2020-ci ildə uduzulmuş müharibə nəticəsində ermənilərin regionu kütləvi şəkildə tərk etməsinin qaçılmaz olması barədə proqnozlar özünü doğruldur. Belə ki, bu ilin beş ayı ərzində ölkəni hava nəqliyyatı ilə 78 mindən çox insan tərk edib.
Bu statistikanı şərh edən eks-prezident Robert Köçəryan qeyd edib ki, Ermənistandan avtomobil nəqliyyatı ilə Gürcüstana gedənləri də nəzərə alsaq, əslində, ölkəni tərk edənlərin sayı iki dəfə çoxdur. Onun fikrincə, Ermənistanı tərk edənlərin sayı 360 min nəfər təşkil edib. Onların əksəriyyəti əmək qabiliyyətli və müdafiə qabiliyyətli əhalidir. 360 min nəfər Ermənistan əhalisinin 18 faizinə bərabərdir. Bu insanların sayını təsəvvür etmək üçün bunun Ermənistanın altı ən böyük şəhərinin – Gümrü, Vanadzor, Vaqarşapat, Abovyan, Kafan və Razdan sakinlərinin sayına bərabər olduğunu demək kifayətdir. Ermənistanı tərk edənlərin bir hissəsi qazanc ardınca gedən əmək miqrantlarıdır. Amma bu il statistika daha yüksəkdir. Ermənistan əhalisi arasında keçirilən sorğuya əsasən, 200 min nəfər bu il, bir o qədər insan da gələn il Ermənistanı birdəfəlik tərk etməyi planlaşdırır.
Bununla belə, Qarabağı tərk edəcək ermənilərlə bağlı maraqlı statistik məqam diqqəti çəkir. Qeyd olunur ki, ölkəni tərk edənlər arasında Ermənistan pasportu olan Qarabağ sakinlərinin sayı da çoxdur: “Əhalinin daha 18 faizinin ölkəni tərk edəcəyini təxmin etsək, deməli, Qarabağı 27 min erməni tərk edəcək”.
Bütün bunlar onu göstərir ki, Qarabağ ermənilərini orada zorla saxlamaq mümkün olmayacaq. Bu isə orada miqrasiya ilə bağlı vəziyyətin olduqca acınacaqlı olmasından xəbər verir.
“Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra ora qayıdan ermənilərin bir qismi artıq qalmaq istəmir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Ermənistanı tərk edəcək ermənilər arasında Qarabağ ermənilərinin mühüm çəkiyə malik olacağı gözlənilən idi: “Bunun bir səbəbi Ermənistanın ağır sosial-iqtisadi vəziyyəti ilə bağlıdırsa, digər başlıca səbəb uğurlu Vətən müharibəsinin nəticələri ilə bağlıdır. Məsələ ondadır ki, ötən illər ərzində Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda qanunsuz məskunlaşma siyasəti aparıb. Yaxın Şərq ölkələrindən ora ermənilər köçürülüb. O cümlədən, bu tədbirlər çərçivəsində onlara Ermənistan pasportu verilib. Çünki separatçıların xaricə gediş-gəlişi məhz Ermənistan pasportu ilə təmin edilir. Ötən il məlum hadisələrdən sonra işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşan ermənilər Ermənistana qaçdılar. Pandemiya ilə bağlı onlar həmin dövrlərdə xarici dövlətlərə gedə bilmədilər. Ancaq sonrakı dövrdə məhdudiyyətlərin yumşaldılması ermənilərin ölkəni tərk etməsi prosesini sürətləndirir. Ermənistanın Qarabağı tərk edən ermənilərin ehtiyaclarını qarşılamaq imkanı yoxdur. Ona görə ki, bu ölkə dilənçi günündədir. Üstəlik, Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra ora qayıdan ermənilərin bir qismi artıq qalmaq istəmir. Çünki Qarabağda perspektiv görmürlər. Situasiya çox fərqlidir. Bu baxımdan hesab edirəm ki, 27 min Qarabağ ermənisinin xaricə üz tutacağı ehtimalı böyükdür”.
Partiya sədri hesab edir ki, ermənilərin miqrasiyasını zorla önləmək mümkün olmayacaq.
Vidadi ORDAHALLI