Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşması haqda Azərbaycanın dediklərini artıq Ermənistanda da qəbul etməyə başlayıblar. Burada hesab edilir ki, Azərbaycan həqiqətən də münaqişəyə son qoyub və hadisələrin inkişaf axarı da bunu təsdiq edir.
Qeyd edilənlərlə bağlı “168.am” nəşri də yazır ki, İrəvan Bakının yanaşmasını qəbul etməyə məcburdur: “Müharibənin başa çatmasından artıq 6 aydan çox zaman keçib və belə bir təəssürat var ki, Ermənistanda səlahiyyətli şəxslər cəmiyyəti “olan-olub, mövzunu bağlamaq və irəli getmək, yolların blokadadan çıxarılması məsələsinə, rəqiblə “yoldaşlıq” və ticarət etməyə keçmək olar” fikrinə çəkmək üçün hər şey edir. Bu il yanvarın 11-də Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış, nəqliyyat yollarının blokadadan çıxarılmasına aid olan birgə bəyanat da bunu sübut edir. Başqa bir əhəmiyyətli məsələ Qarabağ mövzusudur. Bu gün, demək olar, heç kim bu barədə danışmır, beynəlxalq platformada isə Qarabağ mövzusu qaldırılmır, sanki ikinci plana atılıb. İlham Əliyevin Qarabağ probleminin həll edildiyini bildirməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə Qarabağ problemindən çox Ermənistan-Azərbaycan sərhədi ilə məşğul olması fonunda bu reallıq daha açıq-aşkar olur”. Nəşr qeyd edir ki, sözügedən məsələdə Azərbaycanın daha bir mühüm uğuru Rusiyanı öz yanına çəkməsidir. Bildirilir ki, Azərbaycan və Rusiyanın mövqeyi tamamilə üst-üstə düşür. Xüsusən də o fonda ki, Moskva da Bakı kimi Azərbaycan-Ermənistan sərhədinə Qərbdən İrəvanın istədiyi kimi heç bir kənar müşahidəçinin gəlməsini istəmir. Bunu “İzvestiya”ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın dedikləri də təsdiq edir: “Qarabağdakı vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir. Məsləhətləşmələr, danışıqlar aparılır. Mənə elə gəlir ki, xarici işlər nazirləri, həmçinin Xarici İşlər nazirlikləri ilə və səfirliklər vasitəsilə qarşılıqlı işlər hər gün davam etdirilir. Həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xəttindəki siyasi şöbələr arasında telefon danışıqlarına dair xəbərlər mütəmadi olaraq çıxır, onları görürsünüz və oxuyursunuz. Buna görə deyə bilərik ki, ölkəmiz qan tökülməsinin həqiqətən dayandırıldığı qaynar mərhələdə və münaqişədən sonrakı mərhələdə bu vəziyyətin həlli üçün böyük səylər sərf edib. Münaqişədən sonrakı dövrdən danışan zaman mən münaqişənin kəskin fazasından sonrakı mərhələni nəzərdə tuturam. Əlbəttə ki, bu yalnız ölkə rəhbərliyinin siyasi, diplomatik səyləri, şəxsi səyləri deyil, bu işdə indi orada olan, hər gün öz gücünü, ruhunu, bacarığını, peşəkarlığını ortaya qoyan sülhməramlılarımızın da rolu böyükdür. Buna görə də, əlbəttə ki, bu vəziyyətdə Rusiya sülhməramlılarının rolu qiymətləndirilə bilməz”.
Ermənistanın Milli Özünütəyinetmə Birliyinin lideri Paruyr Hayrikyan qeyd edir ki, baş verənlər Rusiyanın daha çox Azərbaycanın yanında yer almasının təsdiqidir. Onun sözlərinə görə, Rusiya özünü Ermənistanın düşməni elan edib. Erməni hərbi ekspert Karen Vartanesyan da bu fikirdədir: “Bu gedişlə Suriya Ermənistanla müqayisədə istirahət zonasını xatırladacaq. İrəvanın beynəlxalq müşahidəçilərin Azərbaycanla sərhəddə yerləşdirilməsinə dair təklifi siyasi ekspert dairələrinin kəskin tənqidinə səbəb olub. Maraqlıdır ki, qərbpərəst və ya rusiyapərəst istiqamətdən asılı olmayaraq, ekspertlərin əksəriyyəti bu təşəbbüsün məhz Ermənistan üçün ciddi risqlərlə nəticələnə biləcəyi qənaətindədir. Hamımız bugünki Suriyanın fotoşəkillərini, nə gündə olduğunu görmüşük. Amma unutmaq olmaz ki, cəmi 11 il əvvəl Suriya çiçəklənən bir dövlət idi. Ermənistanı isə bundan da pis günlər gözləyir. Bu tipli müşahidə missiyasının regiona gəlməsi Ermənistanın başqa sərhədlərində də eyni məsələnin meydana çıxa biləcəyi anlamına gəlir. Bu, çox təhlükəli təklifdir və onun nəticələri Ermənistan üçün faciəvi ola bilər". Vartanesyan əmindir ki, Ermənistan bu gün fundamental böhran qarşısındadır. Digər erməni ekspert, tanınmış politoloq Stepan Danielyan isə belə bir fikirdədir ki, Ermənistan sərhədində ATƏT-in Minsk Qrupunun müşahidəçiləri haqqında təklif Rusiyaya qarşı şantajdır. Bundan başqa, Danielyan əmindir ki, bu proseslər reallaşacağı təqdirdə, müşahidəçilər ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndələri ilə kifayətlənməyəcək: “Cəsədin olduğu yerə həmişə quzğunlar yığışar… Müşahidəçilərin tərkibinə Rusiya, ABŞ, Fransa, İran, Türkiyə, Çin, Hindistan, Böyük Britaniya və İsrail daxil olacaq. Bütün bunların necə olacağını isə zaman göstərəcək”. Onun fikrincə, bunlar həm də onun nəticəsidir ki, Qarabağ münaqişəsi Bakının dediyi kimi bitib və diqqət sərhədlərin müəyyən edilməsinə yönəlib: “İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da həmrəydir. Bakı üçün indi əsas məsələ sərhədlərin müəyyən edilməsidir. Elə Ermənistanda da diqqət bunun üzərindədir. Rusiya da bunu istəyir. Qarabağı isə heç yada salan yoxdur. Deməli, münaqişə artıq bitmiş hesab edilir”.
Nahid SALAYEV