Vahid Məhərrəmov: “Bununla bağlı kredit resurslarının faiz dərəcəsi 5 faizdən yuxarı olmamalıdır”
Kreditlərin məqsədyönlü istifadəsinə nəzarət məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti səlahiyyətli kredit təşkilatları ilə birgə kredit monitorinqi keçirəcək. Bunu mətbuata açıqlamasında xidmətin rəhbəri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, bu sahədə problemlərdən biri odur ki, götürülən kreditlər təyinatı üzrə yox, şəxsi məqsədlər üçün istifadə olunur: “Bu isə problemli kreditlərin artmasına gətirib çıxarır. Ona görə də biz səlahiyyətli kredit təşkilatları ilə birgə monitorinq keçirəcəyik. Bu, heç bir halda, sahibkarlara maneə olmayacaq”.
M.Əliyev əlavə edib ki, Dövlət Xidməti kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsində məşğul olan sahibkarlara ilin sonunadək 10 milyon manatadək güzəştli kredit verməyi planlaşdırır.
Qeyd olunur ki, kreditlərin verilməsinə mayın 26-dan başlanacaq. Kreditin minimal məbləği 1000 manat, maksimal məbləği 200 min manat, maksimal faiz dərəcəsi isə 7 faiz təşkil edir.
O da məlumdur ki, Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxışı get-gedə daha da asanlaşdırılır. Bununla bağlı qanunvericilik və digər səviyyələrdə müxtəlif tədbirlər görülür. Prosedurlar sadələşdirilir, tələb olunan əlavə sənədlərin sayı azaldılır və s. Sözügedən yeniliklərdən kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar da faydalanırlar. Ancaq bütün bunlar o demək deyil ki, yaranan bu imkanlardan bəzi sahibkarlar sui-istifadə etsinlər və götürülən kreditləri təyinatı üzrə xərcləməsinlər. O baxımdan kreditlərin təyinatı üzrə xərclənməsinə nəzarətin artırılmasına ekspertlər necə yanaşır? Məsələyə münasibət bildirən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatına ayrılan kreditin təyinatı üzrə xərclənməsini təmin etmək üçün ilk növbədə onu mərhələ-mərhələ vermək lazımdır: “Məsələ ondadır ki, kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara krediti birbaşa vermək olmaz. Yəni krediti birbaşa ələ vermək olmaz. Krediti mərhələ-mərhələ vermək lazımdır və bunun hesabı olmalıdır. Bankda fermerə, kəndliyə hesab açılmalıdır və mərhələ-mərhələ həmin vəsait sözügedən hesaba köçürülməlidir. Hansı məqsədlə kredit götürübsə, onun biznes-planı olmalıdır. Həmin biznes-plana uyğun olaraq kredit mərhələlərlə verilsə, belə problem yaşanmaz. Bu zaman həm də ayrılan kreditə nəzarət etmək mümkün olacaq. Məsələn, birinci mərhələdə hansı iş görülübsə, bank nümayəndəsi yerindəcə bunu yoxlamalıdır. Məlum olsa ki, vəsait təyinatı üzrə xərclənib, o zaman növbəti vəsaitin köçürülməsinə qərar verilməlidir. Belə olarsa, o zaman kənd təsərrüfatında çalışan sahibkarların kreditlərdən düzgün istifadəetmə məsələsində problem olmayacaq. Bir də ən vacibi odur ki, kənd təsərrüfatına ayrılan kredit resurslarının faiz dərəcəsi 5 faizdən yuxarı olmasın. Yəni sözügedən kredit 5 faizdən yuxarı olmadığı halda, kəndli onu birbaşa təyinatı üzrə xərcləyə bilər və bunda maraqlı olar. Digər halda, o, kənd təsərrüfatından o qədər gəlir əldə edə bilmədiyi üçün, çalışacaq ki, həmin vəsaiti başqa istiqamətdə istifadə edib daha yüksək gəlir əldə etsin. Ondan sonra faizi ilə birlikdə krediti qaytara bilsin. Hesab edirəm ki, sözügedən məsələdə faiz amili də çox önəmli rola malikdir. Kənd təsərrüfatının kreditləşməsində faizlərin aşağı olması çox vacibdir. Çünki bu sahə rentabelli deyil”.
Vidadi ORDAHALLI