İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləridir - bölgəmizin gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri üçün vacib siyasi hadisədir. Rusiya və Ermənistan informasiya məkanlarında hadisələrin növbəti inkişafı ilə bağlı bir neçə versiya səsləndirilir:
1) Seçkilərədə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığa bilmir. Ermənistan prezidenti səsvermə nəticələrinə görə növbə ilə hökumət formalaşdırmağı ilk 3 yeri tutan siyasi quruma həvalə edir, onlar da koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin edilir;
2) Seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır, təkbaşına iqtidar olmaq üçün kiçik partiyalara ehtiyac duyulur, danışıqlarla bir neçə mandat qazanmış siyasi təşkilatı koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır;
3) Seçkidən dərhal sonra Köçəryan və dəstəsi küçələrə çıxır, seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışır. Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlir: daxili hesablaşmalar başlayır, həbslər olur, qarışıqlıq artır.
Müzakirələrdə daha çox 3-cü versiyanın üzərində dayanılır. Bunu nə dərəcədə mümkün saymaq olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri, sabiq millət vəkili Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı seçkilərin ağır keçəcəyi dəqiqdir: “Paşinyan rəy sorğularına görə irəlidədir. Köçəryanın isə təkbaşına hakimiyyətə gəlmək kimi şansı yoxdur. Buna görə də onlar seçkiləri mübahisələndirmək üçün indidən hazırlaşırlar. Əminəm ki, Rusiya Köçəryanı müdafiə etməyəcək. Rusiya üçün hazırda ən əlverişli namizəd Paşinyandır. Həm realistdi, həm də atdığı imzanın arxasında durur. Rusiya maraqlıdır ki, qarant durduğu üçtərəfli bəyanatın müddəları tez həyata keçsin. Hətta müxalifətdən kimsə hakimiyyətə gəlsə belə, bu, Köçəryan olmayacaq. Köçəryanın erməni cəmiyyətində ciddi bir nüfuzu yoxdur. Şübhə etmirəm ki, Ermənistanı xaos və küçə döyüşləri gözləyir. Bütün bunlara rəğmən, Paşinyan hakimiyyətdə qalmağı bacaracaq. Çünki 44 günlük müharibədən sonra ermənilər tarixlərinin ən böyük fəlakətini yaşadılar. Buna baxmayaraq, Paşinyan xarici güclərin və xüsusilə də Rusiyanın dəstəyilə hakimiyyətdə qalmağı bacardı. Qeyd edim ki, Ermənistanda Paşinyanın hakimiyyətini qoruya bilməsi bizim maraqlarımıza tam cavab verir. Çünki bizə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı olan adam lazımdır. Bu parametrlərə də Paşinyan tam uyğun gəlir”.
Məhəmmədəli QƏRİBLİ