Qarabağda məscid sülhməramlıların nəyinə lazımdır?..

Tural İrfan: “Bununla belə təəssürat yaratmaq istəyirlər ki, guya onlar da müsəlman dəyərlərinə hörmətlə yanaşırlar”

img

Xocalıda məscid tikilib və istifadəyə verilib. Bu barədə erməni jurnalist Bella Lalayan sosial şəbəkə hesabında paylaşım edib: “Artıq məscidimiz də var. Xankəndi hava limanı (Xocalıda yerləşir)... Artıq açılış da olub, qurban da kəsilib”. B.Lalayan, həmçinin, yeni tikilən məscidin fotosunu da yayıb. Yayılan foto erməni ictimaiyyətində kəskin qəzəblə qarşılanıb. Bunun ardınca erməni mediasında məlumatlar yayılıb ki, həmin məscidi bölgədə olan sülhməramılar tikib. Maraqlıdır: Xocalıda məscid tikmək sülhməramlıların nəyinə lazımdır?

Xocalı rayonunun deputatı Elman Məmmədov məlumatın həqiqəti əks etdirmədiyini deyib. O bildirib ki, 29 ildir orada azərbaycanlılar yaşamır: “Kim kimin üçün inşa edib bu məscidi?! Ora Xocalı ərazisidir, biz çıxana qədər orada məscid tikməmişdik. Bizdən sonra ermənilər məscid tikər?! Ermənilər məscid düşmənidir, bizim məscidləri dağıdıb, murdarlayıblar. Bu məlumat tamamilə yalandır. Əvvəla, ora Xankəndi yox, Xocalı aeroportudur. Bütün sənədlərdə həmin hava limanının adı Xocalı aeroportu kimi gedir. Çünki Xocalının içindədir, yaşayış evləri ilə 100-200 metr məsafədə idi. İndi həmin yaşayış evlərinin hamısını ermənilər söküb darmadağın ediblər.

Xocalıya qayıdanda evlərimizi də, məscidlərimizi də tikəcəyik. Ancaq bu, ermənilərə aid söhbət deyil”.

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin fotonu onun özü də yaxından izləyib: “Məscid kilsə formasında inşa edilib. Hətta qülləsi də kilsəyə oxşayır. Bunu ona görə ediblər ki, istənilən vaxt oranı kilsəyə çevirə bilsinlər. Həmin tikilinin rus sülhməramlıları tərəfindən tikilməsi böyük şübhələrə yol açır. Çünki ilk növbədə həmin kontingentə məscid tikmək kimi səlahiyyət verilmir. Rus sülhməramlıları bununla demək istəyir ki, ermənilərin yaşadığı ərazilər Ermənistanın deyil, məhz onların səlahiyyətindədir. Ola bilsin ki, bunun izahını sülhməramlıların da içərisində Rusiya vətəndaşı olan müsəlmanların mövcudluğu ilə izah etsinlər. Ən əsas səbəb budur ki, ermənilər  Kəlbəcərdəki Xudavəng və digər monastırlara da gəlib ibadət edirlər. Həmin ziyarətlər sülhməramlılar tərəfindən təşkil edilir. Bununla belə təəssürat yaratmaq istəyirlər ki, guya onlar da müsəlman dəyərlərinə hörmətlə yanaşırlar. Olduqca süni addımdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər