İctimai nəzarət cəmiyyətə, dövlət qurumlarına hava-su kimi lazımdır. Son illər bir sıra dövlət qurumlarında, nazirlik və komitələrdə ictimai nəzarət şuraları formalaşdırılıb. Bu yaxşı bir haldır. Amma burada diqqətçəkən və illərdir müşahidə edilən bir neqativ hal var.
Bir sıra hallarda bir qeyri-hökumət təşkilatı rəhbərinin eyni zamanda bir neçə dövlət qurumunun, nazirliyin ictimai nəzarət şuralarında təmsil olunduğunu görürük. Fərqi yoxdur, o sahəni bilir, yoxsa yox, amma belə QHT rəhbərləri can atırlar ki, bircə bütün qurumlarda, bütün siyahılarda bunların adları olsun. Bir adam həm bir-birilə profilcə, əlaqəcə, mahiyyətcə yaxın olmayan bütün qurumlarda eyni vaxtda təmsil olunur. Dövlət qurumlarının ictimai nəzarət şuralarına baxsaq, böyük əksəriyyətin eyni adamlar olduğunu görə bilərik. Qeyd etdiyimiz kimi, bu, uzun illərdir belədir.
Bir qrup QHT sədri var ki, ortada heç bir əməli fəaliyyəti yoxdur, amma özlərini dövlət qurumlarının ictimai nəzarət şuralarına üzv etdirmək üçün dəridən-qabıqdan çıxırlar, hətta qurum rəhbərlərini də bezdirməkdən əl çəkmirlər, nə yolla olursa-olsun, ictimai nəzarət şuralarına üzv olurlar. Bir neçə QHT rəhbəri var ki, ortalığa düşüb özlərinə aid olan və olmayan sahələrə baş vurur, ictimai nəzarət şuralarına üzv olurlar.
Ekspertlərin sözlərinə görə, bir qrup QHT rəhbəri var ki, ortada heç bir işi yoxdur, işi-gücü nazirlikləri, komitələri dolaşmaq və sənədlərini bütün nazirliklərə təqdim etmək, o nazirlikdən çıxıb, bu nazirliyə girməkdir, əlində sənədi hər yeri dolaşır. Ekspertlərin bildirdiyinə görə, bir QHT rəhbərinin hər yerə sənəd verməsi doğru deyil, xüsusən də mütəxəssis deyilsə. Bəzi nazirliklərin, dövlət qurumlarının ictimai nəzarət şuralarında müşahidə edilən formallıqlar, keyfiyyətsiz fəaliyyətin olmasının səbəbi də bir qrup QHT rəhbərinin bilmədiyi sahələrə baş vurmasıdır. Yəni bir insanın eyni vaxtda bir neçə belə şurada təmsil olunması fiziki cəhətdən o işlərin hamısını görməyə imkan vermir, nəticədə də həmin sahələr “ölü” vəziyyətdə qalır.
“...hətta öz adlarını düz-əməlli yaza bilməyən, yalnız möhürü olan və layihədən-layihəyə işləyən insanlardır”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, ictimai nəzarət olduqca vacib bir məsələdir. O qeyd etdi ki, ictimai nəzarət şuralarının özlərini doğrultmasını istəyiriksə, onda bu sahəyə hər adam buraxılmamalı, peşəkarlara üstünlük verilməlidir. A.X.Əbilov hesab edir ki, bir QHT rəhbərinin bir neçə qurumda təmsil olunması düzgün deyil, bir adamın eyni vaxtda bütün sahələri bilməsi mümkünsüzdür. Onun sözlərinə görə, hər yerə baş vuran insanların ucbatından bəzi ictimai nəzarət şuralarının fəaliyyəti formal hala düşüb. “Ölkə başçısının məlum sərəncamından sonra ictimai iştirakçılıq və ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq müxtəlif dövlət qurumlarının, nazirlik və komitələrin, təhsil müəssisələrinin, icra hakimiyyətlərinin yanında ictimai şuralar yaradılmalı idi. Bu proses çoxdan başlamalı idi, amma uzadılırdı. Bizim bu proseslə bağlı, onun effektiv bir mexanizmə çevrilməsi yolları barədə təkliflərimiz vardı. Amma təəssüflər olsun ki, bunlar qəbul edilmədi. Burada nəzərəçarpan ciddi problemlərdən biri, bəlkə də ən əsası bir qrup QHT rəhbərinin, şəxsin eyni zamanda bir neçə dövlət qurumunun ictimai nəzarət şurasında təmsil olunmasıdır. Təsəvvür edin ki, bir adam eyni zamanda müxtəlif nazirliklərin, komitələrin və icra hakimiyyətlərinin ictimai nəzarət şuralarının üzvü olur. Bu necə doğrudur ki, bir adam eyni zamanda bir neçə təşkilatda olsun. Əlbəttə, bunların arasında nüfuzlu şəxslər də, QHT rəhbərləri də var. Bu ictimai şuralarda təmsil olunanların böyük əksəriyyəti cəmiyyətdə mənfi reputasiyaya malik, eyni zamanda, öz QHT-lərini normal işlədə, hətta öz adlarını düz-əməlli yaza bilməyən, yalnız möhürü olan və layihədən-layihəyə işləyən insanlardır. Bilmirəm, necə olur ki, onlar eyni zamanda bir necə dövlət qurumunun ictimai nəzarət şurasında təmsil oluna bilirlər? Eyni zamanda, 10 dövlət qurumunun ictimai nəzarət şurasına üzv olanlar var, bu nə dərəcədə düzgündür? Bu insanlara cəmiyyət sual verib tələb etməlidir ki, siz öz iş yerinizdə, rəhbərlik etdiyiniz QHT-də heç bir hörmətə malik deyilsiniz, amma dövlət qurumlarının, nazirliklərin ictimai şuralarına üzv olmağa can atırsınız, bir sıra hallarda buna nail olursunuz, marağınız nədir? İctimai şuranın ictimai nəzarət mexanizmi olmalıdır. Bunu cənab Prezident də vurğulayıb. Amma ən gözəl texnologiyaları Azərbaycana gətirən dövlət başçısının təəssüflər olsun ki, bu tapşırığı bəzi indiki məmurların və hazırda işdən çıxarılaraq həbs edilən keçmiş məmurların özlərinin korporativ maraqlarına uyğun olaraq layiqincə icra edilmədi. İctimai şuraların üzvlərinin siyahısına baxsanız, orada olanların çoxunun sanki ora “paket”, layihə qoparmağa getdiyi təəssüratı ilə üzləşərsiniz. Sözün həqiqi mənasında, dövlət qurumlarının 90 faizinin ictimai şuralarındakı adamların, üzvlərin, sədrlərin çoxu bu cürdür. Siz mənə bir ictimai nəzarət şurası üzvü, yaxud sədri göstərin ki, o, ictimai müzakirələr, debatlar keçirsin, nazir olmasa da, heç olmasa nazir müavinlərini, başqa məmurları tənqid etsin. Bütün məmurlar şəffaf işləmir ki. Yaxşı, heç onları da tənqid etməsinlər, indiyə qədər işdən çıxarılmış, həbsxanada yatan keçmiş məmurların əməllərini ifşa etsinlər ki, heç olmasa digərləri bu hərəkətləri etməsinlər”.
A.X.Əbilovun sözlərinə görə, ictimai nəzarət şuraları, əslində, ölkə başçısının, dövlətin ictimai əsgərləri olmalı, onlar təkliflər verməli, beyin mərkəzləri olmalı, ictimai iştirakçılıq haqqında qanunun bir çox tələbinin həyata keçirilməsində dövlətə, Prezidentə kömək etməlidirlər, biz isə bunun əksini görürük.
İradə SARIYEVA