29/05/2020 12:22
728 x 90

Britaniya, Almaniya və Moldova da Qarabağda qondarma "seçkiləri" qanunsuz saydı

img

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 31 mart tarixində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”lə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Böyük Britaniya mart ayının 31-də Dağlıq Qarabağda baş tutan qondarma “seçkiləri” tanımır. Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bildirir və bu prosesdə Azərbaycan və Ermənistanı etimadın yaradılması və danışıqlar yolu ilə həll olunması üçün səylərini sürətləndirməyə çağırır".

Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Mixael Zibert də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanat verib.

"Biz dünən Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"nin qanuni çərçivəsini tanımırıq. Həm seçkilər, həm də onların nəticələri qanunsuz sayılır" - bəyanatda deyilir.

Moldova da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma "prezident və parlament seçkilərini" qanunsuz sayır. Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bununla bağlı yaydığı bəyanatda bildirilib ki, bu bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionunun xüsusi statusunun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq Moldova Respublikası bu qondarma seçkiləri tanımır.

Bu kontekstdə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir.

Son xəbərlər