Ərdoğan Azərbaycanla əhatəli saziş deyəndə nəyi nəzərdə tutdu - özü də Şuşada...

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya reallaşacaq səfərilə bağlı anons verib: “İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq. NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə NATO-da ilk 5-likdə yer alan bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanımız olacaq. Bu görüşlərdən sonra Azərbaycana gedəcəyik. Səfər çərçivəsində Füzuliyə gedəcəyik. Daha sonra İlham Əliyev qardaşımla Şuşada görüşüb müqavilə imzalayacağıq. Bu, Türkiyə ilə Azərbaycan arasında əhatəli müqavilə olacaq. Azərbaycandan sonra da Antalyada Cənub Şərqi Avropa ölkələri liderlərinin zirvə toplantısına qatılacağıq”.

Ərdoğanın Şuşada Azərbaycanla imzalayacağı əhatəli müqavilə özündə nələri ehtiva edə bilər?

“Hərtərəfli sazişdə hərbi, iqtisadi, mədəni əlaqələri inkişaf etdirəcək bütün məqamlar öz əksini tapacaq”

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ərdoğanın Şuşaya səfəri çərçivəsində Füzuliyə də baş çəkəcəyini deməsi maraqlı məqamdır: “Məlumdur ki, həmin rayonda beynəlxalq hava limanının tikintisi sürətlə gedir. Ərazi Zəngəzura yaxındır. Ehtimal var ki, inşa ediləcək hava limanından Türkiyə də istifadə edəcək. Bu da Türkiyənin bölgədəki mövcudluğunu artıran amilə çevriləcək. Ərdoğanın dediyi saziş özündə bütün sahələri əhatə edəcək. Orada Türkiyə-Azərbaycan münasibətlərini daha da irəliyə aparacaq bir sıra qərarların qəbul edilməsi ilə bağlı, hərbi əməkdaşlıqdan tutmuş siyasi dəstəyin göstərilməsi, kommunikasiya əlaqələrinin açılması istiqamətində fəaliyyət olmaqla müxtəlif istiqamətlərdə anonsların verilməsi gözlənilir. Bu istiqamətdə bəyanatlar səsləndiriləcək. Şuşada səsləndirilə biləcək mövzulardan biri də Ermənistanla Azərbaycan arasında kommunikasiya əlaqələrinin və Laçın dəhlizinin açılması ilə bağlı fikirlər ola bilər. Üstəlik, son dövrlər Ermənistan tərəfindən dəhlizin açılmayacağı ilə bağlı ritorikanın genişləndirilməsi, xüsusilə Nikol Paşinyanın Avropaya, Fransaya səfəri zamanı heç bir dəhlizin açılmayacağı ilə bağlı sərsəm bəyanat səsləndirməsi fonunda Azərbaycan və Türkiyə prezidentləri bu məsələlərin üzərində xüsusi vurğu qoyacaqlar. Bu dəhlizin açılması istiqamətində əməli addımlarla bağlı ilkin məlumatlar veriləcək. Həmin görüş zamanı səsləndirilə biləcək fikirlərdən biri də Qarabağda yenidənqurma və quruculuq işlərində dost, müttəfiq dövlətlərə aid şirkətlərin fəaliyyəti ilə bağlı müzakirələr olacaq. Bunlar onu deməyə əsas verəcək ki, Azərbaycanla, Türkiyə ilə, ümumiyyətlə bölgədə sülh münasibətləri qurmaq, bölgədə stabillik, xüsusilə davamlı sülh prosesinə töhfə vermək istəyən və bugünə qədər bu istiqamətdə fəaliyyət göstərən dövlətlərin hamısı region üçün müttəfiq, dost kimi qəbul ediləcək. Azərbaycan həmin dövlətlərə aid şirkətlərlə işləyə biləcəyi anonsunu təqdim edəcək. Hesab edirəm ki, hərtərəfli sazişdə hərbi, iqisadi, mədəni əlaqələri inkişaf etdirəcək bütün məqamlar öz əksini tapacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər