Mətbuatda Ermənistanın baş naziri vəzifəsini müvəqəti icra edən Nikol Paşinyanın Avropa Şurasının rəhbəri ilə görüşdə həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyi bildirilir. Paşinyan Avropa Şurasının rəhbəri ilə görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxmasının vacibliyini vurğulayıb.
Azərbaycanın Ermənistan ərazisində ordusu var ki, Pasinyan Avropa Şurasının rəhbərinə yalan, yanlış məlumat verib? Bəs bu halda Avropa Şurasının rəhbəri nə üçün Paşinyanın yalanını tutmayıb?
“Avropa Şurası rəhbərliyi Paşinyanın yalanını ifşa etsəydi, bununla Fransanın ermənipərəst mövqeyini ifşa etmiş olardı”
AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın bu cəhdi Azərbaycana qarşı növbəti məsuliyyətsiz davranışı və şər kampaniyası aparmasının təzahürüdür. Avropa Şurasında da, başqa beynəlxalq təşkilatlarda da Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində olmadığı yaxşı bilinir, sadəcə, onlar öz ermənipərəst mövqelərindən qalmırlar. Paşinyan öz ölkəsində seçki öncəsi seçicilərlə kampaniya aparmaq əvəzinə, yeni böyük dövlətin ətəyindən yapışmağa çalışır. “Buna köhnə dövlət də demək olar. Çünki Fransa elə köhnədən erməni separatizmini dəstəkləyib, ermənilərin xəstə təfəkküründən, xəstə təxəyyülündən sui-istifadə edib. Amma bilirsiniz ki, rus imperiyası birbaşa ermənilərdən tarix boyu işğal etdiyi ərazilərə köçürməklə istifadə edib. Ermənilərin də xislətində var ki, tarix boyu yaşadıqları ölkələrə, öz himayədarlarına xəyanət edərək, yeni “böyük qardaş”, yeni “rəhbər” axtarışında olublar. Paşinyanın da faciəsi ondadır ki, XIX əsrin əvvəllərində başlayan ənənəvi erməni siyasətindən bir qədər kənara çəkilib Qərbə meyllənməsi Fransaya növbəti səfərdə bir daha sübut olunur. Yəni Paşinyan və onun opponentlərinin seçkidə qələbə çalmağa inamları azdır. Seçkilərdə normal bir opponent olsaydı, erməni xalqı seçim qarşısında qalsaydı, Paşinyana yox, onlara səs verərdi. Amma bu saat erməni xalqı çox ağır durumdadır, müharibədən məğlub çıxmış bir xalqdır. Əvvəlkilər oğru, quldur bir hakimiyyət olub, Paşinyan isə öz populist çıxışları, saxta təbliğatı ilə özünü böhrana salıb, amma hələ erməni xalqı əvvəlki qatil prezidentlərdənsə ona bir az üstünlük verir. Amma son zamanlar ölkə daxilində süni gərginliyin artması, Azərbaycan ərazilərinə qarşı yenə təxribatların olması göstərir ki, üçüncü qüvvələr var, onlar Paşinyanın seçilməsini istəməyərək belə təxribatlara əl atırlar”.
Avropa Şurasının rəhbəri ilə görüşdə Paşinyanın sərsəmlədiyini deyən M.Zülfüqarlı hesab edir ki, onlar da artıq onun müvazinətini itirmiş birisi olduğunu yaxşı bilirlər. “Paşinyanın seçki öncəsi Avropa Şurası rəhbəri ilə görüşdə bu cür sərsəm, əsassız fikir səsləndirməsi Ermənistan auditoriyasına və erməni lobbisinə hesablanıb. Avropa Şurası Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın öz ərazisində olduğunu və Paşinyanın yalan danışdığını yaxşı bilir, amma susur. Onu da bilirlər ki, Paşinyan müvazinətini itirmiş qeyri-ciddi birisidir. Azərbaycanın tarixi ərazilərində yaranan Ermənistan dövləti Sovet dövründə yaradılmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazilərini hələ də qəbul etmək istəmir. Halbuki, bununla bağlı beynəlxalq sənədlər, xəritələr, beynəlxalq hüquq var. Mənə belə gəlir ki, seçki öncəsi Paşinyanın Fransaya getməsi, Avropa Şurasının ofisində həqiqətə uyğun olmayan fikirlər bildirməsi seçkiyə hesablanmış məsələdir. Avropa Şurası rəhbərliyi Paşinyanın yalanını ifşa etsəydi, bununla Fransanın ermənipərəst mövqeyini ifşa etmiş olardı” - deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA