Ermənistan-Azərbaycan sərhədində baş verənlər, daha üç mülki azərbaycanlının Kəlbəcərdə ermənilərin basdırdığı minanın qurbanı olması, buna rəğmən qarşı tərəfin indiyə kimi minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası İrəvanın postmüharibə dövründə sülh prosesində hələ də maraqlı tərəf olmadığını göstərir. Belə fikirlər də səslənir ki, prosesə Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkiləri də təsir edir. Lakin Azərbaycan, istənilən halda, seçki və digər hadisələrin Ermənistanın sülh prosesindən yayınmasına qətiyyən bəraət qazandıra bilməyəcəyini ən yüksək səviyyədə bəyan edir.
Azərbaycan yenə istədiyinə nail olacaq
İndiki halda seçim Ermənistanındır. Bu ölkə ya Azərbaycanla əməkdaşlıq, ya da intihar yolunu seçəcək. Bu, Ermənistanda, iyunun 20-dən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, dəyişməyəcək reallıqdır. Elə ermənilər özləri də etiraf edir ki, Azərbaycan, Qarabağ məsələsində olduğu kimi, sərhəd və digər istiqamətlərdə də məqsədinə çatacaq. Hazırda bu məsələ sərhədlə bağlı özünü daha qabarıq büruzə verir.
Məsələ burasındadır ki, erməni tərəfi Azərbaycanın guya Ermənistanın sərhədlərinə “soxulduğunu” iddia edir. Amma 1 aya yaxındır səslənən bu iddianın əsassız olması səbəbindən dünyada buna hər hansı ciddi reaksiya yoxdur. Belə bir vaxtda hökumət aparatının rəhbəri Arsen Torosyan iddia edob ki, ölkəsinin Rusiya ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginlik barədə danışıqları ən yüksək səviyyədə davam edir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasında Moskvada keçirilən son danışıqlar məzmunlu olub: “Bu danışıqlar davam etdiriləcək ki, haqqında dəfələrlə söz açdığımız məsələ həll olunsun: Azərbaycan silahlı birləşmələri Ermənistanın suveren ərazisini tərk etməlidir və bu baş verəcək”. Torosyanın dediyinə görə, bu danışıqların ən böyük nailiyyəti budur ki, məsələnin necə həll olunmalı olduğuna dair Ermənistan və onun təhlükəsizlik sistemində yeganə partnyoru Rusiya Federasiyası arasında ən yüksək səviyyədə anlaşma var.
Hökumət aparatının rəhbəri deyib ki, Rusiya bu məsələnin bir güllə atılmadan həllinə səy göstərir. Lakin “168.am” nəşri yazır ki, Torosyan tam yalan danışır: “Azərbaycan, Ermənistan və Rusiya arasında Moskvada keçirilən üçtərəfli görüş başa çatsa da nəticə yoxdur. Görüş zamanı erməni tərəfinə xatırladıblar ki, Rusiya Federasiyası Qarabağda sülhməramlı missiya öhdəliyini götürüb, rus tərəfi əsir və diversant məsələsi üzrə aktiv şəkildə işləyir. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə əsirlər məsələsi üzrə danışıq aparmaq əvəzinə Parisdə Fransa prezidenti Emmanuel Makrondan dəstək istəyir. Beləliklə, əsir və diversantların qaytarılması üçün Moskvaya getmiş erməni rəsmiləri əliboş qayıdıb. Rusiya sərhəd məsələsində də Azərbaycanın haqlı olduğunu düşünür”. Bu arada Ermənistanın Vardenis rayonundakı Yuxarı Şorca kəndinin icra nümayəndəsi Artyom Yeranosyan bildirib ki, ötən ay “Ermənistan ərazisinin dərinliklərinə girmiş” Azərbaycan əsgərləri fəal şəkildə yol və səngər tikinitisi ilə məşğuldur: “Bu bizim torpağımızdır, amma onlar bu torpaqda səngər qazır və yol çəkirlər ki, səngərdən səngərə maşınlarla da hərəkət edə bilsinlər. Onlar nə istəyirlərsə, edirlər”. Erməni mediası yazır ki, əslində Rusiya bu məsələdə Azərbaycanı haqlı saymasaydı, müdaxilə edərdi. Belə müdaxilə yoxdursa, deməli, Rusiya Azərbaycanla razılaşır. Məhz bu səbəbdən erməni mediası yenə Azərbaycanın qalib tərəf olacağını açıq etiraf edir.
Minalanmış ərazilərin xəritəsinin verilməməsi Ermənistana baha başa gələcək...
Bununla yanaşı, ermənilərin Azərbaycan ərazilərində qanunsuz olaraq basdırılmış minaların xəritələrini sonda ölkəmizə verməsi də qaçılmaz hal sayılır. Erməni mediası yazır ki, Kəlbəcər rayonunun Susuzluq kəndində üç mülki azərbaycanlının həlak olmasına dünya miqyasında sərt realsiya verilir. Bu da İrəvan üçün əlavə problemlər deməkdir.
Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobili Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə üç nəfər – AzTV operatoru Sirac Abışov, AzərTAc İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə yaralanıb. Ekspertlər hesab edir ki, bu, Ermənistanın məqsədyönlü cinayətlərinin, qəsdlə törədilmiş terror aktının daha bir acı nəticəsidir. Beynəlxalq hüquqa və konvensiyalara görə, dinc əhaliyə təhlükə yaradan minalaşdırma hərbi cinayət sayılır. BMT-nin aidiyyəti qurumları, eləcə də ATƏT-in Minsk Qrupu Azərbaycan ərazilərində qanunsuz olaraq basdırılmış minaların təmizlənməsi üçün böyük səylər göstərməli, minalı sahələrin xəritələrinin Ermənistandan alınmasını təmin etməlidir. Otuz il işğal altında saxlanılan Azərbaycan torpaqlarının təhlükəsiz qaydada minalardan təmizlənməsinə yardım göstərmək beynəlxalq birliyin mənəvi borcu, hüquqi öhdəliyidir. Rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov məsələ ilə bağlı qeyd edir: “Kəlbəcərdəki faciə Ermənistanın bütün region üçün təhlükə yaradan qeyri-sabit ölkə olduğunu iddia edən Azərbaycanın haqlı olduğunu növbəti dəfə sübut edir. Bunun daha bir sübutu kimi rəsmi İrəvanın mina xəritələrini verməkdən imtina etməsini göstərmək olar. Halbuki bu, imzalanmış sülh razılaşmasının şərtlərindən biri idi". Ekspertin fikrincə, tank əleyhinə minanı Kəlbəcərdə diversantların basdırdığı ehtimalı var: “Bildiyim qədərilə, ötən həftə 6 təxribatçı ələ keçirilib, onlardan bir qismi isə qaçmağa nail olub. Sosial şəbəkələrdə belə bir məlumat yayılmışdı. Ola bilər ki, azərbaycanlı hərbçilərin ələ keçirdiyi bu şəxslər mina yerləşdirməyə imkan tapıb”. Y.Mixaylov hesab edir ki, hazırkı vəziyyətdə rəsmi Bakı Ermənistanın ağlını başına yığacağını və regionda, xüsusən də Azərbaycanın sərhədyanı rayonlarında vəziyyəti tam sabitləşdirmək siyasəti yürütməyə başlayacağını güman edərək, ələ keçirilmiş diversantlara qarşı həddən artıq humanist davranır: “Bu baş vermir və bu səbəbdən Azərbaycan digər ölkələrlə, ilk növbədə, zonada sülhməramlı kontingentə malik Rusiya ilə birlikdə rəsmi İrəvanı mina xəritələrini verməyə, həmçinin həlak olanların ailələrinə tam təzminat ödəməyə məcbur etməlidir. Hər halda, səhvə yol verdiklərini etiraf edən sivil ölkələr belə edir”.
İndiki halda, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT Təhlükəsizlik Şurası tərəfindən 2017-ci ildə qəbul edilən 2365 saylı qətnaməyə əsasən, quruma üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərini yerinə yetirməlidir. Bu öhdəliklərdən biri də məhz postmüharibə dövründə minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi ilə bağlıdır. Ermənistan bu xəritəni Azərbaycana verməməklə qeyd edilən qətnamənin tələblərini pozur. Ermənistanda nəzərə alınmalıdır ki, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim edilməməsi bölgədə sülhün bərqərar olmasına və ikitərəfli münasibətlərin normallaşmasına əngəl törədir. Bütün bunlardan ən çox zərər görən isə ictimai-siyasi, sosial-iqtisadi böhran yaşayan Ermənistan özü olacaq. Hər halda, dünyanın yanaşması da belədir. “İravnuk” qəzeti isə yazır ki, Kəlbəcərdə son hadisədən sonra dünyada Ermənistana qarşı etirazlar artır və bunun mütləq nəticəsi olacaq.
Düşmən yenə ağlını başına yığmasa...
Hazırda belə hesab edilir ki, Ermənistan yeganə çıxış yolunun Azərbaycanla əməkdaşlıqdan asılı olmasını artıq açıq şəkildə, rəsmi səviyyədə qəbil etməlidir. Əks təqdirdə bu ölkənin daha böyük fəlakətlər girdabına düçar olması qaçılmaz sayılır. Rusiyanın “km.ru” portalı da bu xüsusda bildirir ki, erməni tərəfi bu reallığı qəbul etməlidir: “Təəssüf ki, bu hələ müşahidə edilmir. Qarabağ məğlubiyyətindən sonra sosial şəbəkələrin erməni seqmentində itirilmiş milli təhlükəsizlik və qarşıdan gələn təhdidlər barədə sonsuz müzakirələr köpüklənir və qaynayır. Buna baxmayaraq, hələ də ölkəni dərin vətənpərvərlik böhranından çıxarmaq funksiyasını öz üzərinə götürməyə hazır olan heç bir sosial qrup və ya partiya formalaşmayıb.
Müharibəni uduzan “generallar” balıq kimi susur. Yeni siyasi elita tərəfindən fəal ictimai həyatdan xaric edilən köhnə sovet formasiyasının generalları da susur. Buna qədər həftədə yeddi gün bütün dünyaya hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanın tanınmaz dərəcədə yaxşıya doğru dəyişəcəyini bar-bar bağıran “cəsarətli və məğrur” müxalifət də ağzına su alıb durub. Elə gecə-gündüz Vladimir Putin, Co Bayden, Si Cin Pin və hətta az qala göylərdə Tanrı ilə xüsusi əlaqələri barədə çərənləyən diaspor elitası da susur. Daha əvvəl milli qəhrəmanlarının fotolarını sosial şəbəkələrdəki profillərində qoyan vətənpərvər ermənilərin də respublikaya kütləvi axını yoxdur. Nə aclıq aksiyası, nə də kütləvi etirazlar var. Bir sözlə, heç nə yoxdur. Erməni xalqı isə dönüş nöqtəsindədir, çünki onlar bu müharibəni nəinki demoqrafik, həm də intellektual cəhətdən uduzdular, çünki böyük, qədim və müdrik xalq haqqında mif heç bir iz qalmadan dağıdıldı. Kosmik miqyasda şişirdilmiş rusofobiya müharibədə ermənilərə mane olan əsas səbəblərdən biridir. İş o yerə çatmışdı ki, Rusiyanın ermənilərin kompakt yaşadığı bir çox bölgəsində “erməni” sözü “rusofob” sözü ilə bərabər tutulurdu. Hətta Qarabağdakı müharibənin qızğın vaxtlarında “böyük və müdrik xalqın” hansısa nümayəndəsi Volqoqradda növbəti rusu öldürdü. Bu, politoloq Gevorq Mirzoyanın “İndi ermənilər sağ qalmaları üçün ruslardan daha çox rus olmalıdırlar” dediyi vaxtda oldu. Təəssüf ki, ermənilər baş verənlərdən dərs çıxara bilməyəcəklər, rusofob olmaqdan vaz keçməyəcəklər”. Qeyd edilir ki, bu hal ermənilərin yeni fəlakətləri olacaq. Özü də o fonda ki, bu ölkədə hələ də Azərbaycan və Türkiyə ilə düşmənçiliyi davam etdirnək istəyənlər var. Halbuki, bu düşmənçilik yalnız ermənilər üçün problemdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.