Ermənistan nə gündədirsə, Müşfiq Şahverdiyevin qeyri-ciddi bir videosunu böyük fakta çevirib...

“Ermənilərin adi bir komedik səhnə təqdimatından da olay çıxarmalarının məqsədi...”

img

Saxtakarlıqlardan “həqiqət düzəltməyə” adət etmiş ermənilər hər zaman öz xarakterlərinə uyğun davranırlar. Tarixi başdan-başa saxtakarlıqla dolu olan bir toplum yumor səhnəcəyindən də hürküb ağılsız hərəkətlərə yol verir.

Azərbaycanlı aktyor Müşviq Şahverdiyev tərəfindən yumor məqsədilə çəkilən videonu Ermənistan beynəlxalq aləmdə bizə qarşı istifadə edir. Belə ki, Ermənistan tərəfi bu videonu rəsmi qaydada müxtəlif beynəlxalq təşkilatlara göndərib ki, Azərbaycan “əsir götürülmüş” erməni əsgərlərinə işgəncə verir.

Ermənilərin bir şit yumor səhnəsini bu qədər şişirdərək onu dünyaya “həqiqət” kimi çatdırırlar, onlara inananların da hansı səviyyədə olduğunu demək elə də çətin deyil. Reallıqla saxtakarlığın sərhədlərini çoxdan itirən ermənilər hansısa bir bayağı yumor səhnəsindən bizə qarşı istifadə edirlər. Halbuki, Azərbaycan əsgərini işgəncə ilə öldürən, od vurub yandıran, sonra isə onu videoya çəkib sosial şəbəkələrdə yayan ermənilər olublar, Azərbaycanda isə heç bir erməni əsgərinə işgəncə verilməyib.

  • “Dəmir yumruğun nəticəsində beyinləri elə zədələnib ki, kiçik bir yumor səhnəsini “həqiqət” kimi...”

“Müasir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü bizimlə söhbətində bildirdi ki, Ermənistanın və ermənilərin hazırkı durumu tragikomediyaya bənzəyir, bu ölkədə bir tragikomik mənzərə var. “Ermənistanın və ermənilərin vəziyyəti tragikomikdir. Bu ölkənin, bu toplumun başına dəmir yumruq dəyib, hazırda o  zərbədən çox güclü sarsıntı keçirirlər, başları gicəllənir, müvazinətlərini itiriblər. Dəmir yumruğun nəticəsində beyinləri elə zədələnib ki, kiçik bir yumor səhnəsini “həqiqət” kimi qələmə verib, özlərinə beynəlxalq aləmdən hansısa dəstək əldə etmək istəyirlər. Bununla ermənilər özlərinin hansı səviyyədə, hansı düşüncədə olduqlarını bir daha sübut etdilər. Bu toplum həqiqətin nə olduğunu bilmir, o qədər yalanı “həqiqət” kimi təqdim ediblər ki, indi də dayana bilmirlər”.

Gah sərhəddə təxribat törətməklə, gah da başqa əməllərlə dünyanın diqqətini cəlb etmək istəyən ermənilərin bu hərəkətləri heç cür anlaşılmır: “Suda boğulan saman çöpündən yapışdığı kimi, ermənilər də hər bir məsələyə əl atırlar ki, müharibədəki məğlubiyyətlərini necəsə kompensasiya etsinlər. Amma hesab edirəm ki, bütün bunlar əbəsdir, indən sonra onların yalnız bir yolu var, Türkiyə və Azərbaycanla konstruktiv münasibət qurmaq. Qalan məsələlər hamısı onların əleyhinə işləyir və işləyəcək də. Ona görə də ermənilərin adi bir komedik səhnə təqdimatından da olay çıxarmaqlarının da məqsədi aydındır”.

M.Göyüşlü hesab edir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq əvəzinə, başqa ölkələrə, Fransaya, ABŞ-a, Rusiyaya əl açıb onlardan kömək istəyir, bu isə nəticəsiz olacaq, hazırda da nəticəsizdir”.  

İradə SARIYEVA

Son xəbərlər