Bəllidir ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı vaxt həmin yerlərə onun silahlı qüvvələri tərəfindən çoxsaylı mina basdırılıb. Lakin artıq aylardır Azərbaycan öz ərazilərini geri qaytarsa da, Ermənistan minalanmış ərazilərin xəritələrini ölkəmizə verməkdən imtina edir.
Hazırda Azərbaycan azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsi üçün müvafiq işlər görür. Sadəcə, xəritələrin yoxluğu minatəmizləmə prosesinin sürətini aşağı salır, həm də onların aşkarlanaraq zərərsizləşdirilməsi işlərinin uzanmasına gətirib çıxarır. Özü də bu minaların sayı az deyil. Bunu Ermənistan ordusunun zabiti, polkovnik Koryun Qumaşyanın açıqlamalaı da təsdiq edir. Bu günlərdə o, Laçın və Kəlbəcər rayonları ərazisində çoxlu sayda mina basdırdıqlarını etiraf edib: “Mən və birləşməm Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina basdırmışıq, siz həmin minalara görə o ərazidə heç bir şey edə bilməzsiniz. Əsirlərimizi bizə qaytarsanız, o halda mən də mina xəritələrini təqdim edərəm”. Bu durumda daha bir maraqlı açıqlama rusiyalı hərbi ekspert Aleksey Xlopotov tərəfindən səsləndirilib. O deyib: “Mən artıq birinci dəfə deyil deyirəm, ermənilər məğlubiyyətlə barışmaq fikrində deyil. Üstəlik, indi seçkilər ərəfəsində onlar öz “döyüş əhval-ruhiyyələrini” və fəaliyyət qabiliyyətlərini nümayiş etdirmək fikrindədirlər. Amma reallıqda onların böyük əməliyyat keçirmələri üçün heç bir gücləri yoxdur. Minalarla bağlı şahidi olduğumuz təxribatlar isə özləri haqqında “xatırlatma”nın yeganə yolu olaraq qalır. Ümumiyyətlə, bu aspektdə gözəl Sovet serialını – “Dövlət sərhədi”ni yada salmaq olar. Xüsusilə onun ilk hissələri. Orada bu gün Qarabağda baş verənlər dəqiqliklə göstərilib. Necə deyərlər, diversiya üçün üsullar köhnəlmir, sadəcə, meydana yeni vasitələr gəlir”. Xlopotovun sözlərinə görə, məhz Ermənistan Bakını problemin güc yolu ilə həllinə məcbur edəcək: “Lakin ən azı bu, qarşıdan gələn 5 il ərzində baş tutmayacaq. 5 ildən sonrakı müharibə daha qlobal şəkildə olacaq. Bakı Qarabağı ermənilərdən tamamilə təmizləməyə, hətta Ermənistan ərazisində bir sıra əməliyyatlar keçirməyə məcbur olacaq. Hər halda, şəxsən mənim fikrim budur: Azərbaycan ordusu İrəvanı ələ keçirib, sonra siyasi yenidənqurma haqqında razılığa gəlməlidir”.
Gürcü politoloq Quram Marxuliya isə bildirir ki, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritəsinin Azərbaycana təqdim edilməməsi Ermənistanın terrorçu və işğalçı dövlət olduğunu bir daha sübut edir. Politoloq qeyd edir ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə dost gürcü xalqını da sevindirib: “Lakin müharibə başa çatdıqdan 7 ay sonra dinc əhalinin, vəzifə borclarını yerinə yetirən jurnalistlərin işğaldan azad edilmiş Kəlbəcərdə və digər bölgələrdə mina partlamasından həlak olmaları çox üzücüdür”. Onun sözlərinə görə, müharibədən sonra minalanmış ərazilərin xəritəsinin təqdim olunması sülhə doğru atılmış daha bir addım olardı: “Lakin Ermənistan tərəfi bu xəritəni verməməklə bir daha göstərir ki, öz çirkin niyyətlərindən əl çəkmək fikrində deyil. Belə olan halda BMT və beynəlxalq təşkilatlar, eləcə də bir sıra dövlətlər hərəkətə keçməli və təcavüzkara qarşı təzyiqləri artırmalıdır. Hamı başa düşməlidir ki, ərazilərin, yolların minalardan təmizlənməsi sülhə və təhlükəsiz həyata açılan yoldur. Bu, həm də onlarla, yüzlərlə insan həyatının xilası, eləcə də mədəni abidələrin mühafizəsi deməkdir. “Ermənistan müharibəni uduzduğunu etiraf edib atəşin dayandırılmasına dair bəyanatı imzalasa da, heç bir beynəlxalq sazişə, müharibə qanunlarına riayət etmir. Bu da Ermənistanın təcavüzkar və iyrənc siyasətinin bariz nümunəsidir”. Ukraynalı hərbi ekspert Oleksandr Kovalenko da bu fikirdədir ki, BMT Təhlükəsizlik Şurası bu məsələdə Ermənistana ciddi təzyiq göstərməlidir. Ekspertin fikrincə, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarkən razılaşma çərçivəsində götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır: “Mina partlaması nəticəsində həlak olmuş media əməkdaşları elə bu məsuliyyətsizliyin qurbanı oldular. Razılaşma imzalandıqdan 6 ay sonra azərbaycanlı jurnalistlər minadan ölürsə, burada məqsədli təxribat var. Azərbaycanla Ermənistan arasındakı münaqişə başa çatıb, dövlət sərhədi bərpa olunur. 1999-cu ildə qüvvəyə minmiş piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında konvensiyaya əsasən, müharibə başa çatan kimi tərəflər minalanmış ərazilərin xəritəsini təqdim etmək, şəxsi heyətə qarşı minalardan istifadə etməmək öhdəliyi daşıyır. Həmin konvensiya məhz dinc əhalinin təhlükəsizliyini təmin etməyə yönəlir”.
Ekspertin qənaətincə, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi xəbis, qəsdli xarakter daşıya bilər: “Qarabağ bölgəsində minaların, döyüş sursatlarının zərərsizləşdirilməsi tez başa gələn iş deyil, ona görə də həmin torpaqlar hələ uzun müddət təhlükə mənbəyi olacaq. Minalanmış ərazilərin xəritəsini təqdim etməyi əslində rədd edən Ermənistan bu bölgəyə dair nəinki sonrakı niyyətlərinə aid, elə indiki addımları ilə də bağlı bir çox suallar üçün əsas yaradır. Çünki Qarabağın minalardan təmizlənməsinə bu cür yanaşma Ermənistan hərbçilərinin Azərbaycan ərazisində təxribatçı fəaliyyəti üçün geniş imkanlar açır. Əslində minalanmış ərazilərin xəritəsini təqdim etmədən yeni mina və partladıcı qurğuların basdırılması bundan sonrakı partlamaları və insan tələfatını hazırkı məqsədli təxribatların nəticəsi yox, əvvəlki müharibənin “əks-sədası” kimi qələmə vermək üçün bəhanə yaradır”.
Minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməklə Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini davam etdirməsi dünya mediasında da tənqid hədəfinə çevrilib. Bununla bağlı dünya mediasında yer alan və Ermənistanın müharibə cinayətini ifşa edən materialların sayının gedərək artması da qeyd edilənlərin əyani təzahürüdür. Azərbaycana qarşı bu və digər müharibə cinayətlərini davam etdirən Ermənistan regionda qalıcı sülhün mövcudluğuna zərbə vurmaqla özünü çıxılmaz vəziyyətə salır. Çünki Azərbaycanla münasibətlərini normallaşdırmadan Ermənistanın inkişafı, ümumiyyətlə bir dövlət olaraq varlığını davam etdirməsi mümkün deyil.
Samirə SƏFƏROVA