Məlum olduğu kimi, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransa və Belçikaya səfər edib. Səfər çərçivəsində Paşinyan bir sıra görüşlər keçirib.
Parisə səfəri əsnasında Paşinyan Fransa prezidenti Emmanuel Makron, Fransa Milli Məclisinin spikeri Rişar Ferran, Senatın spikeri Jerar Larşe, Parisin meri Ann İdalqo, habelə Fransa parlamentindəki ermənipərəst deputatlarla, sonda isə Fransadakı erməni icmasının rəhbərləri ilə görüşüb.
Parisdə erməni icmasının nümayəndələri ilə görüşündə Nikol Paşinyan Rusiyanı xeyli qəzəbləndirəcək açıqlama ilə çıxış edib. O deyib ki, noyabrın 10-da Qarabağla bağlı imzalanan üçtərəfli bəyanat mövcud problemləri həll etmədi: “Savaşı saxladığımız kağız, əslində, heç bir problemi həll etmədi, çünki sürünən problem davam edir. Təhlükə də elə həmin təhlükədir və bu, indi üzləşdiyimiz ən böyük problemdir”.
Fransadan sonra Paşinyan Belçikaya səfər edib. Brüsseldə o, Avropa Şurasının prezidenti Şarl Mişel, Belçika Krallığının baş naziri Aleksandr de Kro ilə görüşüb. Şarl Mişel ilə görüşdə Ermənistan-Aİ əməkdaşlığı prosesi, bu il martın 1-də qüvvəyə minmiş Hərtərəfli Genişləndirilmiş Tərəfdaşlıq haqda Saziş çərçivəsində nəzərdə tutulan proqramlar, xüsusən institusional islahatlara yönəlmiş birgə tədbirləri müzakirə ediblər.
O da məlumdur ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə çox az qalıb. Ölkədə ictimai-siyasi vəziyyət olduqca gərgindir. Belə bir mürəkkəb durumda Paşinyanın Avropa turuna çıxmaqda əsas məqsədləri nədir?
“Sərhədlərin demarkasiyası ilə bağlı ajiotaj...”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Paşinyanın Avropa turnesinin məqsədini əsasən iki kontekstdən dəyərləndirmək lazımdır: “Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin bölgədə yaratdığı yeni geosiyası reallıqlar kontekstində baxmaq lazımdır. İkincisi, Ermənistanın özündə parlament seçkiləri ərəfəsində yaşanan və müxtəlif siyasi qüvvələr arasında getdikcə güclənən siyasi qarşıdurmalar kontekstində yanaşmaq lazımdır. Əvvəla müharibənin yaratdığı yeni geosiyasi reallıqlar ondan ibarət oldu ki, başda Fransa olmaqla, bəzi Avropa dövlətləri yaranan yeni reallıqlardan narazı qalıblar. Bu baxımdan, Makronun Azərbaycana yönəlik çağırışları, Fransa Senatının məlum qərarları göstərir ki, onlar Azərbaycanın qələbəsindən məmnun deyillər. Bu, Fransanın Ermənistanla olan xüsusi yaxınlığından, erməni lobbisinin təsir imkanlarından irəli gələ bilər. Bütün hallarda, Fransa həmsədr ölkə olaraq birtərəfli mövqe sərgiləyir. Paşinyan Avropa turnesi çərçivəsində bölgədə yaranan yeni geosiyasi reallıqlardan öz korporativ maraqları naminə bəhrələnmək istəyir. Bu minvalla, Paşinyan hakimiyyətdə qalmaq üçün siyasi dəstək istəyir. Bununla belə, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası ilə bağlı ajiotaj yaratmaq istəyir. Çalışır ki, Avropa ölkələrinin dəstəyinə nail olsun və ölkə elektoratına təsir etsin. Səfərdə daxili auditoriyaya hesablanmış məqamlar var. Bu isə erməni müxalifətinin xeyrinə deyil. Paşinyan Avropa dövlətlərindən siyasi dəstək ummaqla yanaşı, maliyyə dəstəyi də umur. Məsələ ondadır ki, 44 günlük müharibə bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurub. Avropanın maliyyə institutlarının yaxın dəstəyi olmadan bu problemləri yaxın perspektivdə həll etmək mümkün deyil”.
Bütün bunlara rəğmən, politoloq hesab edir ki, Paşinyan istəklərinin çoxunu əldə edə bilməyəcək.
Vidadi ORDAHALLI