Müslüm İbrahimov: “Xarici iqtisadi fəaliyyətin aparılması üçün sahibkarlar arasında təlimlər keçirilməlidir”
"Sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır. Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar". Bunu ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
O qeyd edib ki, biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı: “Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır”.
Maraqlıdır, sahibkarlar niyə istehsal etdikləri məhsulu xarici bazarlara çıxarmağa təşəbbüs göstərmirlər?
İqtisad elmləri doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, öncə istehsal etdiyi məhsulu xarici bazara çıxarmağa təşəbbüs göstərməyən sahibkarları müəyyən etmək lazımdır: “Vaxtilə bir çox xarici ölkələrdə də istehsal olunan məhsulların dünya bazarına çıxarılması problemi yaşanıb. Bununla bağlı müəyyən işlər görülüb və məhsullar xarici bazarda öz yerini tutur. Daxildə istehsal olunan məhsul xarici bazarda layiqli yer tuta bilər. Sadəcə, sahibkarlar istehsal etdikləri məhsulun dünya bazarında nisbi üstünlüyünə fikir vermirlər”.
Həmsöhbətimiz hesab edir ki, dünya bazarına çıxarılması mümkün olan məhsulları müəyyən etmək lazımdır: “Daha sonra sahibkarlara dövlət tərəfindən ixracla bağlı dəstək mexanizmi göstərilməlidir. Xarici bazarda rəqabətə cavab verə biləcək şirkətlər müəyyən olunmalıdır.
Həmçinin, xarici ticarət təfəkkürünün artırılması ilə bağlı bəzi işlər görülməlidir. Sahibkarlara istehsal etdiyi məhsulu daxili bazarda satmaq daha asandır, nəinki dünya bazarında. Bu səbəbdən də xarici iqtisadi fəaliyyətin aparılması üçün sahibkarlar arasında təlimlər keçirilməlidir. Onu da qeyd edim ki, şirkətlərdə xarici iqtisadi fəaliyyətlə məşğul olan mütəxəssislər yox səviyyəsindədir”.
M.İbrahimovun sözlərinə görə, kiçik və orta sahibkarlıqla məşğul olanlar əksərən istehsal etdiyi məhsulu xarici bazara çıxara bilmirlər. Belə olan halda, ölkəyə yatırılan xarici investisiyanın həcmi azalır.
Ekspertin fikrincə, istehsal etdiyini xarici bazara çıxarmaq istəyən, lakin üzləşdiyi çətinliklər səbəbindən həmin məhsulu daxildə satan sahibkarlar müəyyən olunmalıdır.
Günel CƏLİLOVA