Fransanın Frankofoniya Mərkəzinin Xankəndidə filial açması separatizmin həyasız havadarlığıdır…

Qabil Hüseynli: “Bu qədər açıq qərəz nümayiş etdirən ölkə həmsədr ola bilməz”

img

Xankəndidə Pol Elüar adına Frankofoniya Mərkəzi (Paul Eluard Francophone Center) açılacaq. Bu barədə Ermənistan mediası məlumat yayıb. "Hayastan" Ümumerməni Fondunun verdiyi məlumata görə, "mərkəz fransızdilli qarabağlı erməniləri birləşdirərək, şəhərin inkişafı üçün təhsil, kommersiya və innovasiya platforması olacaq".

Ermənilər bu mərkəzi "Qarabağlı ermənilərin yaşamına dövlət səviyyəsində ilk xarici sərmayə" kimi qələmə verir. 810 kvadratmetrlik sahəyə malik mərkəzin inşasını Fransadakı Pol Elüar Fondu və "Hayastan" birgə maliyyələşdirib. İnşa işlərini Ermənistandakı "Portal" memarlıq studiyası gerçəkləşdirib.

Pol Elüar Fondunun Azərbaycan ərazisində, Azərbaycanın müvafiq rəsmi qurumlarının icazəsi olmadan, Bakı ilə heç bir razılaşdırma aparmadan belə davranışı separatizmi aşkar dəstəkləmək, Azərbaycan qanunvericiliyi ilə beynəlxalq qanunları kobud şəkildə pozmaqdır.

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa Azərbaycana qarşı açıq düşmənçilik edir. Onun sözlərinə görə, prezident Emmanuel Makron bundan bir müddət əvvəl  Azərbaycanı Ermənistan torpaqlarını işğalda günahlandırmışdı: “Bu da azmış kimi, ermənilərə dəstək mesajı verməsi iki ölkə arasındakı onsuz da soyuq münasibətləri daha da gərginləşdirdi. Torpaqlarının 20 faizi ermənilər tərəfindən uzun müddət işğalda saxlanılan bir ölkənin “işğalçı” adlandırılması Fransanın ədalət anlayışının və beynəlxalq hüquqa yanaşmasının göstəricisdir. Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi, görünür, Ermənistandan çox, onun havadarlarını “narahat edir”. Bu narahatlıq o həddədir ki, Fransa prezidenti açıq-aşkar öz rəsmi hesabından Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsini Ermənistan torpaqlarının işğalı adlandırır. Fransa prezidenti öz paylaşımı ilə Fransanın tərəfli və qərəzli mövqeyini açıq-aşkar etiraf etmiş oldu. İndi də həmin ölkənin hansısa təşkilatı Azərbaycanın icazəsi olmadan Xankəndidə mərkəz açır. Həmin mərkəzin də gülməli təyinatı var, guya Qarabağda yaşayan fransızdilli ermənilərlə məşğul olacaq. Qarabağda bir ovuc erməni qalıb, hardadı orada fransızdilli ermənilər? Bu təqdimatdan saxtalıq aydın görünür. Fransa həmin adla Qarabağda separatizmi dəstəkləyir.

Azərbaycan Fransaya qarşı ciddi mövqe ortaya qoymalıdır. Bir ölkənin Senatı, Xarici İşlər Nazirliyi və prezidentinin ard-arda Ermənistanla bağlı belə mövqe ortaya qoyması gözardı edilə bilməz. Rəsmi Bakı Fransanın ATƏT-in Minsk Qrupuna həmsədr olmasına etiraz etməlidir. Onsuz da ortada həll edilməli bir münaqişə daha yoxdur. Bəzi kiçik nüanslar qalıb. Lakin bu qədər açıq qərəz nümayiş etdirən ölkə həmsədr ola bilməz. Fransanın ölkəmizdə fəaliyyət göstərən səfiri ən qısa müddətdə XİN-ə çağırılmalı və bu addımlara görə ondan izahat istənməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər