Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu siyasi təşkilatın seçki proqramını təqdim edərkən bir sıra məqamlara toxunub.
Onun sözlərinə görə, Qarabağ məsələsində onların müttəfiqi yoxdur: “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bunu nəzərə almaq lazımdır. Demək olar ki, bütün siyasi partiyalar Qarabağ münaqişəsində Ermənistanın müttəfiqinin olmadığını anlamırlar. İnsanlar hələ də gah Amerika, gah İran, gah da digər bir dövlətə ümidlə baxırlar. Biz eyni səhvi təkrarlasaq, dünyanın ən zəlil ölkəsinə çevrilərik. Məsələn, Yəmən və ya Somali kimi. Biz bunu istəyirikmi?”.
O, eyni zamanda, Rusiya ilə qarşılıqlı strateji maraqların gücləndirilməsinə əsaslanan münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb: “Problemləri həll etmək üçün toparlanmaq əvəzinə, seçkilərdə, nəyin bahasına olursa-olsun, hakimiyyətə can atan iki qütb yaranıb. Onlar bunun üçün maddi, inzibati və cinayət resurslarından istifadə edən, lakin dəqiq bir fəaliyyət proqramına sahib olmayan qütblərdir”.
Görünən odur ki, erməni siyasilərdən az-çox Ter-Petrosyan Qarabağla bağlı mövcud reallıqları dərk edir. O, ermənilərə, bir növ, bununla anlatmaq istəyir ki, Qarabağla bağlı əvvəlki yanaşmanın davamı ölkə üçün fəlakətli olacaq.
“Bu dəfə də səhv etsə, o zaman bu ölkə Somalidən də pis günə düşəcək”
Məsələyə münasibət bildirən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Levon Ter-Petrosyanın belə mövqedən çıxış etməsi təsadüfi deyil: “Əvvəla digər erməni rəhbərlərindən fərqli olaraq, Ter-Petrosyan bir qədər mötədil mövqedən çıxış edən fiqurdur. O, 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. Düzdür, Azərbaycan əraziləri onun hakimiyyəti dövründə işğal olunub. Ancaq o da var ki, Qarabağdakı separatçılar bir sıra hallarda onunla hesablaşmırdılar. Onları daha böyük güclər himayə edirdilər. Bununla belə, Ter-Petrosyan gördü ki, onlar Qarabağı de-fakto işğal etsələr də, de-yure bu istiqamətdə uğur əldə edə bilmədilər. Hüquqi baxımdan dünya ötən 30 ilə yaxın müddətdə onlara haqq qazandırmadı. Həmin müddət ərzində Ermənistan iqtisadi baxımdan təcrid vəziyyətində yaşadı. Ölkədə sosial vəziyyət pisləşdi, miqrasiya gücləndi və s. Eyni zamanda, Ter-Petrosyan anlayır ki, Azərbaycanın potensialı Ermənistandan qat-qat üstündür. Məsələ ondadır ki, erməni işğalçıları ərazilərimizi zəbt etsələr də, orada əhalinin sayını artıra bilmədilər. Həmçinin, Azərbaycan zəif olan vaxtlarda Qarabağla bağlı güzəştə getməyibsə, müharibədən zəfərlə çıxdığı indiki vaxtda güzəştə gedərmi? Təbii ki, yox. Kifayət qədər təcrübəli siyasətçi olan Ter-Petrosyan bütün bunların fərqində olduğu üçün cəmiyyəti xəbərdar edir. Bu o deməkdir ki, Qarabağdakı bir ovuc erməniyə görə heç bir dövlət Ermənistanla müttəfiq olmaz. Çünki separatizm bütün dünya ölkələri üçün başlıca təhdid mənbəyidir. Ermənistan bu dəfə də səhv etsə, o zaman bu ölkə Somalidən də pis günə düşəcək. Bütün bunlar o demək deyil ki, Ter-Petrosyanın Azərbaycana rəğbəti var. Təbii ki, yox. Sadəcə, mövcud reallığı dərk edərək bu cür fikirlərlə çıxış edir”.
Politoloq onu da qeyd etdi ki, Ermənistanın nicatı Azərbaycanla normal münasibətlər qurmaqdan keçir.
Vidadi ORDAHALLI