Məlum olduğu kimi, qəzet redaksiyalarından da icbari sığorta müqaviləsi imzalamaq tələb olunur. Bu barədə redaksiyalara göndərilən bildirişlərdə qeyd edilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmiş hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq risqləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş hüquqi və fiziki şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1500, hüquqi şəxslər 5000 min manat cərimə ediləcəklər.
Jurnalistikada hansı istehsalat xəsarətindən, jurnalistin hansı peşə xəstəliyindən söhbət gedə bilər ki, redaksiyalardan icbari sığorta müqaviləsi imzalamaq tələb olunur? Bu müqavilənin redaksiyalara, yaradıcılıq kollektivlərinə nə aidiyyəti var? Çünki redaksiyalar zavod deyil, fabrik deyil, burada istehsalatla məşğul olunmur, bura yaradıcılıq sferasıdır. Nəşriyyatlar, mətbəələrin bu müqaviləni imzalaması məntiqli görünə bilər, amma redaksiyalar yaradıcılıq sferası olduğuna və istehsalat sferası olmadığına görə burada istehsalat xəsarətindən söhbət gedə bilməz. Ümumiyyətlə, jurnalistin də peşə xəstəliyi deyilən bir xəstəliyi yoxdur. Hər iki amil jurnalistika üçün xarakterik deyilsə və bu sığorta müqaviləsi sığorta şirkətlərinin pul qazanmasına xidmət edirsə, bu halda, qəzetlər niyə müqavilə bağlayıb əlavə pul ödəməlidirlər?
Şakir Ağayev: “İcbari sığorta adı ilə sığorta şirkətləri öz ciblərini doldurmağa və redaksiyalardan da mümkün qədər pul qoparmağa çalışırlar”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, jurnalistika sahəsində istehsalat xəsarəti və peşə xəstəliyi deyilən anlayış yoxdur, amma jurnalistika risqli peşələr sıyahısına daxildir. Ş.Ağayevin sözlərinə görə, cəbhə bölgəsində, təbii fəlakət bölgələrində, yəni “qaynar nöqtələr”də işləyən jurnalistlər risqlə üz-üzə qala bilərlər. Amma, bununla belə, redaksiyalardan icbari sığorta müqaviləsi imzalamaq tələbi düzgün deyil: “Sığorta şirkətləri deyirlər ki, icbari sığorta müqaviləsi imzalayın. Lap elə götürək icbari tibbi sığortanı, 6 ay keçib, amma bilinmir ki, tibbi sığortada hansı istiqamətlər pullu, hansılar pulsuz olacaq, heç o məlum deyil. İnsanlardan pul tutulur, amma bu xidmət göstərilmir. Bir işinizi görün, xidmətinizi göstərin və sair, sonra sığorta tələb edin. Onlar bəri başdan pulu alırlar, hadisə baş verəndən sonra isə problemi futbol topu kimi oynadırlar. Əhalidən, idarə və müəssisələrdən göstərmədikləri xidmətlərə görə pul alırlar. Bu nə dərəcədə doğrudur? Redaksiyalaradan icbari sığorta müqaviləsinin bağlanmasının tələb olunması qətiyyən düzgün deyil. Jurnalistikada istehsalat qəzası baş vermir, bura redaksiyadır, zavod, fabrik deyil ki, hanısa qəza baş versin. Jurnalistin hansı peşə xəstəliyi ola bilər ki, mən bilmirəm. Jurnalistikada nə istehsalat qəzası var, nə də jurnalistlərin fərqli bir peşə xəstəliyi. O ayrı məsələdir ki, jurnalistika risqli peşədir və sair. İcbari sığorta adı ilə sığorta şirkətləri öz ciblərini doldurmağa və redaksiyalardan da mümkün qədər pul qoparmağa çalışırlar, buna görə də əsassız olaraq müqavilə bağlamaq tələbi irəli sürürlər.
Bilirsiniz, təsnifatlandırmanın özü əsaslı deyil. Gəlib göstərsinlər, görək jurnalistikada hansı istehsalat qəzası baş verə bilər ki, redaksiyalar öz əməkdaşlarını sığortalatmaq üçün icbari sığorta müqaviləsi imzalasınlar? Yaxud jurnalistin hansı peşə xəstəliyini göstərə bilərlər ki, o mövcud olsun və buna görə də redaksiyalardan sığorta tələb etsinlər? Bu həqiqətən də məntiqsiz görünür. Redaksiya hansısa bir məhsul istehsal edən zavod, fabrik, istehsalat sexi olsaydı, başqa məsələ, amma redaksiyalar sırf yaradıcılıq məhsulu istehsal edirlər, burada isə istehsalat qəzasından söhbət gedə bilməz” - deyə Ş.Ağayev vurğuladı.
Azər Həsrət: “İlk baxışdan belə görünür ki, jurnalistlərdə istehsalat qəzası, peşə xəstəliyi...”
Əməkdar jurnalist Azər Həsrətin isə fikri belədir: “Haqlısınız, ilk baxışdan belə görünür ki, jurnalistlərdə istehsalat qəzası, peşə xəstəliyi olmur. Əslində elə deyil. Şəxsən mən özüm “peşə xəstəliyi” deyiləcək bir xəstəlikdən əziyyət çəkmişəm, iki dəfə də əməliyyat olunmuşam. Məsələn, jurnalist indiki şəraitdə daha çox oturaq işlə məşğuldur, elə olur ki, biz saatlarla kompyuter arxasında otururuq, bu da bizim orqanizmimizə mənfi təsir edir. Şəxsən mən bunun nəticəsində iki dəfə bel sütunumdan əməliyyat olunmuşam, yəni onurğa sütunumda bel yırtığı əmələ gəlib. Faktiki olaraq, mənə təqaüd verilməsi üçün imkan yaranıb, sadəcə olaraq, mən bundan imtina etmişəm. Düzdür, hansısa dələduzlar rüşvət verib hansısa sənədlər düzəltməklə təqaüd, filan alırlar, amma bizim şəxsiyyətimiz buna yol verməz. İkincisi, “istehsalat qəzası”, əlbəttə, o demək deyil ki, siz hansısa dəzgah arxasında işləyirsiniz və sair, burada sizi elektrik çarpdı, filan, bu, bizim sahəyə aid deyil. Amma iyunun 4-də iki həmkarımızın Kəlbəcərdə minaya düşüb şəhid olması istehsalat qəzasıdır. Bu adamlar vəzifə başında şəhid olublar. Ona görə də onların əməyinin icbari sığorta olunması çox vacibdir. Onlara şəhidlik statusu veriləcək, ailəsinə 11 min manat pul ödəniləcək, dövlət ailə üzvlərinə təqaüd verəcək, bunlar öz yerində. Amma onlar əmək funksiyalarını yerinə yetirərkən həlak olduqlarına görə onların iş yerləri şəhid jurnalistlərin ailəsinə nə ödəyəcək? Bununla bağlı sual açıqdır. Bəlkə də AzTV və “AzərTAc” məsələni həll edib, onların ailəsi iş yerlərindən bəlli kompensasiya alacaqlar, amma normalda almalıdırlar. Hesab edirəm ki, icbari sığortanın istənilən sahədə tətbiq edilməsi vacibdir. Peşə xəstəlikləri baxımından bu lazımdır. Gözlərimiz bütün günü kompyuterdədir. Jurnalistlər normalaşdırılmamış iş rejimində işləyirlər. Bir çox sahədə insanlar səhər saat 9-da gəlir, axşam 6-da evə gedirlər, bununla da onların işləri bitmiş olur. Amma bizim işimiz belə deyil axı... Bəzən gecə saat 1-də, 2-də işləyirik. Əlbəttə, bundan da bizim səhhətimiz çox zərər görür. Peşə xəstəlikləri bizim üçün adi haldır, istehsalat qəzasına gəlincə, o da ikiqat adi haldır. Jurnalistika risqli peşədir və bu peşə ilə məşğul olanların fiziki zərbə alması, hətta həlak olması adi haldır”.
A.Həsrət qeyd etdi ki, İsveçrədə yerləşən bir beynəlxalq təşkilatın hesabatında bildirilənə görə, burada əks olunan rəqəmlər COVID-19 pandemiyası başlayandan bu günə qədər qeydə alınan rəqəmlərdir, hesabatda 1500-dən çox KİV nümayəndəsi COVID-19 üzündən həyatını dəyişib: “Niyə bu baş verib? Çünki jurnalist peşəsi risqli peşələr sırasına aiddir və onlar cəmiyyət içində daha çox olurlar. Əlbəttə, pandemiya dövründə cəmiyyət içində daha çox olmaq da risqi artırır. Onların yoluxmasının səbəbi məhz jurnalist olmalarıdır. Görürsünüz nə qədər hallar var...”.
A.Həsrət onurğa yırtığını peşə xəstəliyi olaraq təqdim etdi. Məsələ burasındadır ki, geniş yayılan bu xəstəlik yalnız jurnalistlərdə deyil, oturaq işləyən bank işçilərində, bütün növ xidmət sahələrinin əməkdaşlarında, oturaq gün keçirən dövlət qulluqçularında müşahidə edilir, necə deyərlər, bu hamımızın ortaq xəstəliyi olduğu üçün onu “jurnalistin peşə xəstəliyi” adlandırmaq o qədər də uyğun görünməz.
İradə SARIYEVA