Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya prezidenti seçilməsi münasibtilə Bəşər Əsədə təbrik məktubu göndərib. Məktubda ən ironik məqam Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan, öz ölkəsindəki xaosu aradan qaldırmaqda çətinlik çəkən Paşinyanın Əsədə yardım təklif etməsi olub.
Həmçinin məktubda bildirilib ki, Ermənistan bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcək. Qeyd edək ki, mayın 26-da Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsədin 95% səslə qalib gəldiyi elan olunub.
Paşinyanla Əsəd arasında olan mehribanlıq maraqlı görünür. 44 günlük müharibə dönəmində Əsəd Ermənistanı dəstəklədi. Ancaq Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dönəmdə Suriya ilə bağlı normal qərar qəbul edildi. Bizim belə jestlərimizin qarşısında Əsəd niyə bizə düşmən kəsilib Paşinyanla dostluq edir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin barəsində danışdığı “soyqırım” əslində ermənilərin kütləvi köçürülməsi olub: “Həmin vaxt Osmanlı İmperiyası Şərqi Anadoluda yaşayan ermənilərin böyük bir hissəsini Suriya ərazisinə köçürdü. Hazırda 100 minlərlə erməninin yaşadığı Suriya onlar üçün ikinci vətən anlamına gələ bilər. Həmin vaxt Livan və Suriya Osmanlı İmperiyasının nəzarəti altındaydı. Bu səbəbdən də ermənilər hər iki ölkədə kompakt yaşayır. Sovet hakimiyyəti dönəmində, 1948-ci ildə Moskva qərar verdi ki, Ermənistan SSR-lə Azərbaycan SSR arasında əhali mübadiləsi həyata keçirilsin. Qərarın icrası azərbaycanlıların oradan köçürülməsilə başladı. 300 minə yaxın soydaşımız Ermənistandan köçürüldü. Ermənistanın o vaxtkı rəhbərliyi Moskvaya müraciət etdi ki, onlara Livan və Suriyadan çoxlu sayda erməni vətənə gəlməklə bağlı müraciət edib. Bununla da Qarabağdan ermənilərin kütləvi şəkildə Ermənistana köçürülməsi prosesi dayandı. Onların ilk prezidenti Ter-Petrosyan həmin ermənilərdəndi. Atası da Livanda Kommunist Partiyasının sədri olub. O zamandan Ermənistanın Livan və Suriya ilə sıx əlaqələri quruldu. Paşinyanla Əsəd arasındakı dostluğun vasitəçisi də Rusiyadır. Görürük ki, tarixin müəyyən mərhələlərində Ermənistanın Suriya ilə münasibətləri yaxın olub. Paşinyan seçki ərəfəsində fürsətdən istifadə edərək, Suriyaya belə jest edir. Seçicilərinə göstərmək istəyir ki, Suriya ilə əlqələrin daha yaxşı məcrada davam etməsində maraqlıdır. Biz gördük ki, 44 günlük müharibə dönəmində PKK və YPX dəstələrini Qarabağda ermənilər tərəfindən döyüşməyə göndərən də məhz Bəşər Əsəd olub. Bütün bunları Paşinyan yaxşı bilir. O, iki ölkə arasındakı tarixi əlaqələri davam etdirməkdə maraqlıdır”.
Məhəmmədəli QƏRİBLİ