Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın Gorus rayonuna səfər edib. Rus səfir, eyni zamanda, Rusiya sülhməramlılarının Sisiandakı xüsusi aviasiya qrupunu, həmçinin 102-ci hərbi bazanın Gorusda yerləşdirilən qrupunu ziyarət edib.
Gorusda bölgənin meri ilə görüşən səfir Zəngəzur sərhədi ilə bağlı vəziyyətlə maraqlanıb. Kopırkin Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirdiyini qeyd edib və merə rus hərbçilərinin Gorusda yerləşməsi üçün ortaya çıxan məsələləri operativ qaydada həll etdiyinə görə təşəkkür edib. Gorus meri Aruş Aruşanyan isə Zəngəzurun təhlükəsizliyini təmin edən Rusiyaya minnətdarlığını bildirib. Gorusda məktəblərin birində son zəngdə də iştirak edən səfir burda rus dilinin tədrisi ilə maraqlanıb. Qeyd edək ki, bir müddət öncə Rusiyanın 102-ci hərbi bazasının filialının Zəngəzurda açılması barədə qərar verilmiş, bunun üçün Rusiyaya böyük torpaq sahəsi ayrılmışdı. Hazırda 102-ci bazanın genişlənməsi adı ilə Rusiya Zəngəzurda daha bir bazanın formalaşdırılmasını həyata keçirir.
Rusiyanın Zəngəzurla bağlı atdığı addımlardan hansı nəticələri çıxarmaq olar?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Zəngəzur məsələləsini məqsədli şəkildə qabardır: “Rusiyanın məsələdəki rolunu da xüsusi təmtaraqla, ətrafını bəzəyərək verirlər. Bunlar daha çox daxili auditoriyaya hesablanıb. Faktiki olaraq, Rusiyanın həmin ölkədə hərbi bazası var. Ermənistan bundan məmnundursa, Rusiya da orada istədiyini edəcək. Azərbaycana bu heç bir narahatlıq yaratmır. Çünki bizim hər hansı ölkənin ərazisində gözümüz yoxdur. Ermənistanın bütün sərhədlərini rus sərhədçiləri qoruyur. Deyilən əraziyə də yerləşsələr nə dəyişir? Ermənistan KTMT-nin üzvüdür. Rusiyanın onun sərhədlərini mühafizə etməklə bağlı üzərinə düşən hüquqi öhdəliyi var. Yəni yad müdaxilədən Ermənistanı qorumağı nəzərdə tuturam. Azərbaycan Zəngəzur istiqamətində öz sərhədlərini dəqiqləşdirir. Ermənistanın bundan narahatlığı sünidir. Səs-küy salır ki, lazımı mövqeləri əldən verməsin. Həmin sərhəddə ruslar dursa belə, yenə də sərhəd köhnə xəritə ilə müəyyənləşəcək. Mən bilirəm ki, Rusiya da bunu istəyir. Ancaq istənilən halda, Rusiya üzərinə götürdüyü vasitəçilik missiyasını da unutmamalıdır. İki tərəf arasında balansı qorumaq onun borcudur. Aşırı ermənipərəst siyasət yürütmək onun neytrallığına inam saxlamır”.
Məhəmmədəli QƏRİBLİ