl qoymurdu. Vətən müharibəsində biz ərazilərimizi güc yolu ilə azad edərək, Ermənistanı buna məcbur etdik. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz və xalqımız bu qələbəni təmin etdi”.
Millət vəkili onu da qeyd etdi ki, müharibədən sonrakı dövrdə də Azərbaycan beynəlxalq hüquqa söykənir.
Vidadi ORDAHALLI