Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Minsk Qrupu sərhədlərin delimitasiyası prosesində iştirak edə bilər.
Sərhədlərin delimitasiyası və demarkasiyası mövzusuna toxunan Lukaşeviç qeyd edib ki, Rusiya bu məsələdə öz vasitəçilik xidmətini təklif edib, ancaq tərəflərin razılığa gəlməsi lazımdır: “Yaxın günlərdə həmsədrlərin bölgəyə gedib, vəziyyəti aydınlaşdırıb, tərəflərlə danışıqlar aparması vacibdir. Minsk Qrupu sərhədlərin delimitasiyası prosesində iştirak edə bilər. Hesab edirəm ki, belə imkan çox yaxın müddətdə yarana bilər”.
Görünən odur ki, həmsədrlər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesə girmək istəyirlər. Hansı ki, heç kim sərhədlərin delimitasiyası ilə bağlı ATƏT-in Minsk Qrupuna mandat verməyib. Sərhəd məsələsini Azərbaycan və Ermənistan müzakirə edib qərar verməlidirlər. Minsk Qrupunun mandatında iki dövlətin sərhədini müəyyən etmək səlahiyyəti yoxdur. Belə olan halda, ATƏT iki müstəqil dövlətin öz sərhədini delimitasiya etməsinə necə qarışa bilər? Minsk Qrupu niyə özünün yaxasını cırır?
“Siyasi və hüquqi baxımdan buna hansısa əsas və ehtiyac yoxdur”
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, bu kimi vasitələrlə ölmüş Minsk Qrupunu yenidən diriltmək istəyirlər: “Məqsəd yalnız bundan ibarətdir. Məsələ ondadır ki, ATƏT-in Minsk Qrupunun missiyası artıq sona çatıb. Özü də uğursuz formada. Çünki ötən 30 il ərzində Minsk Qrupu tərəflər arasında danışıqlar prosesini təşkil etdi, amma heç bir nəticəyə nail ola bilmədi. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində özü bu məsələni həll etdi. İndi Minsk Qrupu postmünaqişə dövründə istəyir ki, yenidən proseslərdə təmsil olunsun. Ancaq Minsk Qrupunun hansısa formada bu prosesdə iştirakına Azərbaycanın ehtiyacı yoxdur. Sərhdlərin delimitasiyası məsələsi ATƏT-in mandatına daxil deyil. Bundan sonra da hansısa formada ATƏT-ə belə bir mandat verilməsinə əsas yoxdur. Siyasi və hüquqi baxımdan buna hansısa əsas və ehtiyac yoxdur. Belə olan halda, hansı vasitəçilikdən danışırlar? Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyasını tərəflər həyata keçirməlidirlər. Biz özümüz bunu həll etmək iqtidarındayıq və Minsk Qrupuna ehtiyacımız yoxdur. ATƏT-in Minsk Qrupu həqiqətən də məsələlərin həllinə hansısa real bir kömək etmək istəyirsə, o zaman Ermənistana təzyiq göstərsin. Təzyiq göstərsin ki, bu ölkə təxribatlara son qoysun. Ermənistan SSRİ dönəmində müəyyən olunan sərhədlərə geri çəkilsin. Azərbaycanla sərhəddə nə qədər təxribat törətmək olar? Məgər ATƏT bunu görmür? Hansı üzlə delimitasiya prosesində iştirak etmək istəyirlər? Bütün hallarda, ATƏT-in Minsk Qrupunun missiyası sona çatıb və bunu bütün xarici dövlətlər anlamalıdırlar”.
Politoloq onu da qeyd etdi ki, ATƏT-in Minsk Qrupu özünü doğrultmadığı üçün qurumun bu kimi proseslərdə vasitəçi olmağa haqqı yoxdur.
Vidadi ORDAHALLI