Ermənistanda 20 iyun seçkiləri yaxınlaşdıqca, ölkədə ictimai-siyasi gərginlik artır. Diqqəti cəlb edən məqamlardan biri də son günlər revanşistlərin reytinqinin artmasıdır.
Məsələ ondadır ki, “Gallup”un mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası respondentlərin 33,1 faiz səsini toplamışdı, Köçəryan isə dördüncü yerdə idi. Mayın son günlərində “Mənim addımım” partiyasının səsi 22,9 faizə düşüb, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi 17,5 faizə yüksəlib. Son sorğuda Paşinyan yerində sayır (22,9 faiz), Köçəryan isə irəliləyir (20,6 faiz). Bir sözlə, Paşinyan son üç ayda 10 faizə qədər səs itirib.
Bəzi versiyalara görə, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, yaşayış səviyyəsinin aşağı düşməsi Paşinyanın reytinqinə ciddi mənfi təsir edib. Paşinyanın son üç ayda 10 faizə qədər səs itirməsinin digər səbəbi Zəngəzurda yaşananlarla əlaqələndirilir. Ermənistanda seçkilərin əsas cəbhəsinin də bu bölgə olacağı deyilir.
Maraqlıdır, bütün bunlardan çıxış edərək revanşistlər seçkidə qalib gələ bilərlərmi?
“Paşinyan müəyyən siyasi gedişlər edəcək və öz mövqelərini gücləndirəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda keçirilən seçkilərdə əsas yarış Köçəryan və Paşinyan arasında olacaq. Paşinyan seçki prosesində demək olar ki, digər namizədlər üzərində üstünlüyü əldə etmişdi. Ancaq son günlər Ermənistan daxilində baş verənlər, xüsusilə ordu sıralarında Azərbaycana qarşı təxribatlar və ölkəmizin buna qarşı sərt mövqeyi müəyyən qədər N.Paşinyanın mövqeyinə mənfi təsir edir. Xüsusilə Sunik regionunda R.Köçəryanın mövqeləri daha da güclənib. Buna baxmayaraq, seçkilərdə R.Köçəryanın qalib gəlməsi gözlənilmir. Düzdür, müəyyən dərəcədə rəy sorğularına əsasən, N.Paşinyana yaxınlaşıb. Ancaq N.Paşinyan müəyyən siyasi gedişlər edəcək və öz mövqelərini gücləndirəcək. R.Köçəryan və onun bloku hazırda Ermənistanla sərhəddə baş verənlərdən dolayı mövqelərini gücləndirməyə çalışır. Ancaq bu, onun üçün yetərli deyil. Çünki Köçəryana elə də böyük inam yoxdur. Düşünürəm ki, iyunun 20-də Ermənistanda seçkilər çox ciddi problemlərlə, hətta silahların işə düşməsi ilə nəticələnə bilər”.
Politoloqun fikrincə, Paşinyanın tərəfdarlarının azalması o demək deyil ki, onlar Köçəryana stavka edəcəklər.
Vidadi ORDAHALLI