Aparılan müşahidələr göstərir ki, Ermənistanda parlament seçkiləri qabağı siyasi vəziyyət daha da gərginləşir. Bu haqda danışmazdan öncə qeyd edək ki, seçkilərdə 25 siyasi qüvvə – 21 partiya və dörd blok iştirak edir. İyunun 11-i səhər saatlarından etibarən Ermənistanda seçkilərdə elektron səsvermə başlayıb. Əsas səsvermə isə iyunun 20-də olacaq.
Növbədənkənar parlament seçkilərində mübarizənin əsasən Nikol Paşinyan və Robert Köçəryanın başçılıq etdiyi seçki blokları arasında gedəcəyi gözlənilir. Bu fonda tərəflərin bir-birinə qarşı ittihamlarının daha da sərtləşməsi qeydə alınır. Belə bir vaxtda Ermənistan Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan Mərkəzi Seçki Komissiyasına Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş müqaviləsi" partiyasını parlament seçkilərində qeydiyyatdan məhrum etmək üçün məhkəməyə müraciət etməyi təklif edib. Zöhrabyan Paşinyanı seçki kampaniyası dövründə zorakılığa çağırış etməkdə günahlandırıb. Mərkəzi Seçki Komissiyasının son iclasında o, həmtəsisçisi olduğu "Zartonk" ("Oyanış") partiyasının adından bu təklifi edib: "Paşinyanın nifrət ritorikasına və zorakılığa çağırışına görə azad seçkilərin keçirilməsi təmin edilmir". Zöhrabyan izahat vermək üçün Paşinyanı MSK-nın iclasına çağırmağı təklif edib. MSK-nın nümayəndələri isə onun ritorikasını cinayətkarları məsuliyyətə cəlb etmək vədi kimi qiymətləndirmək lazım olduğunu bildirir. “Daşnaksütyun” partiyasının “Ermənistan” blokundakı təmsilçisi İşxan Saqatelyan da bu fonda bildirir ki, alkoqolik erməni xalqının kollektiv imici ola bilməz. Onun sözlərinə görə, Nikol Paşinyanın açıqlamalarına münasibət bildirməməyə qərar verib, lakin bir bəyanatı istisna edəcək: “Bu adam davamlı olaraq insanlar arasında düşmənçilik aşılayır. Onun xəyanətinə ortaq olmamağa çalışan insanlara müharibə elan edib. Artıq dini elitaya da qarşı olacağını bildirib. Dəli xaini əllərini kilsədən, ruhanilərdən, milli dəyərlərdən uzaq tutmağa, hər şeyə zibil atmamağa çağırırıq. Xalqın adından danışır. Sərxoş halda çəmənlikdə uzanıb içki şüşəsini qucaqlamağın xalqın kollektiv obrazı olduğunu düşünür. Bu doğru deyil. Erməni xalqının kollektiv obrazı çalışqan, yaradıcı insandır. Küçə sərxoşu xalqın kollektiv obrazı ola bilməz”. Sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan isə qeyd edir ki, Paşinyan hələ siyasi karyerasının əvvəlindən, yəni 2008-ci ildən cəmiyyəti vətəndaş müharibəsinə sürükləyib: “Nikol bir erməninin qanını digər erməninin əli ilə tökməyi planlaşdırır. Vətəndaş müharibəsi əyalət füreri üçün hakimiyyətdə qalmağa kömək edən yeganə vasitədir. Mark Tulliy Siseron məktublarından birində yazırdı ki, bütün pisliklərin zirvəsi vətəndaş müharibəsindəki qələbədir. Əldə edilən videolarda da Nikolun cəmiyyəti məqsədyönlü şəkildə vətəndaş müharibəsinə sürüklədiyi sübuta yetirilir. Onun üçün koronavirusdan və müharibədən ölənlər kifayət deyil. O, bir erməninin əli ilə digər erməninin qanını axıtmağa çalışır. Onun son ümidi şiddət, vətəndaş müharibəsi qorxusu və təşkilatlanmamağımızdır. Amma alınmayacaq”. Bu ittihamlara cavab olaraq, Nikol Paşinyan rəqiblərini təhdid edib: “Bu gün seçici “qarışıqlığı” ilə məşğul olanların gələcəyi yoxdur. Hər kəsə xəbərdarlıq edirəm”. Paşinyan respublikada elit təbəqənin xalqa qarşı sinfi mübarizəsinin getdiyini bəyan edib: “Bu seçkilər elita ilə xalqın arasındakı savaşdır. Müharibə ilə müharibədən sonrakı vəziyyətin yalnız bəhanə olduğu aydındır. Bu, sinfi mübarizəyə çevrilib. Elitanın xalqa və vətəndaşa, öz xalqına qarşı müharibəsinə çevrilib. Onlar mənə qarşı mübarizə aparırlar, çünki mənim oğlum da sizin oğullarınız kimi pivə satır. Mənim oğlum özünü başqa insanların oğularından üstün saymır. Bu isə onların qurduqları piramidanı yerlə bir edir. Çünki onların oğulları hamıdan yuxarıda olmalı, milyonlar qazanmalıdır. Deməli, Ermənistanda dinc, polad kimi möhkəm xalq inqilabı start götürüb”.
Paşinyan qeyd edib ki, rəqiblərindən Robert Köçəryan keçmiş yerlilərinin səsini almaq üçün bütün vasitələrdən istifadə edir. Həqiqətən də Köçəryan ermənilərə reallaşması mümkün olmayan vədlər verir. Belə ki, on il Ermənistana prezidentlik etmiş Köçəryan öz soydaşlarının səsini pulla almağa çalışır. Sünik və Qeqarkunik vilayətlərində seçicilərin səslərini almaq üçün sakinlərə pul və gündəlik tələbat malları paylayırlar. Qarabağda Azərbaycan vətəndaşı olan ermənilər isə Ermənistan seçicisi kimi qeydiyyata alınır. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidəki Azərbaycanın erməni vətəndaşları Gorusa aparılır. Orada onları Ermənistan seçicisi kimi qeydiyyata alırlar. Bu yolla Robert Köçəryana “qarabağlı” erməni seçici toplanır. Bundan başqa, işğal dövründə Qarabağda yaşayan ermənilərin demək olar hamısı Ermənistan vətəndaşı pasportunu alıb. Bu da onlara seçkidə Köçəryanın tərəfindən iştirak etməyə şərait yaradacaq. Beləliklə, Robert Köçəryan hakimiyyəti ələ keçirmək məqsədilə qanunsuz yolla əldə etdiyi pulları və Qarabağdan yaşayan erməniləri yenə dövriyyəyə buraxıb. Bu da ona qarşı Paşinyanın daha sərt addımlar atmasına şərait yaradır.
Nahid SALAYEV