Qeyri-neft sektorunun mühüm sahəsi kimi kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verir. Məhz bunun nəticəsidir ki, ölkənin qeyri-neft üzrə ixrac potensialının artmasında əsas rol məhz aqrar sahəyə məxsusdur. Hazırda aqrar sahədə pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın və digər bu qəbildən olan sahələrin inkişafına ayrılan diqqət qeyd olunan istiqamətdə böyük uğurlara yol açıb.
Ölkədə həmin sahələr üzrə müvafiq proqramlar da qəbul olunub. Amma indi görünən odur ki, dövlət aqrar sahədə daha böyük nəticələrə nail olmağı hədəf kimi müəyyən edib. Bunu son günlərdə qəbul edilən bir sıra yeni dövlət proqramları da təsdiq edir. Məsələn, elə bu günlərdə prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Artıq sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Bundan başqa, sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Eyni zamanda, Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır. Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.
Fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Çayçılığın inkişafına dair proqramın icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, məlumdur ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə, ölkənin ümumi aqrar potensialını gücləndirəcək. Bundan əlavə, gələn ilədək çayçılıq sahəsində mütərəqqi sığorta mexanizmi yaradılacaq. Eyni zamanda, çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması, bu sahədə dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub. Hesab edilir ki, yeni proqramlar sitrus meyvəçiliyinin, çayçılığın inikşafını xeyli sürətləndirəcək. Eyni zamanda bu sahələr Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcminin daha da artmasına gətirib çıxaracaq. İqtisadçı Müslüm İbrahimov da bunu təsdiqləyir və qeyd edir ki, ölkədə, məsələn, çayçılığı inkişaf etdirmək üçün bütün şərait mövcuddur: “Azərbaycan bu statusuna görə öz məhsulunu sata bilər. Bizim məhsullarımıza, əsasən Qərbi Avropada tələbat var. Bu da xarici valyutanın Azərbaycana gəlməsi üçün şərait yaradır. Aksioma kimi qəbul olunmalıdır ki, bu məhsullar istehsal edilib dünya bazarına çıxarılmalıdır”. Ümumiyyətlə, istər çayçılıq, istər sitrus meyvəçiliyi və digər aqrar məhsullar üzrə ixracın həcminin artması qeyri-neft sektoru üzrə ölkəyə daha çox gəlir gəlməsini təmin edəcək. Eyni zamanda bu, ölkəmizdə həmin sahələrin istehsalına güclü təkan verməklə yanaşı, yüz minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. İndilikdə Azərbaycan dövləti kənd təsərrüfatının inkişafına müntəzəm olaraq çox böyük vəsait ayırır və investisiyalar yönəldir. Bu da, öz növbəsində, aqrar sahənin inkişafında yeni bir səhifə açır.
Tahir TAĞIYEV