Günel Fərhadqızı: “Qeyri-neft sektorunun inkişafı bu amilləri şərtləndirir”
ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. Fond birjalarında rubl digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 60 rubldan da baha satmağa başlayıblar. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.
Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas yeri tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatlıqları artırmış oldu. Bundan hətta siyasi məqsədlər üçün yararlanmağa da cəhdlər olundu ki, əhali arasında panika toxumu səpilsin. Ciddi ekspertlər isə rəy verdilər ki, manatın kursu digər valyutlara nisbətdə stabil olaraq qalacaq. Belə də oldu, manat öz kursunu stabil olaraq saxlamaqdadır. Bizim milli valyutanın kursunun stabil qalmasında iqtisadiyyatımızda nəzərəçarpan qeyri-neft sektorunun inkişafının nə dərəcədə təsiri var?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, bu amilin iqtisadiyyatın inkişafı və manatın kursunun stabil qalmasında mühüm təsiri var: “Son illər ərzində Azərbaycanda həyata keçirilən yeni iqtisadi islahatların əsas istiqamətləri iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək, ölkəmizin ixrac imkanlarını genişləndirməkdir. Məlum olduğu kimi, ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən bu sahədə bir neçə sərəncam imzalanıb. Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayıb. Sərəncamlara əsasən, qeyri-neft sektorunda istehsalın və ixracın stimullaşdırılması kimi mühüm tədbirlər həyata keçirildi, iş adamlarına vergi və gömrük güzəştləri tətbiq olundu. Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması üçün ixrac missiyalarının həyata keçirilməsinə başlandı. Son nəticədə bütün bunlar qeyri-neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açdı. Həyata keçirilən islahatların ilkin işartıları hələ ötən illərdən özünü göstərməyə başlayıb. Bu onu göstərir ki, islahatlar real nəticə verir və hazırda Azərbaycanda qeyri-neft sektoru özünün yeni inkişaf dövrünü yaşayır. Təbii ki, bütün bu amillər iqtisadiyyatımızı gücləndirir. Milli valyutanın güclü olmasını şərtləndirən başlıca amillərdən biri də ölkənin iqtisadiyyatının dayanıqlığı, istehsalın həcminin artmasıdır. Qeyri-neft sektorunun inkişafı bu amilləri şərtləndirir. Bizdə manatın kursunun stabil saxlanmasına cüzi dəstək ola bilər. Qalan amillər isə qeyri-neft sektorunun inkişafl ilə bağlıdır. Yaranan ajiotaj, dollara nisbətən tələbatın artması isə iqtisadidən çox, psixoloji faktorlarla əlaqəlidir. Çünki qonşu ölkələrdə yaşananlar, istər-istəməz, belə vəziyyətin yaranmasını şərtləndirib. Narahatlıq üçün heç bir əsas görmürəm. Yaxın zamanlar üçün manatın kursu ilə bağlı heç bir narahatlıq yoxdur”.
Məhəmmədəli QƏRİBLİ