Ermənistanda iyunun 7-dən başlanan seçkiqabağı təbliğat kampaniyası, gözlənildiyi kimi, daha çox qarşılıqlı ittihamlar, təhqirlər üzərində köklənib. Xatırladaq ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası 20-dən artıq partiya və üç blokun seçkilərdə iştirak edəcəyini bildirib. Əsas mübarizə isə indiki hakimiyyətlə “Qarabağ klanı” arasında gedəcək.
“Qarabağ klanı” indiki halda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı Azərbaycana məğlub olmaqda ittiham edir. Son dövrlərdə bu xüsusda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan daha çox fərqlənir. Nikol Paşinyan isə buna cavab olaraq bildirir: “Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırkı hakimiyyətə yükləməyə çalışır. O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan Robert Köçəryan Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb. Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi”. Paşinyan Qarabağdakı separatçı qurumun ən azı beynəlxalq səviyyədə tanınması şansının 1998-ci ildə əbədi itirildiyini qeyd edib: “1996-cı ildə ATƏT-in Lissabon zirvəsi keçirildi və burada Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi lazım olduğu qeyd olunan bir layihə dövriyyəyə buraxıldı. Ermənistan veto hüququndan istifadə edir və sənəd qəbul olunmur. Bu layihə ATƏT rəhbərinin bəyanatına çevrilir. Bununla belə, Qarabağ danışıqlarda tam hüquqlu müstəqil tərəf kimi iştirak etməyə davam edir. 1997-ci ildə Robert Köçəryan Ermənistanın baş naziri, 1998-ci ildə isə prezident oldu. Və baş verən ilk şey Dağlıq Qarabağın danışıqlar prosesini tərk etməsi oldu. Bu, ilk müharibədə qazanılan qələbənin bütün siyasi nəticələrinin məhv olması deməkdir. Bu, Qarabağ məsələsinin danışıqlar prosesinə qoyulmuş ən böyük dinamitdir. Bu mövzuda Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan formatında son üçtərəfli görüş 1997-ci ilin aprelində Moskvada keçirildi. Əslində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi paytaxtında Dağlıq Qarabağ təmsilçisinin də olduğu nümayəndə heyətini qəbul edir və bu, Qarabağın beynəlxalq səviyyədə tanınması ehtimalının təməl daşı idi. Köçəryan seçildikdən sonra belə bir görüş olmayıb”. O, fransalı həmsədr Bernar Fasyenin 2009-cu ilin oktyabrında Xankəndiyə səfəri zamanı bu haqda dediyini xatırladıb: "Qarabağ təmsilçilərinin iştirakı erməni tərəfinin qərarı ilə dayandırıldı".
Paşinyan bildirir ki, Köçəryan hakimiyyətdə olduğu zaman yığdığı var-dövlətlə dəbdəbəli həyat keçirib və keçirməkdədir. O, Robert Köçəryanın Afrikada şir ovlaması şəklinin bunun daha bir təsdiqi olduğunu bildirib. Sosial şəbəkələrdə də bu fonda Köçəryanın Tanzaniyadakı safari turundan görüntülər yayılıb. Bununla yanaşı, onun oğlu Sedrakla birlikdə 2009-cu ildə Afrikadakı ov macəraları üçün nə qədər xərclədiyi üzə çıxıb. Bu azmış kimi, məlum olub ki, qeyd olunan fakt Köçəryanın yeganə ekzotik heyvan ovu olmayıb. Sosial şəbəkələrdə yazılır: “Şir ovu üçün 22-50 min, leopard üçün azı 22 min, vəhşi öküzə görə 10-20 min, zebra üçün 7-10 min, Qnu antilopu ovlamaq üçünsə 3-5 min dollar arasında ödəniş etmək lazımdır. Gecələmək, silah və digər xərcləri də nəzərə alsaq, Köçəryanın ov üçün 80-100 min dollar xərclədiyi məlum olur. Bu, oliqarxların istirahətidir. O, Ermənistana gəlib prezident olanda yalnız cırıq sviter və yırtıq şalvarı var idi. Bəs bu pullar onda hardandır? Və siz demək istəyirsiniz ki, o bizim ölkəmizi soymayıb?”. Köçəryan isə bu ittihamları əsassız adlandırır. O, seçkilərdə Paşinyana qalib gələcəyini də iddia edir.
“Qarabağ klanı”nın digər təmsilçisi olan Serj Sarkisyan isə ittihamları fonunda Nikol Paşinyana özünü güllələməyi təklif edib. Xatırladaq ki, Ermənistanın 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğramasından sonra bir çox əleydarları Paşinyana özünü güllələməyi təklif edib. Lakin onun belə niyyəti yoxdur və əksinə, məğlubiyyətə görə günahın həm də Köçəryanla Sarkisyanın üzərində olduğunu vurğulayır və bildirir ki, məhz onlar ordunu talamaq hesabına özlərinə sərvət yığıblar ki, nəticədə Ermənistan ordusu müharibədə məğlub olub.
Qeyd edək ki, Sarkisyan hazırkı seçkilərdə birbaşa iştirak etmir, yəni deputatlığa namizədliyini irəli sürməyib. Amma onun Respublika partiyası Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” bloku ilə birlikdə seçkilərə qatılıb. Sarkisyan isə blokun seçkiqabağı təbliğatında iştirak edir və Paşinyanı bacardığı qədər gözdən salmağa çalışır. O, Cermukda seçicilərlə görüşündə müharibədə minlərlə əsgərin ölümü haqda danışaraq deyib ki, Nikol Paşinyanın yerində olsaydı özünü güllələyərdi: “Müharibə mənim ən çox nifrət etdiyim şeydir. Heç vaxt istəməzdim ki, nəinki müharibə, heç döyüşlər də olmasın. Lakin kim döyüşdən qorxursa...bax belə nəticəyə gətirib çıxarır”. Onun sözlərinə görə, Paşinyanın az da olsa şərəfi, ləyaqəti vardısa gərək özünü güllələyərdi: “And içirəm ki, mən ali baş komandan olsaydım və belə situasiya yaransaydı, sadəcə olaraq özümü güllələyərdim. Belə həyat kimə gərəkdir axı?. Lakin Paşinyan bildirir ki, Sarkisyan belə fikirlər əvəzinə 2016-cı ilin aprel döyüşlərindən danışsa, hakimiyyəti dövründə necə böyük sərvət topladığını bildirsə, daha yaxşı olar. “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan isə qeyd edir ki, belə ittihamlar fonunda seçkilərə görə Ermənistan vətəndaş müharibəsi təhdidi qarşısındadır: “Bizdə elə bir vəziyyət yaranıb ki, keçmiş və hazırkı hakimiyyət indiki mübarizə ruhunu davam etdirsə, toqquşmadan qaça bilməyəcəyik və bu çox ciddi problem yaradacaq”. Marukyan iddia edib ki, ölkədə toqquşma baş versə, Azərbaycan ordusu daha uyğun mövqeləri ələ keçirəcək.
Nahid SALAYEV