Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin seçki proqramını təqdim edərkən bildirib ki, bu seçki ən təhlükəli seçki olacaq: “Bu seçkilər Ermənistan tarixinin ən biabırçı, ən təhlükəli seçkiləri olacaq”.
Petrosyan bu gün nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə can atan iki qütbün, xüsusən də Robert Köçəryanın hər şeyə hazır olduğunu bildirib: “Hər iki tərəfin böyük maliyyə dayaqları olduğu kimi, kriminal dayaqları da var. Deməli, tərəflərin hər hansı cinayətə əl atmaları gözləniləndir. Amansız döyüş olacaq, ola bilsin ki, hətta vətəndaş müharibəsi. Hər iki tərəfdə də minlərlə pozuntu olacaq, idarəolunmaz hala gələcək hadisələr baş verəcək”.
Seçicilərə müraciət edən Ter-Petrosyan deyib ki, Paşinyana və Köçəryana etibar etməyin: “Ola bilər kimsə onları dinləyir və inanmaq istəyir. Bağışlayın, amma mən onların intellektual səviyyəsinə şübhə edirəm. Əgər Köçəryan və Serj Sarkisyan mənim blok kimi fəaliyyət göstərmək təklifimi qəbul etsəydilər, o zaman bizdən heç kim hər hansı dövlət postuna iddia etməyəcəkdi və hər şey dərhal həll olunacaqdı. Hansı vədlər verdiklərini və nələrə əməl etdiklərini xatırlayın. Bir şey deyib, tamamilə başqa bir şey etdilər. Onların məqsədi, sadəcə, bir-birindən intiqam almaqdır”.
Görünən odur ki, Ter-Petrosyan Köçəryanın aşırı fəallığı fonunda budəfəki seçkilərin çox təhlükəli nəticələrə gətirib çaxara biləcəyi ilə bağlı anons verir. Bu isə bir daha Ermənistanda seçkiqabağı vəziyyətin necə gərgin olduğunu göstərir.
“Nəzərə almaq lazımdır ki, terrorçu keçmişi olan Köçəryanın bu sahədə kifayət qədər təcrübəsi var”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkilərinin vətəndaş müharibəsi ilə nəticələnəcəyi ehtimalı böyükdür: “Çünki revanşistləri təmsil edən R.Köçəryan, bir növ, qana susayıb. O, Paşinyandan qisas almaqdan ötrü ən radikal addımlara gedə bilər. Nəzərə almaq lazımdır ki, terrorçu keçmişi olan Köçəryanın bu sahədə kifayət qədər təcrübəsi var. O həm Qarabağda separatçılara rəhbərlik etdiyi vaxt, həm də 10 il Ermənistanın prezidenti olduğu dövrdə rəqiblərini terror yolu ilə aradan götürüb. Baxın, 1999-cu ilin 27 oktyabrında Ermənistanda parlament gülləbaran edilərkən 8 nəfər aparıcı şəxs qətlə yetirildi. Ölənlərin siyahısına baxanda məlum olur ki, onların hamısı Köçəryanın rəqibi idi. Məhz həmin qətliamdan sonra Köçəryan Ermənistanda hakimiyyəti öz əlində cəmləşdirdi. Bu həmin Köçəryandır ki, 2008-ci ilin martında hakimiyyəti Serj Sarkisyana ötürməkdən ötrü 10 nəfərin ölümünə bais oldu. Həmin vaxt ölkədə ciddi etiraz aksiyaları keçirildi və nəticədə 10 nəfər öldürüldü. Ona görə də seçkilərin vətəndaş müharibəsinə çevrilməsi ehtimalı böyükdür. Daxili çəkişmələrin artması fonunda, tərəflərin bir-birinin ünvanına təhqirlər yağdırması adi hala çevrilib. Üstəlik, son günlər Köçəryan tərəfdarlarının sayında artım diqqəti cəlb edir. Bu baxımdan proseslərin təhlükəli məcraya doğru yönəlməsi ehtimalı yüksəkdir”.
V.Rəhimzadə onu da qeyd etdi ki, hər keçən gün ölkədə gərginlik artır.
Vidadi ORDAHALLI