ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bu həftə sonu Cənubi Qafqaz ölkələrini ziyarət edəcək. Səfərin məqsədi bölgə ölkələri ilə müttəfiqlik əlaqələrini təsdiqləməkdir.
Dövlət Departamentinin cümə günü verdiyi məlumata görə, 6-13 iyun tarixlərində Riker "ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bütün bölgədə demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etmək" üçün Tiflis, Bakı və İrəvana səfər edəcək. Gürcüstanda o, hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə görüşərək . Gürcüstanın siyasi partiyaları arasında 19 aprel razılaşmasının tam həyata keçirilməsini, habelə Rusiyanın Gürcüstana qarşı davamlı təcavüzünü və işğalını müzakirə edəcək.
Rikerin Ermənistan və Azərbaycanla bağlı proqramı isə bir qədər fərqlidir. Onun ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə etmək üçün hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşünün nəzərdə tutulduğu bildirilir.
Keçən ay Riker Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə iki ölkə arasında artan gərginliklər fonunda sərhəd vəziyyətini müzakirə edib.
Rikerin Cənubi Qafqaz ölkələrinə etdiyi səfər proqramında Gürcüstanla bağlı maraqlı detal var. Onun həmin ölkənin müxalif partiyaları ilə də görüşü olacaq. Ancaq Ermənistan və Azərbaycanda onun müxalifətlə görüşü nəzərdə tutulmur. Bunun başlıca səbəbi nədir?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bunun əsaslı səbəbləri var: “Çünki Gürcüstanda hakimiyyətlə müxalifət arasındakı münasibətlər normal məcraya düşüb. Onlar razılaşıblar ki, Gürcüstanda proporsional seçki keçiriləcək. Bununla yanaşı, referendum formasında ictimai rəyin nəbzini öyrənəcəklər. Seçicilərə “nəticədən razısınız, yoxsa yox” sualı ilə müraciət olunacaq. Bununla da seçkilərdə saxtakarlığın olub-olmadığını öyrənə biləcəklər. Ermənistanda dəqiq münasibətlər bəlli deyil. Çünki qarşıda seçki var. Orada kimin iqtidar, kimin müxalifət olacağı hələ müəyyənləşməyib. Ermənistandakı müxalifət təmsilçilərinin çoxu Rusiyanın adamı kimi tanındığı üçün ABŞ onlarla təmas qurmaqda maraqlı deyil. Azərbaycana isə müharibə ilə bağlı çoxlu təzyiqlər var. ABŞ ölkələrlə münasibətləri həm də Avropa ilə olan münasibətlər kontekstindən qurur. Biz Şərq Tərəfdaşlığı Proqramında təmsil olunuruq. Amma sənədi tam paraflamamışıq. Hazırda Azərbaycanla bağlı ABŞ-ı maraqlandıran başlıca məsələ iqtidar-müxalifət münasibətləri yox, ölkəmizin Qarabağla bağlı mövqeyidir. ABŞ, əsasən də Ermənistanla Azərabyacan arasındakı narazılıqları tam öyrənmək istəyir. Yeni administratsiya buna uyğun şəkildə regiondakı siyasətini müəyyənləşdirmək niyyətindədir. Hiss olunur ki, Rusiyanın bölgədə güclənməsi ABŞ-ı narahat edir. Buna görə də, həmin ölkə Cənubi Qafqazla bağlı ciddi işlər ortaya qoyacaq”.
Məhəmmədəli QƏRİBLİ