Qarabağda müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb. Bunu Ermənistan prezidenti Armen Sarkisyan Qazaxıstandakı erməni icmasının üzvləri ilə görüşündə deyib: “Müharibə bitməyib, sülh razlaşması yoxdur. Məlum deyil “arsax”ın statusu necə olacaq, danışıqlar nə vaxt başlayacaq və necə gedəcək, Azərbaycan-Ermənistan sərhədində hadisələr necə inkişaf edəcək”.
Göründüyü kimi, Ermənistanın rəhbər dairələri müharibədən sonra üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaq üçün müxtəlif təxribatçı bəyanatlar verir. Hətta bu açıqlamadan görünür ki, onlar yeni müharibəninin də anonsunu verirlər. Ermənistan rəhbərliyinin bu addımlarını necə qiymətləndirmək olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sülh sazişinin imzalanmasının zəruriliyi ilə bağlı məsələni bir neçə dəfə Azərbaycan Prezidenti də gündəmə gətirib: “Sülh sazişi mütləq imzalanmalıdır. Prezident, eyni zamanda, Qarabağa hansısa statusun verilməyəcəyilə bağlı fikir də söyləyib. Ancaq biz görürük ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri statusla bağlı məsələdə əvvəlki mövqelərində qalırlar. Hətta aprelin 14-də həmsədrlər bəyanat verdilər ki, status məsələləsi tərəflərə məlum olan element və prinsiplər əsasında müəyyənləşəcək. Onların dediyi elementlərlə bağlı indiyə qədər 7 təklif verilib. Onun 3-ü Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağa ən yüksək status verməyi əhatə edirdi. Yerdə qalan 4-ü isə Qarabağı tam müstəqil etməyə yönəlirdi. Söhbət məlum Madrid prinsiplərindən gedir. Həmsədrlərin mövqeyi təqribən bu təkliflər əsasında olacaq. Onlar Qarabağın müstəqilliyinə nail olmaq üçün hansısa ciddi addım ata bilməzlər. Çünki Azərbaycan yeni reallıq yaradıb. Ən yüksək status vermək üçün əllərindən gələni edəcəklər. Bu yaxınlarda ABŞ-da keçirilən bir müzakirədə Azərbaycan üçün Deyton Sazişi məsələsi müzakirə edildi. Bunun da mahiyyəti ondan ibarətdir ki, Bosniya və Herseqovinada olduğu kimi, 1998-ci ildə Azərbaycana da təqdim edilən ümumdövlət prinsipini bir daha gündəliyə gətirsinlər. Yəni Dağlıq Qarabağ və Azərbaycan ayrı-ayrı dövlətlər kimi birləşib, bir dövlət yaratsınlar. Həmsədrlərin mövqeyi bu istiqamətdə olacaq. Biz əlimizdən gələni etməliyik ki, belə təklifləri irəli sürməyə cəsarət etməsinlər. 44 günlük müharibə zamanında Prezidentə dəstək vermək nə qədər vacib idisə, indiki dönəmdə dövlətimizin yanında olmaq da bir o qədər zəruridir. Ermənilər ümidlərini itirmirlər. Onların prezidentinin dedikləri buna əyani sübutdur ki, status əldə etmək üçün mübarizə aparacaqlar. Ancaq bizim mövqeyimiz bəllidir, hər hansı statusdan söhbət belə gedə bilməz. Ermənistanda yeni formalaşacaq hakimiyyətdən çox şey asılıdır. Hazırda belə çıxışlar həm də populizmdir, çünki seçkiyə hesablanır”.
Məhəmmədəli QƏRİBLİ