Vüqar Bayramov: “Tərəflər texniki və kommersiya məsələlərində ortaq məxrəcə gələ bilsələr, o zaman bunu reallaşdırmaq mümkün olacaq”
Avropa İttifaqının enerji resurslarına artan tələbatı enerji mənbələrinin maksimum diversifikasiya edilməsi zərurətini ortaya qoyur. Düzdür, Aİ ölkələri ən mütərəqqi texnologiyalar və alternativ enerji mənbələri hesabına enerjiyə olan tələbatı azaltmağa çalışırlar, amma bütün bunlar qazı əvəz edə biləcək səviyyədə deyil. Avropanın bu məsələdə ən böyük ümid bəslədiyi layihə isə “Cənub Qaz Dəhlizi”dir.
Ümumilikdə, 3500 km uzunluğa malik “Cənub Qaz Dəhlizi” layihəsi 3 boru kəmərindən ibarətdir. Azərbaycan və Gürcüstan ərazisi üzrə Cənubi-Qafqaz boru kəməri (CQB), Türkiyə ərazisi üzrə Transanadolu boru kəməri (TANAP) və Yunanıstan, Albaniya, İtaliya ərazisi üzrə Transadriatik boru kəməti (TAP) keçəcək. Bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli planlaşdırılır. 6 milyard kubmetr təbii qaz Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya göndəriləcək. Qazın ilk çatdırılması 2019-cu ildə Türkiyəyə, 2020-ci ildə Avropaya həyata keçiriləcək. Gələcəkdə qazpaylaşdırıcı stansiyalar quraşdırmaq və qaz nəqlinin həcmini 30 milyard kubmetrə qədər artırmaq olar. Zərurət yaranacağı təqdirdə isə bu göstəricinin bir qədər də artırılması mümkündür.
“Cənub Qaz Dəhlizi” layihəsində indilikdə 7 dövlət - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya iştirak edir. Həmçinin, Xorvatiya, Bosniya və Hersoqovina, Monteneqro ilə də anlaşma memorandumu imzalanıb. Bu mənada həmin ölkələr də “Cənub Qaz Dəhlizi” ailəsinin perspektiv üzvləri sayıla bilər. Eyni zamanda, ABŞ-la Böyük Britaniya da prosesdə fəal iştirakçılardan biridir. Avropa İttifaqı Komissarlığı da hər zaman sözügedən layihəyə dəstək verir.
Layihəyə qoşulması gözlənilən ölkələrdən biri də İran hesab olunur. Zaman-zaman sözügedən ölkənin bu layihəyə qoşulması gündəmə gəlib. Məsələ ondadır ki, İranın böyük qaz ehtiyatlarının olmasına baxmayaraq, onun böyük hissəsini dünya bazarına çıxara bilmir. İran 2016-cı ildən başlayaraq sutkalıq qaz istehsalı həcmini artırmağa başlayıb. Müşahidələr də göstərir ki, İran qazının ixracı üçün ən uyğun layihə məhz “Cənub Qaz Dəhlizi”dir. Hətta belə fikirlər də səslənir ki, İran əvvəl-axır bu layihəyə qoşulmalı olacaq.
Maraqlıdır, bəs ekspertlər İranın bu layihəyə qoşulma perspektivini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov buna birmənalı prizmadan yanaşmadı. O bunu bir sıra faktorlarla əlaqələndirdi: “Ümumilikdə, İranın “Cənub Qaz Dəhlizi”nə qoşulması perspektivi var, amma bu şans elə də yüksək deyil. Bunun da 2 mühüm səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, İrana qarşı ABŞ-ın sanksiyaları var. Baxmayaraq ki, Avropa İttifaqının İrana qarşı sanksiyası yoxdur və qaz Avropa ölkələrinə lazımdır. Ancaq iş ondadır ki, qlobal layihələrin reallaşmasında ABŞ-ın mövqeyi aparıcıdır. İkincisi, coğrafi baxımdan İran bu layihəyə əsasən Türkiyə ərazisindən qoşula bilər, amma həmin ərazilər dağlıq ərazi olduğu üçün, böyük xərc tələb edir. Bununla bağlı çoxsaylı ötürücü qurğuların inşa olunmasına ehtiyac var. Bu da İranın layihəyə qoşulmasını çətinləşdirir. Düzdür, istər İranın, istərsə də Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması layihənin rentabelliyini artıracaq. Azərbaycan vasitəsilə layihəyə qoşulmağın çətinlikləri ondan ibarətdir ki, İranın qaz ehtiyatları əsasən Fars körfəzində cəmləşib. Məsafə baxımından da Azərbaycana çox uzaqdır. Bu da çox xərc tələb edir. Təbii ki, burada söhbət texniki xərcdən gedir. Tərəflər bu xərclərin bölüşdürülməsinə razı olarsa, o zaman hansısa irəliləyişlərə nail olmaq mümkündür. O üzdən, İranın bununla bağlı şansları olsa da, onların reallaşması imkanları yüksək deyil. Bütün bunlara rəğmən, hesab edirəm ki, İranın “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması mümkün olarsa, o zaman ən uyğun variant Azərbaycan olacaq. Nəzərə almaq lazımdır ki, bununla bağlı Azərbaycanda çox yaxşı infrastruktur mövcuddur. O baxımdan tərəflər texniki və kommersiya məsələlərində ortaq məxrəcə gələ bilsələr, o zaman bunu reallaşdırmaq mümkün olacaq”.
Vidadi ORDAHALLI