İyunun 2-də Yasamal Rayon Məhkəməsinin binasında iki erməni hərbçi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyanın məhkəməsi başlayıb. Proses hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilib. Müttəhimlər 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbi əsirlərə qarşı işgəncə və qeyri-insani rəftarda ittiham olunur.
Lüdviq Mkrtçyan (1969-cu ildə anadan olub) Ermənistandan Dağlıq Qarabağa gəlmiş silahlı birləşmələrin tərkibində olub. 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığında Ballıca meşə bazasında 13 azərbaycanlı əsirin, 1999-cu ilin sentyabrında isə İrəvanda Azərbaycanın Tərtər rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında əsir götürülmüş azərbaycanlı girovların dindirilməsində iştirak edib. İstintaqla müəyyən edilib ki, Lüdviq Mkrtçyan Dağlıq Qarabağın müxtəlif yerlərində 11 azərbaycanlının əsir götürülməsində iştirak edib, onlara Şuşa və İrəvanda işgəncələr verib, həmçinin əsir düşmüş hərbi qulluqçunu avtomatı ilə güllələyib. Mkrtçyan 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi yaxınlığında tutulub.
İkinci müttəhim, Ermənistan vətəndaşı Alyoşa Xosrovyan (1967-ci ildə anadan olub) da eyni cinayətlərə görə ittiham olunur. İstintaq müəyyən edib ki, o, beş azərbaycanlı əsirə işgəncə verib və bu, 1994-cü ildə keçmiş Martuni rayonunun Msmna (Ağbulaq) kəndində baş verib.
Bundan əlavə, Xosrovyan 1993-94-cü illərdə Şuşa şəhər həbsxanasında azərbaycanlı hərbi əsirlərə qarşı xüsusi qəddarlıq nümayiş etdirib. O, 3 oktyabr 2020-ci ildə Azərbaycan ərazisində kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Mkrtçyan və Xosrovyan Azərbaycan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını pozma), 279.1 (qanunsuz silahlı birləşmələrdə iştirak), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) və digər maddələrlə ittiham olunur.
Bu məhkəmənin, hüquqi olmaqla yanaşı, həm də mənəvi və siyasi əhəmiyyəti var. Çünki artıq Azərbaycan işğal altında olan ərazilərində törədilən cinayətlərə görə də təqsiri olanlar üzərində hüquqi mühakimə həyata keçirməyə nail olub.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə həm də ilahi ədalət öz yerini tapıb: “Bizim hüquq-mühafizə orqanları erməni cəlladları tərəfindən törədilən cinayətlərlə bağlı işlər açanda, onlar barədə qiyabi axtarış elan edəndə bəziləri buna rişxəndlə yanaşırdı. İndi görürük ki, hər kəs öz etdiyi əmələ görə cəzasını alır. Hesab edirəm ki, bu hələ başlanğıcdı. Xocalı və başqa qətliamlarda əlləri olan və sonradan Ermənistana rəhbərlik etmiş şəxslər də yaxın zamanlarda qanun qarşısında cavab verməli olacaq. Məhkəmədə monitorinq aparan beynəlxalaq qurumlar bildirir ki, proses tam şəffaf və beynəlxalq normalara uyğun şəkildə aparılır. Biz gördük ki, Yasamalda məhkəməsi gedən ermənilərin əməlindən zərər çəkən şəxslər də hazırda sağdı və onlar məhkəmə istintaqında iştirak edirlər. Bu bir daha sübut edir ki, Azərbaycan tam mahiyyəti üzrə məhkəmə prosesi aparır. Ermənilər bu məhkəmə prosesinə müxtəlif donlar geyindirməyə çalışsalar da, ortadakı dəlillər bunları inkar edir. Çünki bu adamlar hərbi əsir yox, konkret cinayət törətmiş şəxslərdi. Ermənistan təbliğat maşını onlara başqa hüquqi status verməklə qeyd-şərtsiz, üzərlərində məhkəmə prosesi qurulmadan geri təhvil verilmələrinə nail olmaq istəyir. Ancaq biz görürük ki, həmin şəxslərin konkret cinayətləri olub və istintaqda tam sübuta yetirilib. İşə rayon məhkəməsində baxılması onların ittiham olunduğu maddələrlə bağlıdır. Həmin cinayətlərə görə 7 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözlənilir. Cinayətkarlar layiq olduğu cəzanı alacaq”.
Məhəmmədəli QƏRİBLİ