Ermənistanda seçki kampaniyası namizədlər arasında qarşılıqlı ittihamlar, təhqirlər fonunda davam edir. Əsas ittiham xətti də İkinci Qarabağ müharibəsində yaşanan biabırçı məğlubiyyət üzərində qurulub.
İndiki hakimiyyət əvvəlkiləri müharibəyə ayrılan vəsaitləri mənimsəməkdə, ordu quruculuğuna pul ayırmamaqda günahlandırır, əvvəlkilər də Paşinyan hakimiyyətinin naşı və yarıtmaz siyasət yürüdülməsi səbəbindən ermənilərə məğlubiyyət yaşatdığını irəli sürürlər.
Bu arada “168 am” erməni nəşri yazır ki, Paşinyanın hakimiyyətinin üç ili ərzində Ermənistan xarici və daxili müqavimətini itirdi: “Bütün mənalarda bu belədir. Artıq xarici dövlətlər Paşinyana təlxək, Ermənistana marionet dövlət kimi yanaşırlar. İstəsək də, istəməsək də bu belədir. Bu gün Ermənistanda ən dəyərsiz olan şey insandır. Üstəlik, insan həyatı və ölümü qiymətləndirilmir. Ölüm həyat olub, həyat ölümə çevrilib. Hər gün insanlar koronavirusdan ölürdülər və ölürlər, müharibə beş mindən çox gəncin ölümünə səbəb oldu. Ermənistanda yaşamaq həyat üçün təhlükəlidir. İqtisadiyyatdan isə danışmağa dəyməz. Büdcə boşalıb, xarici borc artmaqda davam edir. Ermənistan xarici və daxili müqavimətini itirdi və indi ətalətdən qanaxma vəziyyətindədir. Bu mənada, 20 iyun seçkiləri Ermənistanın və erməni cəmiyyətinin dayanıqlığının son sınağı ola bilər, ən azından, toxunulmazlığın son izləri qalsa, seçkilərin nəticələri heç olmasa Ermənistana bərpa şansı verə bilər. Əks təqdirdə, 21 iyun tarixində respublika meydanında yüksək səslə Ermənistanın nekroloqu səsləndiriləcək, bunu oxuyanlar bu gün üçün bir gələcəyin olduğunu söylədikləri ölkənin və ya ölkələrin adlarını açıqlayacaqlar”.
Görünən odur ki, Ermənistanın son dərəcə ciddi uçuruma yuvarlandığını artıq bir sıra ermənilər dərk edirlər. Bu isə ölkədə vəziyyətin, bütün mənalarda, nə qədər qeyri-müəyyən olduğunu ortaya qoyur.
“...siyasi böhranla yanaşı, cəmiyyətin özü ciddi mənəvi böhran keçirir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli Ermənistanda yaşananlara bir neçə aspektdən yanaşdı. Onun fikrincə, işğalçı ölkənin bir sıra himayədarları olsa da, vəziyyət xeyli dəyişib: “Əvvəla illərdir Ermənistan barədə formalaşdırılan məğlubedilməzlik mifi tarımar oldu. Onlar ötən 30 ildə elə bilirdilər ki, işğal etdikləri ərazilər daimi onlarda qalacaq. Azərbaycan o əraziləri azad etməyə başlasa, o zaman bütün dünya üstümüzə gələcək. Ancaq 44 günlük şanlı müharibənin nəticələri bütün bunları darmadağın etdi. Azərbaycan Ordusu əzəli torpaqlarımızı azad etdi. Bu müddət ərzində düşmən ordusuna sarsıdıcı zərbələr endirildi. Nəinki ətraf 7 rayon, o cümlədən, Dağlıq Qarabağın əhəmiyyətli hissəsi işğaldan azad edildi. Hansı ki, bunu ermənilər heç xəyal etmirdilər. Çünki 30 ilə yaxın idi ərazilərimiz işğal altında idi. Ötən üç ildə Paşinyan bol-bol populist vədlər verdi. Əvvəlki “Qarabağ klanı”nın 20 illik hakimiyyətindən bezən erməni cəmiyyəti Paşinyanı sanki bir xilaskar kimi qəbul edirdi. Ancaq çox keçmədi ki, bütün bu gözləntilər boşa getdi. İqtisadi inkişafla bağlı gözləntilər reallaşmadı. Müharibə nəticəsində ölkə bir az da borclandı. İqtisadi baxımdan zəif olan ölkə üçün bu ciddi problemdir. Hansısa xarici dövlət gəlib Ermənistanın borclarını bağlayan deyil. Bu baxımdan siyasi böhranla yanaşı, cəmiyyətin özü ciddi mənəvi böhran keçirir. Bunun nəticəsidir ki, erməni cəmiyyəti 20 iyun seçkilərinə bir xilas kimi baxmır. Ona görə ki, Paşinyana alternativ olanlar ölkəyə gələcək yox, fəlakət vəd edir”.
Şərqşünas hesab edir ki, Ermənistanda yaşananlar həm də ilahi ədalətin göstəricisidir.
Vidadi ORDAHALLI