1995-2019-cu illər üzrə Dağlıq Qarabağın işğalı dövründə erməni əhalisinin sayı barədə məlumat yayılıb. Məlum olub ki, 25 il ərzində, vur-tut, 12,4 min nəfər artım qeydə alınıb.
Bu dövr üzrə 3 məqam diqqəti cəlb edir. 1. 1995-1999-cu illər ərzində əhalinin sayı sürətlə artıb. 2. 2005-2006-cı illər ərzində əhalinin sayında durğunluq yaranıb. 3. 2012-2014-cü illər ərzinə isə əhalinin sayında azalma müşahidə olunub. 2014-cü ildən sonra isə əhalinin sayında elə bir ciddi artım qeydə alınmayıb. Erməni tərəfi iddia edir ki, guya Qarabağda erməni əhalisinin sayı 148 min nəfərdən çox olub. Ancaq bu rəqəm real görünmür.
1994-cü ilin atəşkəs sazişindən sonra Dağlıq Qarabağın ətrafında olan ərazilərdə 1995-1999-cu illərdə məskunlaşma başlayıb. Bu dövr ərzində Ermənistandan və xaricdən köç edən ermənilər əsasən Kəlbəcər, Laçın, Qubadlı, qismən də Füzili, Cəbrayıl və Ağdam rayonlarında məskunlaşıblar. 2005-2006-ci illərdə Dağlıq Qarabağdan erməni əhalinin cüzi hissəsinin, 2012-2014-cü illərdə daha böyük köçü başlayıb.
Bütün bunlar bir daha ermənilərin müharibəyə qədər Qarabağda apardıqları süni məskunlaşma siyasətinin, praktiki olaraq, arzuladıqları kimi alınmadığını göstərir.
“Onlar hesab edirdilər ki, bu məskunlaşma ilə Azərbaycanın qarşısını alacaqlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanın işğal etdiyi Qarabağda 30 il ərzində həyata keçirdiyi demoqrafik siyasət nəticə vermədi. Əhalinin təbii artımı və ya köçürmə yolu ilə buna nail ola bilmədilər. Çünki yalan vədlərlə Suriyadan və digər ölkələrdən Qarabağa gətirdikləri ermənilər bir müddətdən sonra bu əraziləri tərk etməyə başladılar. İqtisadi və sosial vəziyyətin şərtlərinin ağır olması onları işğal olunmuş ərazilərdən getməyə məcbur etdi. Hətta müharibədən sonra erməni rəsmilər bu illər ərzində Qarabağda əhalinin sayının azalmasını özləri etiraf etdilər. Ümumiyyətlə, Ermənistanın məskunlaşdırma siyasəti 2016-ci il aprel döyüşlərindən sonra daha da intensivləşmişdi. Onlar hesab edirdilər ki, bu məskunlaşma ilə Azərbaycanın qarşısını alacaqlar. Ancaq hadisələrin gedişi göstərdi ki, Ermənistanın bu siyasəti də fiaskoya uğrayıb. Bu illər ərzində, demək olar ki, Ermənistanın Qarabağda bütün spektrlərdə siyasəti faş oldu və Azərbaycan öz ərazilərini işğaldan azad etdi”.
Politoloq onu da qeyd etdi ki, ermənilər bir sıra hallarda oradakı əhalinin sayını şişirdiblər.
Vidadi ORDAHALLI