“Bizim ən böyük bədbəxtliyimiz tariximizin saxta olmasındadır”. Bu fikirləri tanınmış erməni tarixçi Filip Ekozyanç səsləndirib.
O, erməni cəmiyyətinə müraciət edərək bildirib ki, biz bu məsələ ilə ciddi məşğul olmalıyıq: “Buradan öz erməni qardaşlarıma demək istəyirəm ki, biz özümüz yazmamışıq bu saxta tarixi. Bizim üçün yazıblar ki, bizi idarə etsinlər. Hər dəfə biz qonşularla sülh barədə fikirləşəndə, köhnə kitabxana zirzəmilərindən çıxarıb həmin “qədim tarix”i bizim gözümüzə soxsunlar və desinlər, “bax, onlar sənin düşmənindir, olmaz onlarla dostluq etmək, həmişə də sənin düşmənin olacaqlar”. Amma onlar heç vaxt bizə düşmən olmayıblar, heç bir qonşumuz. Düşmən odur ki, bu tarixi bizim gözümüzə soxur, düşmən odur ki, kim bu işlə məşğul olur. Biz özümüzü toparlamalı, bununla ciddi məşğul olmalıyıq”.
Görünən odur ki, artıq bəzi erməni tarixçiləri illərdir ermənilər barədə uydurulan saxta tarixdən beziblər. Özlərini bu saxta tarixin bir parçası hesab etmirlər. Çünki fərqindədirlər ki, bu, hər zaman onlara bir sıra fəlakətlər gətirib.
“Ekozyanç dəqiq və tarixi faktlarla, düşündürücü arqumentlərlə fikirlərini ortaya qoyur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, Ekozyanç kimi düşünən və reallığı dərk edən erməni ziyalılarının sayı çox azdır: “Ermənilər mifoloji tarix uydurmaqla həm özlərinə, həm də regionda yaşayan xalqlara əziyyət verirlər. Onların saxta tarixləri barədə həm biz, həm də qonşu xalqlar yazıblar. Ancaq bəla burasındadır ki, ermənilərin uydurmaları hər dəfə boşa getmədi. İllər ərzində həmin o uydurmaların əsasında ideologiya yaratdılar. O ideologiya ilə erməni gəncliyinin bütün tərbiyəsini pozdular. Beyinlərini zəhərləyib türkü düşmən kimi təqdim etdilər. Bütün bu ideologiya onları o yerə gətirib çıxardı ki, ermənilər silaha sarılaraq 20-ci əsrin əvvəllərində Azərbaycana qarşı böyük qırğınlar törətdilər. Sonralar bu siyasəti yenə davam etdirdilər. Nəhayət, 1989-cu ilə qədər Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. Qarabağda nə qədər nahaq qanlar töküldü. Mən özüm tarixçi olaraq F.Ekozyançın yazılarını izləyirəm. Ona qədər Şahnazaryan başda olmaqla bəzi erməni ziyalılar da var ki, onlar ağıllı düşünürlər. Öz xalqlarını başa salmağa çalışırlar. Ancaq onların sayı elə də çox deyil. Lakin Ekozyanç dəqiq və tarixi faktlarla, düşündürücü arqumentlərlə fikirlərini ortaya qoyur. Bunu başa düşməyən erməni o zaman dünyada heç nəyi anlamaz. Həqiqətən də ermənilər başqalarının yazdıqlarının əlində alət olublar. Qriqoryan kilsəsi, erməni diaspor təşkilatları, bir də xaricdə olan bütün imperiyalar erməniləri alət kimi istifadə etmək üçün onlara o cür tarix yazırlar. Daha sonra onlar üçün siyasi planlar tuturlar. Onlar da 1 əsrə yaxındır Cənubi Qafqazda əhalinin dincliyini pozublar. Ərazi iddiaları ilə çıxış edirlər. Bu da son nəticədə elə onların öz əleyhinə işləyir”.
Professor onu da qeyd etdi ki, ermənilər bu kimi çağırışlardan nəticə çıxarmasalar, daha ciddi fəlakətlərlə üzləşəcəklər.
Vidadi ORDAHALLI