Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Proses mayın 12-dən başlayıb. Ermənistan adi rejimdə və sistematik qaydada icra edilən bu prosesi ölkəsinin ərazisinə müdaxilə kimi qələmə verib.
Bu arada erməni mediası yenidən Rusiyanı topa tutur. Qeyd olunur ki, Rusiya bir sıra məsələlərdə Ermənistanı məcbur etmək üçün diversantlardan istifadə edir: “Kommunikasiyaların açılması Rusiyanın və türklərin birgə patrul xidməti, Ermənistanın suverenliyinin aradan qaldırılması ilə Türk dünyasını birləşdirən dəhlizin yaradılmasını nəzərdə tutur. Rus qoşunu türklərlə razılaşma əsasında “status” məsələsini məhv etmək üçün Qarabağdadır. Erməni hərbi qulluqçuların əsir götürülməsi mayın 26-da parlamentdə Rusiyanın ünvanına dolayı ittihamlar səsləndikdən sonra baş verib. Ruben Rubinyan deyir ki, Rusiya demarkasiya ilə bağlı üçüncü üçtərəfli sənədi erməni tərəfinə təklif edib. Bu sənəd “status”dan imtinanı nəzərdə tutur. Rusiya və Bakının nə etdiyi göz qabağındadır. Bəs Ermənistan və baş nazir vəzifəsini icra edən şəxs nə edir? Yəni Azərbaycan öz qoşununu geri çağırsaydı və əsirləri (diversantları) qaytarsaydı, Ermənistan demarkasiya haqqında müqaviləni imzalamağa razılıq vermişdi?”.
Bütün hallarda, səslənən fikirlərin hansısa əsası varmı?
“Rusiya o mövqedən çıxış etsəydi, o zaman...”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli buna bir neçə aspektdən yanaşdı: “Əvvəla bu cür taktika ermənilərin köhnə adətidir. Onlar daha çox güzəşt qoparmaqdan ötrü bu cür vay-şivən salırlar. Rusiyanın onlara təzyiqi olsaydı, o zaman Ermənistanı mina xəritələrini verməyə məcbur edərdi. Rusiya o mövqedən çıxış etsəydi, o zaman Azərbaycan Ordusunun Xankəndiyə daxil olmasına mane olmazdı. Həmin vaxt bütün Dağlıq Qarabağ ermənilərdən təmizlənsəydi, o zaman ermənilər heç “status”un adını belə çəkməyə cəsarət etməzdilər. Rusiya həqiqətən də o mövqedən çıxış etsəydi, o zaman Minsk Qrupundan birdəfəlik imtina edərdi. Kommunikasiyaların açılması Ermənistanın suverenliyinə xələl gətirməyəcək. Əksinə, bu ölkənin iqtisadi inkişafına təkan verəcək. Ermənistan, necə deyərlər, Rusiyaya yük olmaz. Ermənilərin bütün bu həngaməsi yalnız Qarabağda uğradıqları ağır məğlubiyyətlə bağlıdır. Hər vasitə ilə bunun məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyirlər. Erməni mətbuatında ara-sıra spekulyasiya xarakterli yazılar da bununla əlaqədardır”.
Hərbi ekspert onu da qeyd etdi ki, kimin nə deməsindən asılı olmayaraq, biz öz işimizdə olmalıyıq.
Vidadi ORDAHALLI