Vüqar Bayramov: “Gəlirlər artdıqca, bu, banklarda manatla olan depozitlərin həcminin artmasına öz təsirini göstərir”
Azərbaycan iqtisadiyyatında müşahidə olunan inkişaf tendensiyası bütün sferalarda özünü göstərir. İstər neft, istərsə də qeyri-neft sektorunda qeydə alınan artımlar bu qənaətə gəlməyə əsas verir. Təkcə bu ilin yanvar ayında 4 faiz iqtisadi artım qeydə alınıb. O cümlədən, iqtisadiyyatda 350 milyon dollar müsbət saldo qeydə alınıb.
Ən başlıcası odur ki, iqtisadiyyatda müşahidə olunan müsbət dinamika milli valyutaya etimadı artırır. Fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2 faiz artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. Bir ay ərzində bu əmanətlər 96 milyon manat, yaxud 4,4 faiz artaraq 2,285 milyard manat təşkil edib. Xalqın milli valyutaya inamının artmasını 2017-ci illə müqayisə edəndə də görmək olar. 2017-ci ilin əvvəlləri ilə müqayisədə bu nisbət 832 milyon manat və ya 57 faizdir. Bunun əksi olan göstəricilər dollar əmanətlərində izlənir. Bir ay ərzində dollar əmanəti 6 milyon manat dəyərində aşağı düşüb.
Bu arada Mərkəzi Bankın yaydığı məlumatına görə, yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7561,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 66,9 faiz, bu əmanətlərin əhali tərəfindən banklara qoyulmuş əmanətlərin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 20,4 faizdən 33,5 faizədək artıb. Xarici valyutada olan əmanətlər 2017-ci il yanvarın 1-i ilə müqayisədə 15,2 faiz azalıb.
Bütün bunların fonunda millli valyutaya inamın, banklarda manatla qoyulan əmanətlərin həcminin artması nəyin göstəricisidir?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir sıra səbəbləri var. Bir səbəbi onunla əlaqədardır ki, əhalinin gəlirləri artır. Gəlirlər artdıqca, bu, banklarda manatla olan depozitlərin həcminin artmasına öz təsirini göstərir. Digər tərəfdən, banklarda milli valyuta ilə bağlı daha yüksək dividendin təklif olunması buna öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, milli valyutada qorunan əmanətlər 15 faiz təşkil edir. Xarici valyutada qoyulan əmanətlərdə isə bu rəqəm bir neçə dəfə aşağıdır. Bütün bunlar da, öz növbəsində, əhalini manatla yığımlar etməyə təşviq edir. Onları stimullaşdırır və təşviq edir ki, depozitləri manatla banka qoysunlar. Bütün bunlarla yanaşı, manatın 2017-ci ilin fevralından etibarən stabil qalması da bu istiqamətdə gedən proseslərə müsbət təsir göstərib. Məsələ ondadır ki, bir ildir manatın məzənnəsi stabil qalıb. Bu amil milli valyuta ilə yığımlara marağın artmasına gətirib çıxarıb. Əvvəlki dövrlərdə dollarla olan əmanətlərin artması manatın devalvasiyası ilə bağlı idi. Manatın məzənnəsi stabilləşdiyi üçün, bu təhlükə arxada qalıb. Ancaq hələ də xarici valyutada saxlanan əmanətlərin həcmi dominantdır. Lakin son bir ilin tendensiyası göstərir ki, milli valyutada əmanətlərin saxlanmasına maraq artır və mərhələli şəkildə daha çox vəsaitlərin milli valyutada saxlanması prosesi müşahidə olunur. Ümumilikdə, yığımların milli valyutada aparılması müsbət tendensiyadır və Mərkəzi Bank çalışmalıdır ki, manatın stabilliyini uzun müddət qoruyub saxlaya bilsin. Ona görə ki, daha çox depozitin milli valyutada saxlanması mümkün olsun. Şübhəsiz ki, bütün bunlar iqtisadiyyat üçün müsbət haldır”.
Cəmilə QARAYEVA