Ermənistanın ikinci prezidenti, "Ermənistan” blokunun lideri Robert Köçəryan ölkəsini tərk edən vətəndaşların sayının kəskin artması barədə danışıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata əsasən, Köçəryan cümə günü Ermənistanın Sevan şəhərində tərəfdarları ilə görüşü zamanı bu mövzuya toxunub. O bildirib ki, son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayı kəskin şəkildə artıb: ”Dörd ay ərzində mənfi saldo 80 min nəfər təşkil edib. Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində qeydə alınıb. Bu isə artıq depopulyasiya, yəni qaçış adlanır”.
Postmüharibə dönəmində əhalinin Ermənistandan bu şəkildə qaçışının səbəbi nə ilə bağlıdır?
“Belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan əhalisinin kütləvi şəkildə ölkəni tərk etməsi müharibədən əvvəl də vardı: “Müharibədən sonrakı dönəmdə bu dinamika daha da artıb. Xüsusilə də Rusiyanın başqa ölkələrlə sərhədləri açması bu axını daha da sürətləndirib. Təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub. Ukraynaya getmək istəyənlər müəyyən problemlərlə üzləşiblər. Onların bəziləri ya geri qayıdıb, ya da başqa ölkələrə üz tutub. Ermənilər ən çox Rusiyaya gedirlər. Ötən il 30 min 500 Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Ermənilərin başqa ölkələrə köç etməsi əsasən Ermənistandakı acınacaqlı vəziyyətlə əlaqədardır. Hesablamalara görə, ölkədə təbii artım da xeyli azalıb. Belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq. Müharibədən sonrakı durum da buna təsir edir. Ermənilər ölkədən həm də gələcəkdə yenidən müharibənin alovlana biləcəyindən qorxduqları səbəbindən kütləvi qaçırlar. Çünki Ermənistanda revanşist fikirlər səsləndirənlər var. Bilirlər ki, yenidən müharibə alovlansa, vəziyyətləri daha da acınacaqlı olacaq”.
Məhəmmədəli QƏRİBLİ