İctimai nəzarət şurası mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Son zamanlar ictimai iştirakçılıq, ictimai nəzarət və ictimai nəzarət şuralarının yaradılması ilə əlaqədar məsələ və mövzulara maraq artıb. İctimai iştirakçılığı təmin edən təsisat kimi dövlət orqanları yanında ictimai nəzarət şuraları yaradılır. Şura üzvləri seçki ilə seçilirlər. Ancaq məsələ ondadır ki, nazirliklər, dövlət təşkilatları ictimai nəzarət şuralarına seçicini əsasən QHT sektorundan götürür. QHT sektorunun da içində, bir növ, “ÇT” formalaşıb. Bir neçə nəfər, faktiki olaraq, o nümayəndənin rəyinə təsir göstərir və istədiyi nəticəni əldə edir. Faktiki olaraq, ictimai nəzarət şurasının yaradıldığı dövlət qurumu, nazirliyin rəhbərliyi heç nə edə bilmir. Çünki seçənlər QHT sektorundandır. QHT sektorunu da bir neçə nəfər fırladır. Kimi istəyirlər, onu seçirlər. Məsələn, adamlar var ki, bir neçə nazirliyin ictimai nəzarət şurasında təmsil olunurlar. Bir QHT rəhbərinin bir neçə nazirliyin yanında yaradılmış sözügedən şuralarda təmsil olunması nə deməkdir? Axı bu proses nəyə görə mütləq şəkildə QHT sektorunun əlinə verilməlidir? Niyə burada başqa vətəndaş institutları, ictimai təsisatlar iştirak etməsin, onlara yer ayrılmasın? Görünən odur ki, ictimai nəzarət şuralarının təmsilçilərinin seçilməsi QHT-dən olan seçicilərin əlində o qədər cəmləşib ki, faktiki olaraq, nazirliyin rəhbərliyi nəticələrə təsir göstərə bilmir. Faktiki surətdə ictimai nəzarət şuraları bir neçə QHT təmsilçisinin monopoliyasındadır.
“Orada media təmsilçiləri, müstəqil ictimai fəaliyyətlə məşğul olanlar, ictimai rəydə ciddi qəbul olunan...”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, ictimai nəzarət şuralarının bu cür formalaşması, sadəcə, biabırçılıqdır: “Təəssüflər olsun ki, doğrudan da sözügedən şuralarda QHT hökmranlıq edir. Belə olan halda, dövlət qurumlarının hansı şəffaf fəaliyyətinin təşkilindən, ona nəzarətin təmin olunmasından söhbət gedə bilər? Bu o deməkdir ki, dövlət qurumlarının yanında yaradılan ictimai nəzarət şuralarının fəaliyyəti formal xarakterli olacaq. Belədirsə, o zaman bu şuraların yaradılmasına nə ehtiyac var idi? İctimai nəzarət şuraları o məqsədlə yaradılır ki, dövlət qurumlarının fəaliyyətində şəffaflıq olsun, effektiv fəaliyyət göstərsinlər. Hesabatlılıq təmin edilsin, büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənsin və s. Ona görə də ictimai nəzarət şuralarında əsasən QHT təmsilçilərinin olması doğru deyil. Orada media təmsilçiləri, müstəqil ictimai fəaliyyətlə məşğul olanlar, ictimai rəydə ciddi qəbul olunan mütəxəssislər təmsil olunmalıdırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan ictimai rəyində QHT-lərə münasibət birmənalı deyil. QHT-lərin bir çoxu, el dili ilə desək, pul silməklə məşğuldur. Azərbaycan balaca ölkə olduğuna görə hamı hər şeyi yaxşı bilir. Gəlin özümüzü aldatmayaq”.
Partiya sədri onu da qeyd etdi ki, sözügedən məsələyə ciddi yanaşmaq lazımdır.
Vidadi ORDAHALLI