Erməni polkovnik Koryun Qumaşyan Azərbaycan ərazilərində minalanmış sahələrin xəritəsinin olmasını etiraf edib. “Trend” bu barədə erməni KİV-ə istinadən məlumat verir.
Polkovnik özünün və tabeliyindəki əsgərlərin Laçın və Kəlbəcərə 17 yük maşını mina tədarük etdiyini bildirib. O, Azərbaycanda saxlananların qaytarılacağı təqdirdə mina xəritələrini verəcəyini deyib.
Ermənistan mina cinayətlərini rəsmən etiraf edib, Laçın və Kəlbəcərə 17 maşın mina basdırdıqlarını deyib, amma dünya isə hələ də susur.
“...cəzasızlığın nəticəsidir”
“Müasir İnkişaf” İctimai Birliyinin rəhbəri, politoloq Mübariz Göyüşlünün sözlərinə görə, Ermənistanın bu etirafına dünya birliyi reaksiya verməlidir ki, ədalət öz yerini tutsun. M.Göyüşlü bildirdi ki, Ermənistanın törətdiyi bütün hərbi cinayətləri dünya birliyi yaxşı bilir. “Birinci dəfə deyil ki, dünya birliyi Ermənistanın hərbi cinayətlərini, terrorunu susqunluqla qarşılayır. 30 il bundan əvvəl Xocalı faciəsini də, Bağanıs Ayrım, Ağdaban dəhşətini də “eşitmədi”, bu gün törətdikləri mina terrorunu, cinayətlərini də “görmür”. Uzun illər pərdə arxasından Ermənistanın terror cinayətlərinə dəstək verən və onları “ilhamlandıran” dövlətlər artıq o pərdənin arxasından üzə çıxıblar, ifşa ediliblər. Ermənistan tərəfi etiraf edir ki, Laçın və Kəlbəcərə 17 yük maşını mina basdırılıb. 17 maşın mina tək fakt deyil, görün Ermənistan bizim ərazilərimizə neçə maşın mina basdırıb. Ermənistan polkovniki ölkəsinin cinayətlərini ifşa edir, amma dünyadan səs çıxmır. Türkiyə, Pakistan və bir neçə dövlətdən başqa heç bir dövlət Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etmir. Azərbaycanın tələblərinə ABŞ, Rusiya, Fransa və digər dövlətlər, beynəlxalq təşkilatlar səssiz qalırlar. Bu da təbii ki, Ermənistanı yeni-yeni cinayətlər, terror aktları törətməyə “ilhamlandırır”, sövq edir. Ermənistan terrora o qədər aludə olub ki, heç bir məsuliyyət hiss etmədən bütün dünyanın qarşısında öz cinayətlərini etiraf edir, dünya isə bu “dəcəl uşağın” başına “sığal çəkmək”də davam edir. Ermənistanın bu cinayətləri “fəxrlə” etiraf etməsi cəzasızlığın nəticəsidir.
Dünya birliyi Ermənistanın məsuliyyətini onun yadına salmayıb seyrçi mövqe tutursa, Ermənistanın etirafına beynəlxalq aləmin susqun yanaşması onu göstərir ki, beynəlxalq birlik hələ də qərəzini davam etdirir. Beynəlxalq birlik Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq aləm, BMT tərəfindən tanınan suveren ərazilərinin minalandığını görməzdən gəlir. Bu fakt çox böyük fəlakətlərə səbəb olur, erməni terroru dünyanın özünü də hədəfə almamış olmur. Bilirsiniz ki, mütərəqqi bəşəriyyət minalarla bağlı məsələlərdə çox həssasdır”.
M.Göyüşlü hesab edir ki, Rusiya, ABŞ və Fransa Ermənistana təzyiq göstərməli, hətta bu təzyiqi daha da şiddətləndirməlidirlər. Onun sözlərinə görə, Ermənistan bu dövlətlərin təzyiqindən sonra minalanmış ərazilərin xəritəsini verə bilər, o dövlətlər də Ermənistana təzyiq göstərmirlər.
Bu gün də Azərbaycana qarşı ikili yanaşmanın mövcudluğunu qoruduğunu deyən müsahibimiz hesab edir ki, biz bunu hər zaman görmüşük. “Ermənistan mina cinayətlərini rəsmən etiraf edib, dünya birliyi seyrçi mövqeyindən əl çəkərək Ermənistana qarşı tədbirlər görməlidir. Biz 30 il dünyanın ikili yanaşmasının şahidi olmuşuq, amma mübarizəmizdən çəkilməmişik, təkbaşına torpaqlarımızı işğaldan azad etmişik. Necə ki, torpaqlarımızı özümüz təkbaşına işğaldan azad etmişik, eləcə də mina terrorundan xilas olacağıq. Düzdür, bu, bir az vaxt aparacaq, amma həll olunacaq. Onda dünya birliyinin, beynəlxalq təşkilatların, ermənipərəst dövlətlərin haqdan-ədalətdən, demokratiyadan danışmağa üzü olmayacaq” - deyə M.Göyüşlü qeyd etdi.
İradə SARIYEVA