Uyğur türklərinin problemini uzun illərdir görməzdən gələn dünyanın artıq gözləri açılmağa başlayıb. Bir müddət əvvəl bu məsələyə görə Çinə sanksiyalar tətbiq ediləcəyi açıqlanmışdı. İndi isə G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış ediblər.
“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar.
Bu barədə “Karbis-Bey şəhərində Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Kanadanın, ABŞ-ın, Fransanın və Yaponiyanın qeyri-formal birliyinin üçgünlük sammitinin nəticəsinə görə əldə olunan razılaşmanın nəticəsinə istinadən “Reuters” agentliyi bildirib.
“Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik”, - sənədin layihəsində deyilir. “Yeddilik” ölkələri liderlərinin birgə bəyanatında belə frazadan ilk dəfə istifadə olunur.
G7 ölkələrinin liderləri Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər. “Biz Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən narahatıq, həmçinin, status-kvonu istənilən formada birtərəfli dəyişdirmək və gərginliyi gücləndirmək cəhdlərinə qarşı çıxırıq”, - sənəddə deyilir.
G7 ölkələri rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin, Honkonqun muxtariyyətinə hörmət etməyə çağırıblar.
G7 ölkələri, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında yeni koronavirusun mənşəyi ilə bağlı ikinci araşdırmasının aparılmasına çağırıblar.
G7 Paris razılaşması çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin illik maliyyələşdirilməsini 100 milyard dollara qədər artırmaq niyyətindədir.
Dünyada nə baş verdi ki, uyğur türkləri ilə bağlı adıçəkilən dövlətlər Çinə çağırış etdilər?
“Uyğurların özlərinin apardıqları, eyni zamanda, onlara rəğbəti ilə seçilən dünyadakı müxtəlif fəalların həyata keçirdikləri kampaniya...”
Daim uyğur türklərinin problemlərini diqqətdə saxlayan siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, əslinə qalanda heç nə dəyişməyib, ABŞ başda olmaqla, bir sıra Qərb ölkələri Çində uyğurların məsələsinə çox həssas yanaşırlar. “Özü də bu indi deyil, illərdir bu məsələdə həssaslıq nümayiş etdirilir. Sadəcə olaraq son illər ərzində Çin uyğurlara tətbiq etdiyi zülmü o qədər artırıb ki, dünya məcbur qalıb Çinin üzərinə gedir. Yəni təsəvvür edin ki, azı 20 milyonluq bir əhali kəsimidir və bunlar uyğurlardır, qazaxlardır və digər türk xalqlarıdır. Bu 20 milyonun ən azı bir, bəzi rəqəmlərə görə isə üç milyonu xüsusi düşərgələrdə saxlanılır. Özəlliklə də kişilər. Təəssüflər olsun ki, onların həmin düşərgələrdə tibbi xidmətlə təmin edilməsi sıfır dərəcəsindədir. Yəni Çin dövləti onları tibbi məsələlərdə taleyin öhtəsinə buraxıb. Eyni zamanda da onları düşərgələrdə tutur və onların qul əməyindən istifadə edir”.
A.Həsrət təəssüflə qeyd etdi ki, qul əməyindən istifadə edənlər arasında Qərb ölkələrinin aparıcı, çox nəhəng şirkətləri də var. “Yəni onlar Çində ucuz işçi qüvvəsinə görə gəlib orada öz müəssisələrini açıblar, həmin müəssisələrdə də uyğurlardan istifadə edirlər. Əlbəttə, uyğurların özlərinin apardıqları, eyni zamanda, onlara rəğbəti ilə seçilən dünyadakı müxtəlif fəalların həyata keçirdikləri kampaniya ABŞ başda olmaqla, Qərb dövlətlərini fakt qarşısında qoyaraq gətirib buna çıxarmalı idi. ABŞ, yaxud da G7 dövlətləri əvvəllər də Çinin əməllərinə sərt reaksiya verirdilər, amma bu, epizodik idi. İndi isə, xüsusən də son vaxtlar bu, artıq sistemli xarakter alıb, Çin dövləti ilə münasibətlərə ciddi təsir edir, eyni zamanda, Çindən ucuz işçi qüvvəsindən istifadə edən şirkətlərə də ciddi təsir göstərir. Artıq ABŞ, Kanada, hətta bir sıra Qərb ölkələri Çində uyğurlara tətbiq edilən zülmü soyqırım kimi tanıyırlar. Yəni Çin dövləti bu zamanda öz əhalisinin bir kəsiminə soyqırım tətbiq edir və bu soyqırımı da dünya dövlətlərinin ən öndə gedənləri tanıyırlar. Təbii ki, bu proses burada dayanmayacaq, ABŞ başda olmaqla, dünyanın mütərəqqi kəsimi Çinin bu zülmünə nəhayət ki, sona qədər dur deyə biləcək” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA