Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması ilə bağlı Azərbaycanın Baş prokuroru Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar norma və prinsipləri pozmaqda günahlandırıb.
Qeyd edək ki, Kəlbəcərdə mina partlayışında 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç bununla bağlı özünün Twitter hesabında bəyanat yayıb. Bəyanatda deyilir: "Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması göstərdi ki, Dağlıq Qarabağ münaqişəsindən təsirlənmiş ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac var".
Mina partlayışı nəticəsində "AzərTAc"-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və yerli icma nümayəndəsi Arif Əliyev həlak olub. Rəsmi məlumata görə, yaralanan dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri AzTV-nin rejissoru Emin Məmmədovdur. Yaralıların müxtəlif bədən xəsarətləri aldığı bildirilib, amma vəziyyətləri barədə məlumat verilməyib. Birgə məlumatda bildirilib ki, əraziyə ezam olunmuş jurnalistləri daşıyan "KamAZ" markalı sərnişin avtomobili hərəkətdə olan zaman tank əleyhinə minaya düşüb. Mina partlayışı işğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində baş verib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları baxış keçirib və məhkəmə-tibb ekspertizası təyin edilib. Rəsmi məlumata görə, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və digər maddələri ilə cinayət işi başlanıb.
Jurnalistlərin erməni minasının basdırılması nəticəsində faciəli ölümü ilə bağlı verilən beynəlxalq reaksiyaları obyektiv və yetərli saymaq olarmı?
“Dövlət qurumları ilə yanaşı digər təsisatlar da məsələyə çevik reaksiya verəndə ciddi nəticələr əldə etmək olur”
Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ötən illərlə müqayisədə budəfəki reaksiyaları bir qədər qənaətbəxş saya bilərik:
“Kəmiyyət baxımından irəliləyiş hiss edilir. Amma tamamilə qaneedici saya bilmərik. Beynəlxalq ictimai rəyi formalaşdıran bir sıra təşkilatlar və KİV-lər hələ də məsələyə münasibət bildirməyib. Bu baxımdan da cəhdlərimizi davam etdirməliyik ki, məlumatın yayılma arealı daha da geniş olsun. Verilən reaksiyalarla bağlı da təsnifat aparmaq lazımdır. Məsələn, Nyu York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi bu barədə məlumat yayıb. Amma məlumat sırf informativ xarakterlidir. Yalnız qeyd edilir ki, azərbaycanlı jurnalistlər minaya düşərək həlak olublar. Ancaq həmin minanı kim basdırıb, təxribatı kimin törətdiyi ilə bağlı bir kəlmə də olsun qeyd edilmir. Minalarla bağlı xəritənin Azərbaycana verilməməsini pisləyən heç bir söz də yoxdur. Bu, məsələyə yarımçıq reaksiyadır. Bir sıra beynəlxalq təşkilatlar isə məsələni haqq mövqeyindən işıqlandırıb. Burda da bir misal göstərə bilərəm. Məsələn, Beynəlxalq Jurnalistlər Assosiasiyası bizim müraciətimiz əsasında açıqlama verib. Hadisəni pisləyib, Azərbaycan jurnalistləri ilə həmrəyliyini ifadə edib. Göstərilib ki, bu cür hadisələrin səbəbi Ermənistanla bağlıdır. Biz bu məsələləri ciddi təhlil edib, səbəbləri araşdırmalıyıq. İnformasiyanın daha geniş yayılmasının səbəbi Azərbaycanın hökumət nümayəndələrinin, xüsusilə də ölkə rəhbərliyinin bu məsələyə çevik reaksiyası ilə bağlı oldu. Mənim rəhbərlik etdiyim Jurnalistlərin Həmkarlar İttifaqı da ayrıca bəyanatla çıxış etdi. Dövlət qurumları ilə yanaşı digər təsisatlar da məsələyə çevik reaksiya verəndə ciddi nəticələr əldə etmək olur. Allahdan şəhid jurnalistlərimizə rəhmət diləyirəm”.
Məhəmmədəli QƏRİBLİ